Uşaqlarda onkoloji xəstəliklər artır – Pediatr səbəbləri və çıxış yollarını göstərdi
16:53 / 17.02.2022
1106
Ötən il Azərbaycanda
170 uşaqda onkoloji xəstəlik aşkar olunub. Mütəxəssislər bu xəstəliyin zamanla
arta biləcəyi ehtimalından narahatdır.
Maraqlıdır, uşaqlarda
onkoloji xəstəliklərin artımının səbəbləri nədir? Uşaq leykozu və xərçəngdən ağırlaşma
hallarının qarşısını necə almaq olar?
Məsələ ilə bağlı
Sfera.az-a danışan pediatr Günay Rəsulova bəzi qidaların uşaqlarda xərçəng
yaratma ehtimalının nəzərə alınmasının vacibliyini vurğulayıb.
Ekspert
valideynləri bəzi məqamlarda diqqətli olmağa çağırıb:
"Onkoloji xəstəliklərin
yaranma səbəbləri tam olaraq bəlli deyil, lakin bu xəstəliyə gətirib çıxaran
bir sıra faktorlar var. Uşaqlarda görülən onkoloji xəstəliklərin yaranması
daxili inkişafın anomaliyası ilə bağlı olan şişlərdir. Buraya mərkəzi sinir
sisteminin şişlərini, daxili orqanlara aid şişləri aid etmək olar. Bundan başqa,
sağlam doğulan uşaqlarda da sonradan onkoloji xəstəliklər yarana bilər ki, bu
da qan xəstəlikləri ilə bağlıdır. Böyüklərdə rast gəlinən mədə-bağırsaq xərçəngi
kimi xəstəliklərə isə uşaqlarda rast gəlinmir. Valideynlər uşaqların düzgün həyat
tərzi keçirməsinə, düzgün qidalanmasına fikir verməlidirlər. Xərçəng yaratma
ehtimalı olan qidaları uşaqlar həddən artıq qəbul edirlər, valideynlər də buna
önəm vermir. Kolbasa, sosis, hisə verilmiş qidalar, paketlənmiş, həddən çox şəkərli
məhsulları uşaqlara vermək olmaz. Uşaq immun sisteminin düzgün qorunması,
vaxtında yatmaq uşağı onkoloji xəstəliklərdən qoruyacaq.
Mütəxəssis uşaqlarda
halsızlıq, iştahasızlığın olmasını və digər səbəbələri onkoloji xəstəliklərin səbəbi
kimi göstərib:
"Bəzi ailələrdə isə
genetik faktorlardan asılı olaraq uşaqlarda xərçəng riski yükək olur. Bu
ehtimal olan uşaqlar da illik olaraq müayinə edilməli və risk qrupuna aid edilməlidir.
2020-ci ilin statistikasında 13 yaşadək uşaqlarda 117 nəfərdə, 13 yaşdan 17
yaşadək uşaqlarda isə onkoloji xəstəlik 55 nəfərdə rastlanıb. Bu, ötən illə
böyük fərqə malik olmasa da, istənilən halda biz bu sayın heç olmamasını istərdik.
Valideynlər uşaqlarda bu xəstəliyin ilkin əlamətlərinə fikir verməlidir. Əgər
uşaqlarda halsızlıq, iki həftədən çox davam edən qızdırma və göyərmələr, qarın
ağrısı, baş ağrısı, tərləmə və iştahasızlıq varsa, o zaman mütləq şəkildə həkimə
müraciət etmək lazımdır. Xəstəliyin birinci və ikinci mərhələsində biz
problemin qarşısını rahatlıqla alırıq. Lakin problem üç və dördüncü mərhələyə
keçirsə, bu zaman xəstəliyin aradan qaldırılması çətinləşir”.