Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

Dünya
15:00 / 19.05.2022
1251
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.
Sfera.az bildirir ki, sabiq nazirin 2010-cu ildə "ürək oğrusu Ruby” ləqəbli 17 yaşlı eskort Karime əl Mahruqla pul müqabilində cinsi əlaqədə olmaqda ittiham olunduğu üçüncü dava bu gün baş tutub. "Ruby-3” adlanan prosesdə Berluskoninin ziyafətlərində iştirak edənlərə səssiz qalması üçün pul ödəməsi iddiası araşdırılıb.
Prokuror Tiziana Siciliano Milanda keçirilən məhkəmə iclasında əldə etdikləri nəticələri izah edərək bunları deyib:
"Bizim və ya müdafiə tərəfinin qiymətləndirməsindən asılı olmayaraq, faktlar artıq üzə çıxıb. Fakt budur ki, həmin dövrün baş nazirinin pul müqabilində cariyələri və seks kölələri ilə evində sistemli şəkildə axşam şənlikləri təşkil etmək kimi adəti var idi”.
Prokuror Siciliano, həmçinin şənliklərə bir çox gənc qızın qatıldığını vurğulayaraq, "Əgər siz gözəlsinizsə və sizi qoruyacaq bir ailəniz yoxdursa, hər cür ovçu üçün seçilmiş qurbanlarsınız", - deyə söyləyib. Həmin qadınların Berluskonini əyləndirmək və onunla bir neçə gecə keçirmələri üçün pul aldıqları bildirilib.Prokurorluq qeyd edib ki, bu faktlar əvvəlki işlər nəticəsində müəyyən edilib.
Qeyd edək ki, "Ruby-gate” kimi tanınan qalmaqalla bağlı ilk işdə Berluskoni 2014-cü ildə pul müqabilində azyaşlı ilə cinsi əlaqədə olduğu üçün 7 il həbs cəzasına məhkum edilib. Lakin apellyasiya mərhələsində bu qərar ləğv edilib və sabiq baş nazir, Karime əl Mahruqun 18 yaşından kiçik olduğunu bildiyinə dair heç bir sübut olmadığı üçün bəraət alıb. "Ruby-2” işində Berluskoniyə yaxın olan iki fiqur Emilio Fede və Nikol Minetti 2019-cu ildə "fahişəliyə kömək etməkdə” təqsirli biliniblər. "Ruby-3” işində isə Berluskoni də daxil olmaqla, 29 nəfərə qarşı ittihamlar var. İttiham tərəfi iddia edir ki, müttəhimlər baş verənlərlə bağlı məhkəmə sistemini çaşdırmaq üçün pul ödəyib və ya alıblar.
Xatırladaq ki, Berluskoninin sözügedən şənlikləri mətbuatda "bunga bunga” kimi tanınır. Bu gün 85 yaşı olan Silvio isə villasındakı məclisləri "zərif şam yeməyi” adlandırıb.
Günay Rəsulqızı
Sfera.az