Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?
Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti saat 11:00-a olan məlumata əsasən 455 dolları ötüb. Birjalar açılanda buğdanın dəyərində 5 faizdən çox artım baş verib.

Sfera.az bildirir ki, həftənin ilk günüdə buğdanın qiymətində sıçrayış Hindistan hökumətinin qəbul etdiyi qərarla bağlıdır. "Bloomberg”in məlumatına görə Hindistan ərzaq təhlükəsizliyi riskinə görə buğda ixracını qadağan edib. Dehli rəhbərliyi bu addımı ilə ilin əvvəlindən qlobal bazarlarda artan buğda qiymətlərinə ölkə daxilində nəzarət etməyi hədəflədiyini açıqlayıb.

Hindistan buğdasını əsasən qonşu ölkələrə - Banqladeş, Nepal və Şri-Lankaya ixrac edir.

Çikaqo birjasında qiymət dəyişikliklərinin təhlili göstərir ki, buğdanın dəyərində son bir həftədə nəzərəçarpacaq artım olub. Mayın 9-da bir tonun qiyməti 395 dollar olan buğdanın dəyəri həftə ərzində 60 dollar, yəni 15 faizdən çox artıb.

Son bir həftədə buğdanın yenidən bahalaşmasına ABŞ Kənd Təsərrüfatı Nazirliyinin bədbin hesabatı və Hindistan hökumətinin qərarı kömək edib.
Buğdanın bahalaşmasının Azərbaycana da mənfi təsirləri var. Biz buğdanın qiymətinin artmasının mənfi təsirini ilin əvvəlində gördük. 2022-ci ilin ilk günlərindən "dairəvi çörək” kimi tanınan zavod çörəyinin qiymətinin 50 qəpikdən 60 qəpiyə yüksəlməsi məhz buğdanın bahalaşması ilə bağlı oldu.

Lakin təəssüflər olsun ki, buğdanın qiymətində artım ilin əvvəlindən bəri nəinki dayanmayıb, əksinə bir qədər də güclənib. İlin əvvəlində Çikaqo birjasında buğdanın bir tonunun qiyməti 285 dollar olduğu halda, hazırda 455 dollardır. Ötən 5-6 ay ərzində buğdanın dəyəri 170 dollar, yəni 60 faiz artıb.

Bəs, bu qiymət dəyişikliyi Azərbaycanda çörəyin yenidən bahalaşmasına səbəb ola bilərmi?

Qiymətlərin təhlili göstərir ki, 2022-ci il ərzində buğdanın bahalaşmasına görə əslində çörək də bahalaşıb. Sadəcə olaraq qiymət artımı çörəyin bir ədədində deyil, çəkisində qeydə alınıb. Belə ki, istehsalçılar çörəyin bir ədədinin qiymətini artırmasa da, onun çəkisini azaldıb.

Bunu çörəyin bir kiloqramının qiymətinə dair açıqlanan rəsmi məlumatlar da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvarın sonunda buğda unundan bişirilən çörəyin bir kiloqramının qiyməti 1,12 manat olduğu halda martda 1,16 manat, apreldə 1,17 manat olub. Böyük ehtimalla mayda qiymətlər 1,2 səviyyəsinə çatıb. Bu məlumatlar göstərir ki, son 3-4 ayda çörək 7 faizdən çox bahalaşıb.

Qeyd edək ki, çörəyin qiyməti buğda ununun dəyərindən birbaşa asılıdır. Son aylarda çörək qiymətləri buğda ununun qiymətindəki artım dinamikasına uyğun dəyişib.

İndiki halda Azərbaycanda unun qiymətinin artması sürəti buğda bazarındakı vəziyyətdən asılı olacaq. Yəqin ki, iyun-iyul aylarında qlobal səviyyədə buğda yığmının nəticələri, həmçinin Rusiya-Ukrayna müharibəsinin gedişatı, Qara dəniz limanlarından yükdaşıma imkanlarının vəziyyəti un qiymətlərinin hansı istiqamətdə dəyişəcəyini bəlli edəcək. Əgər sadalanan amillərdən asılı olaraq vəziyyət yaxşılığa doğru dəyişsə, ölkəmizdə un qiymətlərində ciddi artım olmayacaq. Əks təqdirdə isə un qiymətləri daha çox artacaq və nəticədə çörəyin ədəd qiyməti yenidən yüksələcək.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb. Sfera.az bildirir ki, hər il zərər edən AZAL pand...

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidi...

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır. ...

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti...

Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi

2022-ci il aprelin 1-i vəziyyətinə ölkəmizdə muzdla (əmək haqqı ilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz ar...

Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ

Bu yaxınlarda Britaniyanın məşhur supermarket şəbəkələri (Tesco, Morrisons və Waitrose) tədarük çatışmazlığı və böhranın kəskinləşməsi qorxusu səbəbindən yemə...