Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?
Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidir.

Sfera.az xəbər verir ki, ötən il AMB 201,724 milyon manat zərər edib. Zərərin yaranmasında faiz xərcləri (166,46 milyon manat), inzibati və sair əməliyyat xərcləri (79,57 milyon manat), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis zərər (60,3 milyon manat) daha böyük paya sahibdir.

Bəs, nəyə görə AMB-nin zərər etməsini müsbət hal kimi qiymətləndirməliyik?

Bunun səbəbini mərkəzi bankların əsas məqsədində axtarmaq lazımdır.

Mərkəzi bankların məqsədi qiymət sabitliyinin təmin etməkdir. Bu məqsədə çatmaq üçün mərkəzi banklar müxtəlif tədbirlər görür və bu zaman gəlir əldə etməyi hədəfləmirlər. Bu məqsədə uyğun olaraq bütün mərkəzi bankların fəaliyyət istiqamətləri elə qurulub ki, iqtisadi vəziyyət yaxşılaşdıqda onlar gəlir əldə edə bilmir, yaxud zərər edir, iqtisadiyyatda vəziyyət pisləşdikdə isə yüksək gəlirə sahib olurlar.  

Mərkəzi bankların zərəri məhz onların maliyyə bazarlarına müdaxiləsi nəticəsində yaranır. İqtisadiyyatın daha da yaxşı vəziyyətdə olduqda mərkəzi bankın atdığı addımlar onu zərərə uğradır.

Məsələn, AMB pul kütləsini və bank sisteminin likvidliyinin tənzimləməsi məqsədilə məcburi ehtiyat normasını tətbiq edir. Həmin normaya uyğun olaraq kommersiya bankları tərəfindən cəlb olunan depozitlərin bir hisssəsi AMB-də məcburi saxlanılır. Məcburi ehtiyatlar artırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır, məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir.

Bir qayda olaraq iqtisadiyyatda vəziyyət yaxşı olanda məcburi ehtiyat norması azaldılır, vəziyyət pis olduqda artırılır. AMB məcburi ehtiyat normasını artıranda bankların burada saxladığı ehtiyata aşağı faiz ödəyir, banklara kredit verdikdə isə daha yüksək faiz alır və arada yaranan fərq AMB-nin gəlirini artırır.

İqtisadiyyatda vəziyyət yaxşı olduqda isə həm məcburi ehtiyat norması azaldılır, həm də kommersiya banklarına daha az kredit verildiyindən faiz gəlirləri də azalır.

İqtisadi vəziyyətlə AMB-nin gəlir və xərcləri arasındakı əlaqənin olduğunu ilin yekunlarına dair açıqlanan məlumatlar da təsdiqləyir. Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin pozulduğu 2015-ci ilə qədərki və daha sonrakı nəticələrə baxanda görürük ki, iqtisadi vəziyyət pisləşəndə AMB böyük gəlir əldə edib, yaxşılaşdıqda isə gəliri zərər əvəzləyib.

2014-cü ildə makroiqtisadi vəziyyət yaxşı idi, buna görə də AMB 308,7 milyon manat zərər edib. Amma 2015-ci ildə vəziyyət 180 dərəcə dəyişdiyindən AMB-nin 5,526 milyard manat gəlir əldə etdiyini görürük.

2016-cı və 2017-ci ildə də AMB mənfəət əldə edib. Həmin illərdə mənfəət müvafiq olaraq 404 milyon manat və 3,515 milyard manat olub.

2018-ci ildə iqtisadi sabitlik təmin edildiyindən AMB zərərə uğrayıb. Onun zərəri 47,8 milyon manat təşkil edib.

2019-ci ildə isə iqtisadi vəziyyət yaxşı olduğu halda AMB 66 milyon manat gəlirə sahib olub. Bunun səbəbi effektiv faiz dərəcəsi metodu ilə hesablanan faiz gəlirlərinin 26 milyon manatdan çox, yenidən qiymətləndirmə ilə əlaqədar gəlirlərin 35 milyon manatdan çox artması, eyni zamanda faiz xərclərinin 67 milyon manat azalması gəlirlərdə əsas rol oynayıb.

2020-ci ildə isə iqtisadi vəziyyət yenidən pisləşdiyindən AMB 45,5 milyon manat gəlir əldə edib.

Beləliklə, AMB-nin ötən ili böyük zərərlə başa vurması əslində müsbət göstəricidir və o, özündə iqtisadiyyatda vəziyyətin xeyli yaxşılaşmasını əks etdirir.

Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb. Sfera.az bildirir ki, hər il zərər edən AZAL pand...

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidi...

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır. ...

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti...

Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi

2022-ci il aprelin 1-i vəziyyətinə ölkəmizdə muzdla (əmək haqqı ilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz ar...

Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ

Bu yaxınlarda Britaniyanın məşhur supermarket şəbəkələri (Tesco, Morrisons və Waitrose) tədarük çatışmazlığı və böhranın kəskinləşməsi qorxusu səbəbindən yemə...