Yerli turisti xaricə qaçıran QİYMƏTLƏR - 1 həftəlik lüks tətil hansı ölkədə neçəyə başa gəlir?

Yerli turisti xaricə qaçıran QİYMƏTLƏR - 1 həftəlik lüks tətil hansı ölkədə neçəyə başa gəlir?
Yay fəsli yaxınlaşdıqca, istirahət mərkəzləri və otellərin fəaliyyəti müzakirə obyektinə çevrilir. Təbii ki, əksəriyyəti maraqlandıran məsələlər göstərilən xidmətlərin keyfiyyəti və qiymətlərdir.
 
Qonşu Türkiyə, Gürcüstan kimi ölkələrdən fərqli olaraq, Azərbaycandakı otellərin fəaliyyəti tənqid hədəfi olur desək, yanılmarıq. Vətəndaşlar turizm regionlarındakı otellərin xidmət və qiymət səviyyəsindən narazılıq edir. Özəlliklə, 5 ulduzlu otellərin bahalılığından şikayətlər səslənir.

Sfera.az Türkiyə, Gürcüstan və Azərbaycandakı bir neçə 5 ulduzlu oteli əsas alaraq onların təkliflərini və neçəyə başa gəldiklərini müqayisə edib. 
 
Hər ölkədən iki otel nümunəsini təqdim edirik:

Antalya "Hotel SU & Aqualand” adlı 5 ulduzlu otel - Çimərliyə 2 dəqiqəlik məsafədə olan  otel müasir minimalist dizayn və geniş spa təklif edir
 

 
Oteldə açıq hovuz və 5 yemək variantı var. Hər bir qonaq üçün xüsusi yeməklər və pulsuz tualet əşyaları təqdim olunur. Ümumiyyətlə, otelin təqdim etdiyi xidmətlərin sayı kifayət qədərdir – 2 hovuz (1 açıq), spa və sağlamlıq mərkəzi, fitness mərkəzi, otaq xidməti, əlil qonaqlar üçün imkanlar, sahil barı, səhər yeməyi və s. 

Əsas maraqlı məqam isə təbii ki, qiymətlərlə bağlıdır. Otelin 1 həftəlik qiyməti  vergilər və rüsumlar daxil olmaqla, 2 nəfər üçün 1 040 manat təşkil edir.  Bu rəqəm təklif edilən digər özəlliklərə görə də dəyişə bilir. Məsələn, səhər yeməyi ilə yanaşı, axşam yeməyi də olduğu halda, qiymət 1 495 manat olacaq. Eləcə də 3 nəfər üçün səhər yeməyi daxil məbləğ 1 560 manata qədər yüksəlir.

Bodrum – "Radisson Collection Hotel” adlı 5 ulduzlu otel - Çimərliyə 150 metr məsafədə yerləşən otel bar, bağ və özəl çimərlik sahəsi kimi müxtəlif imkanlar təklif edir.
 
 
 
Oteldə restoran, mövsümi açıq hovuz, qapalı hovuz və fitness mərkəzi var. Məkan, həmçinin otaq xidməti və valyuta mübadiləsi də təklif edir. Burada bufet səhər yeməyindən də istifadə mümkündür. Ən məşhur özəllikləri 2 hovuz, bütün otaqlarda çay/qəhvə dəmləyən alət, bar, səhər yeməyi, özəl çimərlik sahəsi və s.-dir  İndi isə qiymətlər: Otelin 1 həftəlik qiyməti  vergilər və rüsumlar daxil olmaqla, 2 nəfər üçün 1 540  manat təşkil edir.  Bu rəqəm təklif edilən digər özəlliklərə görə də dəyişə bilir. Məsələn, 3 nəfər üçün səhər yeməyi daxil məbləğ 2 783 manatdır.

Türkiyədən fərqli olaraq, qonşu Gürcüstanda qiymətlər daha ucuzdur.

Batumi – "Heaven's Palace” adlı 5 ulduzlu otel
 
 
 
Batumi çimərliyindən 150 metr məsafədə yerləşən otel balkon və pulsuz "WiFi” ilə kondisionerli yaşayış yeri təklif edir. Hər bir bölmədə tam təchiz olunmuş mətbəx, düz ekran TV, divan çarpayısı olan qonaq otağı, şəxsi vanna otağı və paltaryuyan maşın var. Məşhur özəllikləri - 1 hovuz,  pulsuz Wi-Fi , pulsuz parkinq, ailə otaqları və s.  Oteldə 1 həftə qalmaq 2 nəfər üçün 811 manata başa gəlir. Bu rəqəm 4 nəfər üçün olanda isə 1 351 manata yüksəlir.

Tiflis – "Hotel Ethnograph old Tbilisi” adlı otel
 
 

Tbilisinin mərkəzində yerləşən otel otaqlar, pulsuz şəxsi parkinq və otaq xidməti təklif edir. Barı olan otel bir çox məşhur attraksionların yaxınlığında, Azadlıq Meydanından təxminən 600 metr, Rustaveli Teatrından 1,1 km və Tbilisi Opera və Balet Teatrından 1,3 km məsafədə yerləşir. Qonaqlar 24 saat işləyən resepsiyondan, tur masasından və valyuta dəyişmə xidmətindən istifadə edə bilərlər. Oteldəki bölmələr peyk kanalları olan düz ekran TV ilə təchiz edilib. Otaqlarda xüsusi vanna otağı, tərlik və yataq dəsti var. "Hotel Ethnograph old Tbilisi”də kontinental və ya bufet səhər yeməyi verilir. Əsas özəllikləri – hava limanına servis, əlil qonaqlar üçün imkanlar, otaq xidməti, pulsuz parkinq, bar, səhər yeməyi və s.  Vergilər və rüsumlar daxil olmaqla, 2 nəfər üçün 1 həftəlik qiymət isə 599 manatdır.

İndi isə sıra Azərbaycanda yerləşən 5 ulduzlu otellərə gəldi:

Bakı – "Vip Apartment On France Embassy” adlı otel 
 
 
Qız Qalasından təxminən 1 km məsafədə yerləşən, şəhər mənzərəli otel restoran, bar və ortaq istirahət otağı təklif edir. Burada hər gün halal səhər yeməyi verilir. Əsas özəllikləri - hava limanına servis (pulsuz), spa və sağlamlıq mərkəzi, fitnes mərkəzi, otaq xidməti, pulsuz parkinq. Otelin 1 həftəlik qiyməti  1 nəfər üçün səhər yeməyi də daxil olmaqla, 2 800 manat təşkil edir.

Lənkəran – "Lankaran Springs Wellness Resort” adlı otel 
 
 
Burada bar, bağ, spa və sağlamlıq mərkəzi, terras var. Təklif edilənlər sırasına  restoran, otaq xidməti, uşaq klubu və pulsuz WiFi daxildir. Oteldə qapalı hovuz, fitness mərkəzi, karaoke də mövcuddur. Əsas özəllikləri – 1 hovuz, bar, səhər yeməyi.  Otelin 1 həftəlik qiyməti  vergilər və rüsumlar daxil olmaqla, 2 nəfər üçün 1 125 manat təşkil edir. Bu rəqəm təklif edilən digər özəlliklərə görə də dəyişə bilir. Məsələn, səhər yeməyi ilə yanaşı, axşam yeməyi də olduğu halda, 1 nəfər üçün qiymət 1 055 manatdır.
 
Qeyd edək ki, bu qiymətlər 18-25 aprel tarixləri üçün hesablanıb. Tətil mövsümündə qiymətlərin daha da yüksələcəyi təxmin edilir.

Göründüyü kimi, Türkiyə otelləri daha çox xidmət, gözəl mənzərə, dəniz və hovuz keyfi təklif etsə də, qiymətlər bu xidmətlərə görə uyğundur. Gürcüstanda təkliflər Türkiyədəki qədər geniş olmasa da, qiymət fərqi  bunu tarazlayır. Azərbaycanda isə xidmətlər qardaş ölkə ilə yarışa bilmədiyi halda, qiymətlər yerli turisti xarici ölkəyə üz tutmağa vadar edəcək səviyyədədir. Xarici turistlərin isə bu qiymət və təkliflərlə qonşu ölkələri qoyub bizi seçmələri çətin görünür. 
 
Qeyd edək ki, bu vəziyyət sadəcə yuxarıda adı çəkilən, nümunə olaraq təqdim etdiyimiz otellərlə bağlı deyil. Bu ölkələrdəki hər hansı 5 ulduzlu otelin müqayisəsi təxminən eyni nəticəni verəcək. 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, bir çox 5 ulduzlu otel müxtəlif beynəlxalq şəbəkələrin bir hissəsidirlər: 

"Bəziləri həmin şəbəkələrə məxsusdurlar, bəziləri də şirkətlər tərəfindən idarə olunurlar.  Məsələn, bizim ölkədə bir çox 5 ulduzlu otel hansısa beynəlxalq şəbəkəyə aiddirlər. Ona görə onların qiymətləri ölkələr üzrə o qədər də dəyişmir.  Hər bir ölkənin əsas sosial, iqtisadi göstəriciləri nəzərə alınaraq, təbii ki, brendlər qiymətlərini dəyişkən müəyyən edə bilirlər. Başa düşürük ki, bu qiymətlər yalnız otellərdə formalaşmır – oteldən bu təşəbbüs çıxır və ya hansısa şəbəkənin otelidirsə, onun baş ofisində həmin qiymətlər mövsimi xarakter daşıya bilər və s.  O ki qaldı, təklif olunan xidmət çeşidlərinin daha geniş olmasına, dediyim kimi,  5 ulduzluların  bir çoxu zəncirlərə və şəbəkələrə bağlı olan  otellər olduğu üçün onların da qlobal siyasətində əks olunmuş bir sıra əlavə xidmətlər qeyd olunur. Yəni bu istiqamətdə çətin ki, fərq olsun. Lakin beynəlxalq şəbəkələrə aid olmayan 5 ulduzlu otellər də var. Bu gün Azərbaycanda ulduz kateqoriyasının verilmə prosesi hələ ki ləng gedir”.
 
Müsahibimiz deyib ki, hazırda qanunla təsnif olunmayan otellərə qarşı sanksiyalar nəzərdə tutulub və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş maddələrlə müxtəlif cərimələr qeyd olunub:

"Bu o deməkdir ki, otellər təsnif olunmalı, kateqoriya almalıdırlar. Açılan otelə 6 ay müddət verilir ki, o, işlərini qaydasına salandan sonra ulduz kateqoriyasını almaq üçün müraciət etsin. Bu baxımdan hazırda 5 ulduz kateqoriyası daşıyan otellərin bəziləri o kateqoriyaya uyğun deyillər. Digər tərəfdən beynəlxalq aqreqatorlarda otellər özlərinə heç də dövlət tərəfindən verilməmiş ulduzları göstərə bilirlər. Bu problemi bir çox ölkələr yaşasa da, həll yolu da var. Dövlət bu kimi aqreqatorların rəhbərliyi ilə əlaqə saxlayıb onlara müraciət edərək sadəcə bir qaydanın tətbiq olunmasını xahiş edə bilər ki, ulduz kateqoriyasının göstərilməsi yalnız dövlətin verdiyi sənədin surətinin təqdim olunması ilə həll edilsin. Əks halda, hansısa satış kanalında yanlış göstərilən ulduz kateqoriyası turistlərin gözləntilərini qarşılamır, təbii ki, bu da nəticədə onların hüquqların pozulmasına gətirib çıxarır. Ümumiyyətlə, təkcə 5 ulduzlu otellərə deyil, kateqoriyalaşma məsələsinə ciddi yanaşmaq lazımdır. Bu proses yalnız bir qurum tərəfindən həyata keçirilə bilməz – alternativləri olmalıdır, digər qurumlarda bu işdə iştirak edə bilərlər”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb. Sfera.az bildirir ki, hər il zərər edən AZAL pand...

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidi...

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır. ...

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti...

Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi

2022-ci il aprelin 1-i vəziyyətinə ölkəmizdə muzdla (əmək haqqı ilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz ar...

Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ

Bu yaxınlarda Britaniyanın məşhur supermarket şəbəkələri (Tesco, Morrisons və Waitrose) tədarük çatışmazlığı və böhranın kəskinləşməsi qorxusu səbəbindən yemə...