Ucuz satılan qeyri-mövsümi MEYVƏLƏR - İnsan orqanizmi üçün real TƏHLÜKƏ mənbəyidir

Ucuz satılan qeyri-mövsümi MEYVƏLƏR - İnsan orqanizmi üçün real TƏHLÜKƏ mənbəyidir
Hazırda alça, çiyələk kimi qeyri-mövsümi meyvələrin satıldığının şahidi oluruq.
 
Çiyələyin əksər yerdə daha ucuz qiymətə tədim olunması bu meyvəyə daha çox maraq oyadır. Maraqlıdır, indiki vaxtda bu cür meyvələrin alınıb istehlak edilməsi nə dərəcədə uyğundur?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov mövsümi olmayan meyvələrin satılmasının ciddi problemlərə yol açacağını bildirib:
 
"Hər il alça, çiyələk kimi meyvələrin mövsümündən qabaq satışının şahidi oluruq. Bu, xoşagəlməz haldır. Belə ki, vaxtından əvvəl yetişən meyvə və tərəvəzlərin hibrid olma ehtimalı daha yüksəkdir. Həmin meyvələrin yetişdirilməsi üçün onlara vurulan zərərli maddələr insanın bədənində toksin şəklində yığılır və bunun müalicəsi də ağır olur. Ona görə də mütəxəssis olaraq biz çağırış edirik ki, insanlar mövsümündən tez yetişən çiyələyi, alçanı, qarpızı və s. istehlak etməsinlər. Vaxtından əvvəl yetişən meyvə-tərəvəzin geni dəyişdirilir, onlar müxtəlif petsitlərlə ərsəyə gətirilir ki bu da kimyəvi toksin şəklində insan orqanizminə yığılır”.
 
Ekspert meyvənin yetişməmiş halda yeyilməsinin də zərərli olduğunu deyib:
 
"Bəzən orqanik olsa belə alçanı kal şəkildə satırlar və imkan vermirlər ki, alça tam yetişsin. Onlar məsələnin iqtisadi tərəfini düşünüb qazanc əldə etmək istəyirlər. Lakin vaxtından əvvəl ağacdan dərilib satılan meyvə də xəstəlikdir, qızdırma deməkdir. Təəssüf olsun ki, bazara nəzarət sıfırdır və bu cür meyvələrin satışına mane olmurlar. İnsanlar təbiətlə zarafat edir desək, yanılmarıq”.
 
Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR