Rusiyada işləyənlər Azərbaycanda pensiya ala biləcək – Yeni müqavilənin üstünlükləri açıqlandı

Rusiyada işləyənlər Azərbaycanda pensiya ala biləcək – Yeni müqavilənin üstünlükləri açıqlandı
"Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

Müqavilə Rusiyada əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının işlədikləri müddətdə qazanmış olduqları pensiya və sosial sığorta üzrə hüquqlarının tanınması və qorunmasına imkan verəcək.

Eyni ilə Azərbaycanda əmək miqrantları kimi fəaliyyət göstərən Rusiya vətəndaşlarının da oxşar hüquqları olacaq. Sənəd eyni zamanda Rusiyada yaşayan həmyerlilərimizin şimal qonşumuzda yaşadığı zaman qazandığı sığorta stajının da tanınmasına şərait yaradacaq”.
 
Sfera.az bildirir ki, bu açıqlamanı millət vəkili Vüqar Bayramov yeni müqaviləni şərh edən zaman verib. Millət vəkili imzalanan müqavilənin üstünlüklərini bir nümunə vasitəsilə sadə şəkildə izah edib:

"Təsəvvür edək ki, Rusiyada yaşayan bir həmyerlimiz həmin ölkədə çalışaraq sığorta ödənişi həyata keçirib və 25 illik sığorta stajı var. Daha sonra o, Azərbaycana dönməklə bağlı qərar verir. Bu zaman o, Azərbaycanda pensiya yaşı tamam olanda Rusiyada qazandığı staj ilə pensiyaya çıxmaq hüququ əldə edəcək. Yəni onun Rusiyada ödədiyi sığorta ödənişləri və qazandığı staj Azərbaycanda pensiyaya çıxmaq üçün yetərli olacaq.

Yaxud Rusiyada qısa müddət, məsələn, 5 il çalışıb, daha sonra ölkəyə qayıdıb, Azərbaycanda işləyən həmyerlimizin də pensiyaya çıxan zaman şimal qonşumuzda qazandığı sığorta stajı ümumi stajına əlavə olunacaq.

Bu baxımdan, Rusiyada yaşayan və əmək miqrantları kimi çalışan həmyerlilərimiz ölkəmizə geri dönən zaman orada işlədiklərini təsdiq edən sənədləri də özlərində saxlaması vacibdir. Təbii ki, elektron sistemlərin inteqrasiyası nəticəsində virtual məlumat mübadiləsi baş verəcək. Amma bütün hallarda bu tip sənədlərin qorunması arzuolunandır”.

V.Bayramov hesab edir ki, bütövlükdə, bu sənəd Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, şimal qonşumuzun vətəndaşının ölkəmizdə qazandığı sığorta stajının Rusiyada qəbul edilməsinə imkan verəcək.
 
 
Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR