Serial qatillərin "ibadətgah"ı - Bulaqlarından qan axan əsrarəngiz otellə bağlı MƏLUMATLAR

Serial qatillərin
ABŞ-ın Los-Anceles şəhərində açılan "Cecil Hotel"i bir çox səbəbi açıqlanmayan fövqəltəbii hadisələrə və bu günə qədər sirri açılmayan  ölümlərə ev sahibliyi edib. 

"Burada qalan insanların başına nə gəlib, nə üçün bu hadisələr olub?" suallarına heç bir məntiqi cavab tapılmayıb. 1927-ci ildə istifadəyə verilən otel baş verən bütün müəmmalı hadisələrə baxmayaraq uzun illər xidmətini davam etdirib.

Sənədli filmlərə mövzu olan bu otelin sirri nədir?

Sfera.az otel barədə maraqlı informasiyanı təqdim edir:

Açıldığı ilk illərdə "Cecil Hotel" çoxlu iş adamlarının qaldığı və çoxsaylı tədbirlərin keçirildiyi yer idi. Lakin zaman keçdikcə otelə gələn qonaqların intihar etdiyi və ya müəmmalı şəkildə ölü tapıldığı müəyyən olunub. İllər keçdikcə oteldə intiharların və qətllərin sayı artıb. 

Xüsusilə, ABŞ-ın "Böyük Böhran” dövründə olduğu 1940-cı illərdə artan iqtisadi problemlər özü ilə bir çox problemləri də gətirdi. O illərdə ətrafda artan cinayət hadisələri səbəbindən otelin müştəri portfeli tamamilə dəyişir. Həmin illərdə Cen Pörsel adlı qadının oteldə uşaq dünyaya gətirdiyi və körpəsini otelin pəncərəsindən atdığı ortaya çıxır. Hadisəni araşdıran detektivlər qadının psixi sağlamlığının pozulduğunu bildirirlər. Bu hadisədən cəmi 3 il sonra, 1947-ci ildə otelə çox yaxın bir parkda aktrisa Elizabet Şortun parçalanmış halda cəsədi tapılır. Gənc aktrisanın ölməzdən bir neçə dəqiqə əvvəl otelin barında olduğu bildirilir.

Zaman keçdikcə "Cecil Hotel"ində qətl və intihar halları artıb. 1960-cı illərdə buranı "İntihar oteli" adlandırmağa başlayırlar. 

Otelin tarixindəki ən qəribə hadisələrdən biri 1980-ci illərin sonlarında baş verib. Törətdiyi qətllərə görə bütün dünyada pis şöhrət sahibi olan  serial qatil Riçard Raminez də "Cecil Hotel"ində qalıb. Onun öldürdüyü 13 qadının da otellə əlaqəsi olduğu deyilir. Riçard heç kəsdə şübhə doğurmadan hər törətdiyi cinayətdən sonra otelin 1 402 nömrəli otağında yaşamağa davam edib. Şeytanpərəst olduğunu iddia edən Raminez həbs olunduqdan sonra edam cəzasına məhkum edilib.

90-cı illərdə "Cecil Hotel"inin sahibi dəyişib. Otel 26 milyon dollara satılıb. Ancaq otelin qaranlıq keçmişi onu izləməkdə davam edib.  

Raminezdən bir neçə il sonra Los-Ancelesə Cek Unterveqer adlı jurnalist gəlib, onun məqsədi Los-Ancelesdəki qətllərin pərdəarxasını araşdırmaq olub. Sözügedən şəxs bölgədə baş verənləri daha yaxşı başa düşmək üçün "Cecil Hotel"ində, 1402 nömrəli otaqda qalmağa üstünlük verib. Lakin çox keçmədən bir neçə qadın qətliamı baş verib. Qısa müddətdən sonra qətlləri kimin törətdiyi məlum olub -  "jurnalist" Cek Unterveqer.  

O, Avropada birdən çox qadını qətlə yetirmiş, üstəlik, 1974-cü ildə məhkum edilmişdi. Lakin həmin illərdə həbsxanada yazdığı kitablar, ssenarilər mükafatlandırıldığına görə bəraət qazanıb. Riçard Ramirezin reputasiyasını eşidən kimi Cek də plan qurmağa başlayıb. Arzusunun Riçard kimi dünyaca məşhur serial qatil olmaq olduğunu deyən Unterveqer, tutularaq ömürlük həbs cəzasına məhkum edildikdən cəmi 6 saat sonra özünü asaraq intihar edib.
 
Hadisələrin tam mərkəzində "Cecil Hotel"inin olması getdikcə onun dəyərini itirməsi ilə nəticələnib. 

Otelin tarixindəki ən kritik hadisələrdən biri elə də uzaq olmayan bir tarixdə -  2013-cü ildə baş verib. 21 yaşlı turist Elisa Lam Los-Ancelesə ziyarətə gəlib, yolda rastlaşdığı birinin məsləhəti ilə "Cecil Hotel"də qalmağa qərar verib. Elisa Lam əvvəllər heç vaxt Los-Ancelesdə olmamışdı. Oteldəki qaranlıq atmosferdən narahat olan Lam büdcəsi məhdud olduğu üçün burada qalmağa razılaşsa da, qaldığı günlərdə ətrafdakı insanların hərəkətləri onu narahat edirdi. Bir gecə qəfil yoxa çıxan Lamdan xəbər alına bilmir. Onun oteldən çıxdığını görən yox idi.  Hadisəni araşdıran detektivlər Elisa Lamın otelin içərisində olduğuna əmin olduqdan sonra bütün oteldə axtarış aparırlar. Elisanın itməsindən 20 gün sonra oteldə qalan qonaqlar suyun rənginin fərqli olmasından şikayətlənir. Səlahiyyətlilər otelin su çənini yoxlamaq qərarına gəlirlər və burada Elisa Lamın cansız bədənini tapırlar. Çoxsaylı sorğu-suallara və araşdırmalara baxmayaraq, əməliyyatçılar bu qətli kimin törətdiyini tapa bilməyiblər. Deyilənə görə, bu, qətl deyil, qəza olub. Ancaq buna heç kim inanmayıb və Elisa Lamın ölümü cavabsız qalıb. 

Bu hadisədən iki il sonra, 2015-ci ildə oteldə daha bir qətl hadisəsi baş verib. Bundan sonra otelin adı dəyişilib. Son 7 ildir ki, adı dəyişdirilən otel hərhansı qorxunc olayla gündəmə gəlməyib. Lakin deyilənə görə, otelin qaranlıq keçmişindən xəbərdar olanların hələ də o ərazidən keçərkən tükü ürpərir.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR