Ukrayna "İskəndər" raketlərini buna görə vura bilmirmiş: Rusiyanın gizli silahı mütəxəssisləri də şoka saldı - FOTOLAR

Ukrayna
ABŞ-dan Rusiya ilə bağlı daha bir iddia gəlib.
 
Sfera.az bildirir ki, Amerika kəşfiyyat rəsmiləri Rusiyanın Ukraynaya atdığı ballistik raketlərdə gizli sursatın olduğunu açıqlayıb. Adı açıqlanmayan bir kəşfiyyat rəsmisinin sözlərinə görə, gizli sursatların hər biri təxminən 30 sm uzunluğunda, dart şəklindədir və narıncı quyruğu olan ağ forma malikdir.

"The New York Times” qəzetindəki iddiaya görə, sirli sursatlar Rusiyanın sərhəddən atdığı "İskəndər-M” qısa mənzilli ballistik raketlərinə bağlıdır və  hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alındığını aşkar etdikdə işə başlayır. Hər bir döyüş sursatı düşmən radarlarını aldatmaq üçün siqnallar yaradan və raketlərə təsir etmək üçün qızdıran elektron mexanizmə malikdir. Rusiyanın indiyədək kəşf edilməmiş bu kiçik texnikası  Ukrayna hava hücumundan müdafiə sistemlərinin "İsgəndər” raketlərini tutmaqda niyə belə çətinlik çəkdiyini izah edib. Dart şəkilli sursatın fotoları iki həftə əvvəl sosial şəbəkələrdə yayılmağa başlayıb. Hətta müharibə ekspertləri və kəşfiyyat analitikləri əvvəlcə sursatın ölçüsünə və formasına əsaslanaraq kaset silahlarından gələn bomba olduğunu düşünsələr də, həqiqət hər kəsi təəccübləndirib.

Britaniya ordusunda 22 il partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə zabit işləyən, daha sonra 10 il İraqın cənubunda, Afrikada və başqa yerlərdə mülki bomba texniki kimi xidmət edən Riçard Stivens, "Çin və Rusiyanın çoxsaylı hücumlarının şahidi oldum, lakin belə bir döyüş sursatı görməmişdim”, - deyə söyləyib.

Kəşfiyyat rəsmiləri sözügedən cihazların Soyuq Müharibə tələlərinə bənzədiyini bildirib. Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun professoru Ceffrey Levis, sözügedən sursatın Qərbin əlinə düşdüyünə diqqət çəkərək, Rusiyanın bu mövzuda səhlənkarlığına diqqət çəkib: 

"Rusiya NATO-nun İsgəndərin əks-tədbirlərini məğlub etmək üçün çalışacağını bilir. Bu müharibə deyəsən, Moskvanın gizli tələsini ifşa edəcək qədər əhəmiyyətlidir. Açığı, NATO-nun silah-sursatları ələ keçirib yoxlaması onların vecinə deyil”.

Qeyd edək ki, ABŞ hökumətinin sənədlərinə əsasən, bərk yanacaqlı raket mühərriki ilə işləyən "İsgəndər” raketləri 320 km-dən çox uzaqdakı hədəfləri vura bilir. "İsgəndər” raketləri kaset sursatları, yüksək partlayıcı parçalanma döyüş başlıqları, bunker-pirsinq də daxil olmaqla, bir çox fərqli şərti döyüş başlığına malikdir. Raketlər, həmçinin nüvə başlıqlarını daşımaq qabiliyyətinə malikdir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR