Rusiyaya qoyulan neft sanksiyası Azərbaycana necə təsir edəcək? - PROQNOZ

16:16 / 18.04.2022
1604
Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketində Moskvadan neft almağı məhdudlaşdıran müddəlar da var. Bu barədə Ukrayna Prezident ofisi məlumat yayıb.
Maraqlıdır, bununla Azərbaycan neftinin ixracında və satış bazarında dəyişiklər ola bilər? Neftlə bağlı sanksiyalar ölkəmizə hansı formada təsirini göstərəcək?
Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli Rusiyaya sanksiyalar paketində neftlə bağlı məhdudiyyətlərin tətbiqinin neftin qiymətinin artmasına gətirib çıxaracağını bildirib:
"Qazaxıstan neftinin Azərbaycan üzrərindən ixracında artım var və gələcəkdə bu, daha da artacaq. Gələcəkdə Rusiya neftindən imtina qiymətlərə də təsir edəcək. Belə ki, biz neftin qiymətində artımların olmasına şahidlik edəcəyik. Neftin bahalaşması isə Azərbaycanın xeyrinədir.
Novorsisk limanından əvvəllər 85-90 faiz Qazaxıstan nefti satılırdı. İndi isə Bakı-Tbilisi-Ceyhan kəməri üzərindən satış etmək mümkündür. Bizim boru kəmərimiz təqribən 50-60 faiz güclə işləyir. Bu səbəblə həmin göstəricini 90-95 faizə artırmaq olar. İndi təqribən 500-600 min barel civarında neft ixrac edilir. Qazaxıstan neftinin artım payı Azərbaycanın tranzit gəlirlərini artacaq”.
Ekspert neftin qiymətinin artmasının Azərbaycana xeyir edəcəyini deyib:
"Azərbaycan neft-qaz gəlirlərindən, xüsusilə də neft gəlirlərindən asılıdır. Neftin qiymətinin artması valyuta gəlirlərini artırır. Eyni zamanda makroiqtisadi göstəricilər və ÜDM göstəriciləri yaxşılaşır. Bu baxımdan neft qiymətinin artmasının Azərbaycan üçün yalnız faydası olacaq”.
Əzizə Zeynal
Sfera.az