Rusiyanın dərdi bu dövlətlərlədir – “Əlindən gələni edir ki, Bakı və İrəvan…”

Rusiyanın dərdi bu dövlətlərlədir – “Əlindən gələni edir ki, Bakı və İrəvan…”
"Nikol Paşinyanın Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin "Qarabağın təhlükəsizliyi” ilə bağlı səsləndirdiyi fikirlər Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olmadığını, bölgəni öz asılılığında saxlamaq üçün ənənəvi oyunlarını davam etdirəcəyini bir daha sübuta yetirdi”.

Sfera.az xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli bildirib. Ekspert Azərbaycan xalqının mütləq əksəriyyətinin Rusiyaya güvənməməkdə haqlı olduğunu deyib: 

"Rusiya "münaqişə” barmağını Ermənistan-Azərbaycan münasibətlərindən çəkmək istəmir və əlindən gələni edir ki, rəsmi Bakı ilə İrəvan arasında birbaşa dialoq baş tutmasın, hər iki ölkə Kremlin "vasitəçilik lütfü”ndən asılı vəziyyətdə qalsın. Şübhə etmirəm ki, əgər günlərin birində Azərbaycanla Ermənistan istisnasız olaraq bütün məsələlərdə razılaşsalar, sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan etsələr də, Rusiya razılaşmanı pozmaq üçün mütləq bir təxribat törədəcək. Necə ki, Rusiya 1999-cu ildə Ermənistan parlamentində baş verən gülləbaranı səhnələşdirməklə əldə olunan bütün razılaşmaların "0” nöqtəsinə qaytarılmasına və hətta prosesin geriyə atılmasına nail oldu. Şübhəsiz ki, 1999-cu ildə Ermənistan parlamentində "səhnələşdirilən” terror aksiyasının arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını sübuta yetirmək mümkün deyil. Həmin hadisədən istifadə edib hakimiyyətlərini möhkəmləndirən hərbi cinayətkar xuntanın rəhbərləri və MKİ-DTK tör-töküntüləri, onların bu siyasi terror aksiyasında iştiraklarını sübuta yetirən faktları çoxdan məhv ediblər və klassik erməni ənənəsinə uyğun olaraq saxta dəlillərdən "reallıq” düzəldiblər.Rusiya yenə də öz ampluasındadır və "nə yardan doyur, nə əldən qoyur”. Moskvanın "ədalət” standartları heç bir ölçüyə uyğun gəlmir. Qərbi haqlı olaraq ikili standartlarda günahlandırır, amma öz standartlarının sayı-hesabı bilinmir. Kremlin siyasətinin qeyri-müəyyənlik elementlərinin sayı o qədər çoxdur ki, onların hansı maraqlar və iddialar üzərindən ortaya atıldığını təxmin etmək mümkün deyil”.

Elçin Mirzəbəyli Rusiyanın probleminin neoimperialist xəyallarının sərhədləri çərçivəsində gördüyü xalqlarla və onların qurduqları dövlətlərlə olduğunu vurğulayıb:

"10 noyabr bəyanatından dərhal sonra Rusiya prezidenti beynəlxalq birliyin artıq mövcud olmayan "Dağlıq Qarabağın”, hazırda isə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan torpaqlarımızın Azərbaycan Respublikasının ərazisi kimi tanındığını bəyan edirdi, yəni həqiqəti dilə gətirirdi. Bu yanaşma Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik müqaviləsində də əks olunub və hətta rəsmi Moskva ölkəmizin ərazi bütövlüyünə təhdid yaradan amillərlə bağlı prinsipial mövqe sərgiləyəcəyinə dair öhdəlik götürüb. İndi isə Ermənistan parlamentindəki çıxışında Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini bəyan edən Nikol Paşinyanla "Qarabağın təhlükəsizliyi”ndən danışır. 

Cənab Putin, Azərbaycanın iqtisadi rayonlarının birinin təhlükəsizliyindən sizə və məğlub Ermənistanın baş nazirinə nə var? Sizin hansı sözünüzə inanaq, hansı əməlinizə etimad göstərək? Rusiyanın indiki siyasətinin təməlində qonşularına sülh, təhlükəsizlik, rifah gətirmək niyyəti dayanmır. Siz postsovet məkanındakı müstəqil dövlətləri və bu dövlətlərin xalqlarını dünyanın inkişaf tempindən illərlə geridə buraxdığınız Rusiyadan və rus xalqından daha rəzil duruma salmaqla öz vətəndaşlarınızın gözündə böyük və güclü görünmək istəyirsiniz. Vəssalam! Sizin ABŞ-la, Avropa İttifaqı ilə dərdiniz-filanınız yoxdur, zatən. Əgər olsaydı, bugünədək yürütdüyünüz siyasətlə onlara ziyan verərdiniz”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...