Qalmaqal yaradan qanunun qüvvəyə minməsindən 4 ay keçir, amma... – Nazirlər Kabinetinə müraciət edildi

Qalmaqal yaradan qanunun qüvvəyə minməsindən 4 ay keçir, amma... – Nazirlər Kabinetinə müraciət edildi
1 yanvar 2022-ci il tarixindən etibarən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına başlanılması ilə bağlı qanun qüvvəyə minib.
 
Qanunun qüvvəyə minməsinin artıq 4 ay olduğunu nəzərə alaraq, bu istiqamətdə görülən işlər barədə maraqlandıq.

Mövzu ilə bağlı Sfera.az-a danışan Mərkəzi Gömrük Hospitalının cərrahiyə və orqan transplantasiyasının şöbə rəisi, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi meyitlərdən orqan köçürülməsi ilə bağlı ciddi işlərin getdiyini və Nazirlər Kabinetinə müraciət ünvanlandığını deyib:

"Düzdür, 1 yanvar 2022-ci il tarixindən meyitlərdən orqan transplantasiyası ilə bağlı qərar qüvvəyə minib. Lakin bu, yalnız meyitlərdən orqan tranplantasiyası üçün deyil, "insan və orqan toxumaları transplantasiyası haqqında qanun”un yenilənməsi və təkmiləşdirilməsi səbəbilə də qəbul edilib. Qanun qüvvəyə minsə də, müəyyən prosedurlar istər səhiyyə sistemi tərəfindən, istərsə də hüquqi tərəfdən öz həllini tapmayıb. Bunların içərisində əsas məsələlərdən biri orqan transplantasiyası kordinatorluğunun yaradılmasıdır. Bu kordinatorluq yaradıldıqdan sonra ştatlar qurulmalı və işçilər fəaliyyətə başlamalıdır. Həmin kordinatorlar xüsusi təlim keçmiş şəxslər olmalıdır. 

Bu məsələlər üzrə ciddi şəkildə işlər gedir. Artıq Səhiyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə orqan transplantasiyası kordinatorluğunun yaradılması, ştat cədvəli ilə bağlı müraciətlər olub və təsdiq gözlənilir. Bundan başqa beyin ölümü diaqnozunun qoyulması üçün treninqlər keçirilir. Treninqlərin sonunda orqan transplantasiyası kordinatorları üçün xüsusi təlimlər olur. Bu təlimlərdən sonra isə meyitlərdən orqan transplantasiya işinə başlanılacaq”. 
Həkim insanların öldükdən sonra orqanlarını bağışlamaqla əlaqədar müraciətlər etdiyini, lakin müraciətlərin hazırda qeydə alına bilmədiyini də vurğulayıb:

"2008-ci ildən bu yana 1500-ə yaxın insan üzərində orqan tranplantasiyası  əməliyatı icra etmişik. Bu əməliyyatlar içərisində ən çətin olanı canlı donorlar vasitəsi ilə baş tutandır. Artıq fərdi qaydada tanımadığım şəxslər tərəfindən, eləcə də xəstəlikdən əziyyət çəkən şəxslərin yaxınları tərəfindən öldükdən sonra orqanların köçürülməsi ilə bağlı müraciətlər daxil olur. Lakin orqan transplantasiyası kordinatorluğu hazır olmadığı üçün bu insanların reyestri aparıla bilmir. Öldükdən sonra orqanların bağışlanması üçün yaş, cins, irq və din fərqi yoxdur. Bütün insanlar öz orqanlarını rahatlıqla bağışlaya bilər”.  

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR