“Azərbaycanda pandemiya bitməyib, dördüncü doza vaksinə ehtiyac var” – AÇIQLAMA

“Azərbaycanda pandemiya bitməyib, dördüncü doza vaksinə ehtiyac var” – AÇIQLAMA
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi 50 yaş və bu yaşdan yuxarı vətəndaşlara COVID-19 ilə mübarizə üçün dördüncü doza peyvənd tətbiq ediləcəyini bildirib.

Qeyd edək ki, həssas yaş qurupunda olan insanların koronavirusa qarşı peyvənd olunması məsələsi hələ virusun təzə yayıldığı dövrlərdə də daha aktual idi. Bu səbəblə IV doza vaksinin məhz həssas yaş qrupu insanlar üçün tətbiq edilməsi məsələsi müzakirə olunmaqdadır.
 
Maraqlıdır, Azərbaycanda karantin qaydalarının tamamilə ləğv olunduğu bir dövrdə 50 yaş və daha yüksək yaşda olan şəxslər üçün koronavirusa qarşı IV doza vaksinin tətbiqi məsələsi gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli buster dozanın virusun sonlanacağı zamanadək tətbiq edilməli olduğunu bildirib:
"Tam vaksinasiyadan sonra alınan vaksin dozalarını sayla ifadə etmək elmi cəhətdən doğru deyil. Belə ki, COVID-19 davamsız immunitetli xəstəlikdir. Yəni xəstəlikdən sağaldıqdan sonra orqanizmdə sözügedən virusa yenidən yoluxmamaq üçün yaranan qoruyucu immunitet bir neçə ay sonra itir. Elə bu səbəblə də təkrar vaksin olunmağa ehtiyac yaranır. 

Bu mərhələdə vurulan vaksinə buster, yəni gücləndirici doza deyilir. Buster doza həmin infeksiya təhlükəsi bitənə qədər dövri olaraq tətbiq olunur”.
Mütəxəssis yaşlı şəxslər üçün tətbiq edilə biləcək IV doza barədə isə belə deyib:

"Hazırkı vəziyyətdə yaşlı şəxslər üçün əlavə olaraq buster dozanın tətbiqinə ehtiyac görmürəm”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR