Putin və Paşinyan görüşünün mümkün nəticələri: Sərhəddə yeni gərginlik gözlənilir

Putin və Paşinyan görüşünün mümkün nəticələri: Sərhəddə yeni gərginlik gözlənilir

Xəbər verdiyimiz kimi ötən gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

 

 

Sfera.az bildirir ki, görüşün nəticələri ilə bağlı məlumat verən politoloq Asif Nərimanlı Bakı və İrəvan arasında sərhədlə bağlı fikir ayrılığının olduğunu bildirib:

 

 

 

"Sərhəd məsələsi üzrə Brüssel görüşündə aprel ayının sonuna qədər birgə komissiyanın yaradılması razılığı əldə olunub və bu razılaşma Rusiyanın vasitəçiliyi ilə imzalanan 26 noyabr Soçi bəyanatındakı "birgə komissiyanın yaradılmasına” əsaslanır: Qərb və Rusiya masasında sərhədlə bağlı fikir ayrılığı yoxdur, lakin Moskva sərhədin delimitasiyası prosesinin onun nəzarəti altında icra edilməsini istəyir; sərhədin delimitasiyasının aparılacağı xəritələrin Rusiya Baş Qərargahında olması da rusların əlini gücləndirən məqamdır.


İndi əsas məsələ Putin-Paşinyan görüşündə "sərhədin müəyyən edilməsi üzrə birgə komissiyanın yaradılmasının sürətləndirilməsi” dedikdə hansı müddətin nəzərdə tutulmasıdır: birgə komissiya aprelin sonuna kimi yaradılacaqmı?


Bakı və İrəvan arasında sərhədlə bağlı fikir ayrılığı var: Ermənistan "güzgü prinsipi”ndən çıxış edir və tələb edir ki, Azərbaycan Ordusu de-fakto bərpa etdiyi sərhəd xəttindən geri çəkilsin, o cümlədən, Paşinyan sonuncu dəfə prosesin SSRİ dağılanda mövcud olan sərhədlər üzrə aparılması iddiasını irəli sürüb. Bakı geri çəkilmir və anklavların, eləcə də otlaq və əkin sahəsi adı ilə Ermənistana "bağışlanan” ərazilərimiz də daxil olduğu xəritələr üzrə delimitasiya edilməsini istəyir”.


 

 

Politoloq sərhəddə yeni gərginliyin yarana biləcəyinə də diqqət çəkib. A. Nərimanlı sülh prosesinin yenidən çətinləşə biləcəyini qeyd edib:


 

"Rusiya bu fikir ayrılığından istifadə edərək, aprelin sonuna qədər birgə komissiyanın yaradılmamasına nail ola bilər. Bunun olmaması Brüssel razılaşmasının – Aİ-nin vasitəçiliyinin "nəticəsizliyi” və Moskvanın "əsas vasitəçi” kimi önə çıxmasına şərait yarada bilər. Bu vəziyyət sərhəddə yeni gərginliyin olacağı gözləntisini də önə çıxarır. Kommunikasiyanın açılmasında da Qərb və Rusiya masasında nəzəri baxımdan ciddi fərq yoxdur, hərçənd, əlaqələrin bərpası, yolların açılmasında Rusiya əsas maraqlı tərəfdir. Xüsusilə Qərblə qarşıdurma fonunda bu, Cənubi Qafqazdakı maraqları baxımından Moskva üçün aktuallaşıb.

Putin və Paşinyan Üçtərəfli İşçi Qrupunun işinin aktivləşdirilməsindən bəhs edirlər, lakin kommunikasiyanın açılması, o cümlədən, sərhədin müəyyən edilməsi üçün əvvəlcə 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası lazımdır. Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən olduğu müddətdə iki ölkə arasında əlaqələrin bərpası, yaxud sərhədin müəyyən edilməsi mümkünsüzdür.


İstisna deyil ki, Paşinyanla görüş haqqında Putinin Əliyevlə telefon söhbəti olsun. Bu vəziyyət sülh prosesini yenidən çətinləşdirir.

 

Mümkündür ki, Bakı erməni qoşunların çıxarılmasını növbəti dəfə də əsas məsələ kimi irəli sürəcək. Lakin Paşinyanın xüsusilə daxili atmosferə görə bu qərarı verməsi çətin görünür. Bu baxımdan, erməni ordusunun qalıqlarının çıxarılmasının alternativ yolları aktuallaşa bilər. Moskva sərhəd və kommunikasiya üzrə irəliləyişin olmasını istəyirsə - mövcud geosiyasi şərtlər bunu tələb edir - bu prosesdə ən azı neytral qalmalıdır. Əks təqdirdə, bölgənin gələcəyi yenidən düyünlənir”.


 

Əzizə Zeynal

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."

Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı danışıb. Nazir müavini b...

Prezidentin Türkiyə səfərində nələr müzakirə ediləcək? - Gündəmdə 3 əsas məsələ var

"Regionda çox ciddi hadisələr baş verdiyi bir vaxtda iki qardaş ölkə liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında siya...

Ermənistandan Azərbaycana ərazi mübadiləsi təklifi: “Bu kəndləri dəyişdirək...”

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar...

Ermənistan 6 bəndlik yeni təkliflə nə etməyə çalışır? - "Azərbaycanın bu maddələri qəbul etməsi..."

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif  göndərib. Bu barədə erməni jurnalistlərlə söhbətində Ermə...