Mərkəzi Bank faizləri yenidən artıracaq? – Yüksək inflyasiyanı gücləndirən amillər

Mərkəzi Bank faizləri yenidən artıracaq? – Yüksək inflyasiyanı gücləndirən amillər
Bu ilin aprelin 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq, AMB-nin İdarə Heyəti uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı həddini müəyyən edəcək.

Sfera.az xatırladır ki, sonuncu dəfə bu ilin martın 18-də faizlərə baxılıb və uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 7,75-ə, faiz dəhlizinin aşağı həddi 6,25-ə, yuxarı həddi 9,25-ə çatdırılıb.

Böyük ehtimalla bu dəfə də AMB-nin İdarə Heyəti faizləri artıracaq. Çünki illik inflyasiya səviyyəsi azalmır, əksinə yüksəlir. Yanvarda 12,5 faiz olan illik inflyasiya fevralda 11,9 faizə ensə də martda yenidən artaraq 12,1 faiz olub.

İllik inflyasiyanın yüksəlməsi dövrü inflyasiyanın da zəifləməsinin qarşısını alır. Yanvarda 12,5 faiz olan dövrü inflyasiya yanvar-fevral və yanvar-mart dövründə 12,2 faizdə sabitləşib.

Mövcud inflyasiya səviyyəsi hədəflənən maksumum həddən, yəni 6 faizdən xeyli yüksək olduğundan faizlərin bir qədər də artırılması zəruridir.

Digər tərəfdən hazırda inflyasiyanı gücləndirən amillər aradan qalxmayıb və ehtimal edilir ki, bu amillərin təsiri hələ ilin ikinci yarısına qədər davam edəcək.
İnflyasiyanı gücləndirən əsas amillər dedikdə birinci növbədə istehsal xərclərinin artması nəzərədə tutulur. Son aylarda neft, təbii qaz, daş kömür kimi mühüm enerji daşıyıcılarının qiyməti çox yüksəkdir. Enerji daşıyıcıları ilə bərabər metalların, ağacdan hazırlanan məmulatların, zəruri kənd təsərrüfatı mallarının, xüsusən də taxılın, pambığın qiymətində yüksəlmə davam edir.

Eyni zamanda logistika çətinlikləri var. İstehsalçılar və topdan alıcılar malların tədarükündə çətinliklə üzləşirlər, bu səbəbdən tranzit xərcləri xeyli artıb.
Sadalanan amillər satışa çıxarılan malların maya dəyərini yüksəldir.

İnflyasiyanı gücləndirən digər amil tələblə bağlıdır. 2020 və 2021-ci illərdə hökumətlər iqtisadiyyatları böhrandan çıxartmaq üçün geniş dəstək verdilər, mərkəzi banklar böyük həcmdə pul emissiya etdi, monetar siyasət xeyli dərəcədə yumşaldıldı. Bu cür siyasət karantin qaydalarının yumşaldılmasından sonra tələbin kəskin artmasına kömək edib. İndi mövcud olan güclü tələb istər-istəməz qiymətlərin daha çox artmasına dəstək verir.

İnflyasiyanı gücləndirən digər amil inflyasiya gözləntisi ilə bağlıdır. Bir qayda olaraq istehsalçılar bahalaşmanın güclənəcəyini gözlədikdə qiymətləri daha çox artırır, ticarətlə məşğul olanlar, ictimai iaşə xidməti göstərənlər isə qiymətləri artırmaqla yanaşı, daha çox ehtiyat yaradırlar.

İnflyasiya gözləntisinin yüksəlməsi ona gətirib çıxarır ki, həm təklif qiymətləri artır, həm də əlavə tələb formalaşır. Hər iki amil qiymətləri bir qədər də yüksəldir.  

Nəhayət, Rusiya-Ukrayna müharibəsinin davam etməsi inflyasiyanı gücləndirən növbəti əsas amillərdən biridir. Bu amil digərlərindən fərqli olaraq qeyri-iqtisadi amil olduğundan onun inkişafını proqnozlaşdırmaq mümkün deyil.

Buna görə də mərkəzi bankların əksəriyyəti, o cümlədən Azərbaycan Mərkəzi Bankı faiz dərəcələrinin artırılması siyasətini davam etdirir.

Azərbaycanda 2021-ci ilin sentyabrından faizlər artırılır. Həmin dövrdə 6,25 olan uçot dərəcəsi artıq 7,75 səviyyəsinə çatıb. Böyük ehtimalla aprelin 29-da AMB-nin İdarə Heyətinin növbəti toplantısında faizlər daha 0,25 bəndi artırılaraq uçot dərəcəsi 8-ə çatdırılacaq.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb. Sfera.az bildirir ki, hər il zərər edən AZAL pand...

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidi...

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır. ...

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti...

Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi

2022-ci il aprelin 1-i vəziyyətinə ölkəmizdə muzdla (əmək haqqı ilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz ar...

Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ

Bu yaxınlarda Britaniyanın məşhur supermarket şəbəkələri (Tesco, Morrisons və Waitrose) tədarük çatışmazlığı və böhranın kəskinləşməsi qorxusu səbəbindən yemə...