Bu bazarlarda qiymətlər “od tutub yanır” - Planlar təxirə salınacaq?

10:35 / 20.04.2022
773
Yaz-yay mövsümü tikinti işlərinin genişləndiyi dövrdür. Bu dövrdə əhali tikinti və təmirlə bağlı nəzərdə tutduğu işləri həyata keçirməyə çalışır.
Lakin bu il inşaat materiallarının qiymətinin xeyli yüksəlməsi əhalinin tikinti və təmirlə bağlı planlarının bir qismini təxirə sala bilər.
Sfera.az bildirir ki, inşaat materialları bazarında ötən ilin ikinci yarısından müşahidə edilən ciddi bahalaşma 2022-ci ildə də davam edib. Daha yüksək qiymət artımları ağac və ondan hazırlanan məmulatlarda müşahidə edilsə də, qiymət artımları tədricən metal, plastik məmulatlara da görünür.
Rəsmi məlumatlara əsasən, inşaat materiallarının qiyməti bu ilin martında fevrala nisbətən 1,5 faiz, ötən ilin martına nisbətən isə 15,2 faiz artıb.
İnşaat materialları arasında ən yüksək qiymət artımı ağac məmulatlarında qeydə alınıb. Ötən ilin mart ayı ilə müqayisədə bu ilin martında kəsilmiş taxtanın bir kub metrinin orta qiyməti 39,3 faiz artaraq 473,4 manata yüksəlib. Son bir ildə kəsilmiş taxta 133,4 manat bahalaşıb.
Ağacdan alınan ağaс-yonqar lövhənin (DSP) dəyəri 57,6 faiz, ağaс-lifli lövhənin dəyəri (dikt) 51 faiz artıb. Martda DSP-nin bir kvadrat metrinin orta qiyməti 5,3 manat artaraq 14,5 manata, diktin dəyəri 5,2 manat artaraq 15,5 manata çatıb.
Ağacdan alınan digər bir inşaat məhsulu olan parket 58,2 faiz bahalaşıb. Parketin orta satış qiyməti 12,8 manat artaraq 35 manat olub.
Ağacdan alınan laminat parketlərdə isə artım nəzərə çarpsa da digərləri ilə müqayisədə yüksək deyil. Belə ki, laminat parketlərin dəyəri 8 faiz və ya 1,2 manat artaraq 16,4 manata çatıb.
Plastikdən hazırlanan inşaat materiallarında da ciddi qiymət artımı var. Polietilen su borusunun qiyməti il ərzində 1,4 manatdan 1,66 manata (18,6 faiz bahalaşma), lambrinin qiyməti 5,4 manatdan 6,3 manata (16,4 faiz bahalaşma), kanalizasiya borusunun qiyməti 1,9 manatdan 2,1 manata (11,1 faiz artım) yüksəlib.
Plastik pəncərinin bir kvadrat metrinin dəyəri isə 10 faizdən çox artaraq 96 manat olub. Ötən il qiymətlər 85 manat səviyyəsində idi.
Müqayisə edilən dövrdə boya və lak qiymətlərində də artım yüksək olub. Onların dəyərində artım 10-12 faiz təşkil edib.
Əsas tikinti materialları olan sement, kərpic, divar alçısı, divar kağızlarında qiymət artımı 10 faizdən az olub. Sementin 50 kq-lıq bir kisəsinin orta qiyməti 8,6 faiz və ya 70 qəpik artaraq 8,6 manata, divar kağızının dəyəri 9,8 faiz, yaxud 1,7 manat artaraq 18,7 manata çatıb. Amma kərpicin dəyəri 5 faiz azalaraq 40 qəpiyə düşüb, alçının bir kiloqramının qiyməti isə 29 qəpik olmaqla sabit qalıb.
Mühüm tikinti materiallarından olan metal kirəmitin (şifer) qiyməti də xeyli yüksəlib. Şiferin 1 kv.metrinin orta dəyəri 2,1 manat və ya 22,6 faizdən çox artaraq 11,65 manata yüksəlib.
Göründüyü kimi, inşaat materiallarının dəyərindəki artım olduqca yüksəkdir. Təcrübə göstərir ki, qiymətlər yüksək templə artdıqda tikinti və təmir işlərinin həcminə mənfi təsir edir.
Vasif
Sfera.az