Şou-biznes əhli yayı harada keçirəcək? - SORĞU

Şou-biznes əhli yayı harada keçirəcək? - SORĞU
Adətən yerli şou-biznes əhli toylardan vaxt tapan kimi qızmar havalarda xarici ölkələrə üz tuturdular. Lakin bu dəfə vəziyyət tamam fərqlidir. 
 
Maraqlıdır, məşhurların bu dəfəki yay planı nədir?

Sfera.az bununla bağlı bir neçə müğənni ilə həmsöhbət olub, fikirlərini öyrənib. Belə ki...

Xalq artisti Cavan Zeynallı saytımıza açıqlamasında hazırda Qusarda istirahət etdiyini bildirib:
 


"2 həftədir ki, öz bağımdayam. Bura rahat, sakit yerdir. Onsuz da bilirsiniz, pandemiyaya görə konsertlər yoxdur. Düzdür, toylar başlayıb, amma mən də toy müğənnisi deyiləm, nadir hallarda toylara gedirəm. Qusarda da havalar istidir. Əgər başqa rayonlara dəvət olsa, bəlkə də gedərəm. Əvvəlcə uzaqlığına-yaxınlığına baxaram. Quba-Qusar bölgəsinə yaxın ərazilərə getmək olar”.

Xanəndə, Xalq artisti Mənsum İbrahimov hələ də iş başında olduğunu deyib:

 

"Karantin qaydaları hələ təzə yumşalıb, işlərimiz davam edir. Hər halda rayonlarda, bağda öz ailəmlə, uşaqlarımla istirahət etməyi fikirləşirəm”.
 
Əməkdar artist Bilal Əliyev isə yayda heç bir yerə getməyəcəyini vurğulayıb: 
 

"Əslində vaksin də vurdurmuşam. İnsanlara da tövsiyə edərdim ki, özlərini qorusunlar. Bilirsiniz ki, vaksin vurduran adamların da yenidən koronavirusa yoluxma ehtimalları var. Ona görə də evimdə oturmuşam. Axşamçağı çıxıb bir az havamı dəyişirəm. Ayda bir dəfə 2-3 gün, imkanım olanda 5 gün atamın-anamın yurdunu ziyarət edirəm, onların məzarlarına baş çəkirəm, bir neçə gün də orada qalıram”.

İfaçı həmçinin insanlara ölkədən kənara çıxmamağı məsləhət görüb:

"İstirahət üçün tələsib xarici ölkələrə üz tutmasınlar. Azərbaycanda gözəl yerlər var, burda da dincələ bilərlər. Məsləhət görərdim ki, ya bölgələrimizdən birində istirahətə yollansınlar, ya da Türkiyəyə üz tutsunlar. Türkiyə bir az inanılan yerdir. Başqa yerləri tövsiyə etməzdim”. 

Xalq artisti, müğənni Gülyanaq Məmmədova hələki yayla bağlı planlarının olmadığını qeyd edib: 



"Pandemiyaya görə çox stress yaşadıq. Bilirsiniz ki, məclisləri də təzə bərpa etdilər. Digər tərəfdən qarşıda bizi nəyin gözlədiyini də bilmirik. Nələr dəyişəcək, nələr gözlənilir və.s. Məsələn, xəbər saytlarından informasiyalar alırıq və deyirik ki, avqustda nəsə edək. Amma avqustda nə olacağını bilmirik axı. 5-10 gün sonra fərqli qərarlar da verilə bilər. İndidən hansısa ölkəyə getmək üçün bilet almaq da doğru olmaz. Düzdür, uşaqlarım da çox istəyir ki, Türkiyəyə qaynanamın yanına gedək. Lakin dediyim kimi pandemiya səbəbindən yollar da bağlana bilər. Bu baxımdan hazırda qərarsızıq”.

İfaçı Xuraman Şuşalı deyib ki, yayla bağlı planlar qurmaq istəsə də, hələ ki işlər çoxdur: 
 


"Ona görə də Bakıdayıq. Getmək üçün hər hansı yer düşünməmişik. Lakin istirahətimiz Azərbaycanın bölgələrində olacaq. Çünki mən bu 4 uşaqla xaricə getmək haqqında fikirləşə bilmirəm. Birincisi, xərcdir. İkincisi, əziyyətdir – tələb olunan sənədlər, COVİD-19 testi vermək və.s kimi şeylər. Ona görə də özümü rahat hiss etmərəm. Ən yaxşısı, Azərbaycanda qalmaqdı – işin oldu Bakıya gəl, olmadı istirahətini et”.

Müğənni Bahar Lətifqızı da iş başında olduğunu deyib:
 


"İl yarımdır onsuz da tətil edirik. İndi istirahət etməyin vaxtı deyil, işləmək zamanıdır.  Digər tərəfdən avqust ayında məhərrəmlik olacaq, yenə toy keçirilməyəcək. Ona görə də hələ ki yay tətilini düşünmürəm”.

İfaçı Abbas Bağırov isə Gəncədə istirahət edəcəyini deyib. O, ailəsi ilə birlikdə həmin bölgəyə üz tutmağı planlaşdırır.
 


Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR