Rusiyada təhsil alan 2 min azərbaycanlı tələbənin aqibəti necə olacaq? - Ekspertdən AÇIQLAMA

Rusiyada təhsil alan 2 min azərbaycanlı tələbənin aqibəti necə olacaq? - Ekspertdən AÇIQLAMA
Ötən gün Avropa Birliyi ölkələri bütün rusiyalı tələbələrin universitet qeydiyyatlarını və tələbə vizalarını ləğv etdi. Rusiyanın Təhsil nazirliyi isə bildirdi ki, həmin tələbələr Rusiya universitetlərinə imtahansız və ödənişsiz qəbul alacaqlar.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, dünya təcrübəsində bir neçə belə hadisə olub:

"1940-cı illərdə Almaniyada yəhudi tələbələrə qarşı da eyni yanaşma tətbiq edilmişdi, və ya iki dövlət arasında münasibətlər pisləşəndə zaman-zaman tarixdə dəfələrlə yaşandığını görmüşük. Şərqi Asiya ölkələrində də bu hallar müşahidə olunub. Lakin bu, yaxşı hal deyil. Çünki təhsil alan tələbələr siyasi proseslərdən kənardadırlar və onlar öz ölkələrinin hər hansı siyasi elitasına təsir göstərmək imkanına malik deyillər. Təbii ki, tələbələrdən həmin siyasi elitaya təsir vasitəsi kimi istifadə etmək təsil almaq  hüququna , o cümlədən insan hüquqlarına zidd addımdır”.

Müsahibimiz qeyd edib ki, tələbələrə qarşı addımlar kəskin olacağı təqdirdə, proses Azərbaycana da mənfi təsir göstərəcək:

"Çünki hazırkı proseslərdə hiss olunur ki, Rusiya özü də müəyyən sanksiyalara gedə bilər. Azərbaycandan Rusiyada təhsil alan tələbələr çox deyil. Hazırda bizdə olan məlumata görə, 2 minə yaxın azərbaycanlı tələbə orada təhsil alır və bu, böyük rəqəm hesab olunmur. Yəni hər hansı təhlükə gözlənilmir. Əgər hər hansı hal baş verərsə, Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, tələbələrin Azərbaycana köçürülməsi mümkündür. Fikrimcə, bu, o qədər də faciəvi durum deyil.  Problem yaranacağı təqdirdə, Azərbaycan öz tələbələrini rahatlıqla yerləşdirə biləcək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR