“Rus sektorunda belə hadisələr yaşanmır” – Psixoloqdan açıqlama
10:49 / 28.01.2022
2437
Bir neçə
gün öncə 165 saylı məktəbdə şagirdlərin dərs rejimini kobud şəkildə pozması və
müəllimin töhmət alması məsələi ilə bağlı müzakirələr davam edir.
Maraqlıdır,
müəllimin töhmət alması şagirdlərə hansısa formada təsir edə bilərmi? Cəzalandırılmalı
olan tərəf kimdir?
Məsələ
ilə bağlı Sfera.az-a danışan psixoloq, "İnsan Mühəndisliyi"
proqramının rəhbəri Rövşən Nəcəfov müəllimə töhmət verilməsinin və şagirdlərin
üzr istəməsinin problemi həll etməyəcəyini deyib:
"Bir
insanın şəxsiyyət kimi formalaşmasında təhsilin rolu çox böyükdür. Ona görə ki,
təhsil insanı cəmiyyətə, gələcəyə hazırlayır, başqalarına da faydalı olmağı öyrədir.
165 saylı məktəbdə baş verənlər böyük təəssüf doğurur. Çünki Azərbaycan təhsili
gənclər üçün stimul yeri, inkişaf modeli olmalıdır. Baş verən hadisə ilə bağlı
müəllimin töhmət alması, yaxud şagirdlərin üzr istəməsi problemi həll etmir. Bu
hadisədən daha böyük hadisələr var, lakin bu məsələ sosial şəbəkələr vasitəsi ilə
aşkara çıxıb yayıldı. Xüsusilə təhsildə cəza tərbiyə üsulu deyil. Biz hansısa sərt
qaydanın kimisə tərbiyə etməli olduğunu düşünürüksə, yanılırıq. Təhsilin ana xətti
maarifləndirmədir. Biz təhsil sistemində insanları şəxsiyyət kimi yetişdirməyə
dəstək verməliyik. Təəssüf ki, bizdə müəllimlə şagird, müəllimlə valideyn
arasında empatiya yoxdur. Ona görə də belə hadisələr yenə baş verəcək. Məktəblərdə
1-3 arası psixoloq fəaliyyət göstərir. Bu gün şagirdlər müəllimlə psixoloq
arasında heç bir fərq görmürlər. Məktəbli
isə heç vaxt müəllim kimi gördüyü şəxsə öz şikayətlərini bildirə bilmir. Buna
görə məktəblilər psixoloqları psixoloq kimi də görməlidir. Bəzən ailədə baş verən
problemlər uşağın məktəbdəki davranışlarına sirayət edir. Müəllim də evdə
yaşanan problemlər səbəbi ilə uşaqlara şiddət təbiq edir. Müəllim və şagird
arasında bir körpü var və bu körpü yanmamalıdır”.
Psixoloq
rus sektorunda müəllim və şagird arasında bu kimi mənzərənin olmadığını deyib:
"Biz
günahkar axtarmamalıyıq, səbəblər axtarmalıyıq. Niyə rus sektorunda, Qərb təhsilində
belə hadisə baş vermir? Qərb təhsilində məcburiyyət yox, sevgi ilə öyrənmək tədris
olunur. Təhsil əzbərçilik və testdən ibarət deyil. Gələcəyimizə sevgini
aşılamalıyıq. Tərbiyə vermək yox, nümunələr göstərməliyik. Övladlarımız məktəbə
sevgi ilə getməli, müəllimlərinə də sevgisini ifadə etməlidirlər. Bu mənzərəni
yaratmaq üçün metodologiyalardan formalaşan sistem olmalıdır. Ona görə ki,
düzgün sistem var maarifləndirmə ilə aparılır.
Buna görə Azərbaycanda da məktəb sistemində psixoloji maarifləndirilmənin
aparılması mütləqdir”.