“Kolya, onunla işin olmasın...” - Brejnev sevimli kürəkənini DİN-nin iclasında təhqir edən generalı niyə bağışladı?
11:56 / 31.01.2022
1222
Birinci ailənin üzvü olduqdan sonra
onun səlahiyyətləri heç bir çərçivəyə sığmayıb. Brejnevin qızı ilə ailə həyatı
quran Yuri Çurbanovun "toxumulmazlıq” statusu sıravi vətəndaşlardan tutmuş
Kreml məmurlarına qədər hamiya məlum olub. Vəzifə pillələrini ildırım sürəti ilə qalxan , general-polkovnik rütbəsində SSRİ Daxili İşlər Nazirliyində nazirin
birinci müavini vəzifəsini tutan baş katibin kürəkəni təkcə işlədiyi nazirlikdə
deyil, digər sahələrdə də söz sahibinə çevrilib.
Sözsüz ki, Çurbanovun ötkəmliyinə
qarşı kiminsə söz deməyə çürəti çatmayıb. Yalnız bir nəfər, Daxili İşlər
Nazirliyində xidmət edən bir zabit nazirliyin kollegiya iclasında "böyük kürəkən”i
olduqca sərt şəkildə tənqid edib.
Kim olub, bu cürətin sahibi?
Brejnevin kürəkənini "yaramaz” adlandıran milis zabiti öz gələcəyini düşünməyibmi?
Sfera.az sovet dövrü ilə bağlı növbəti
yazıda bu hadisənin təfərrüatlarından bəhs edəcək.
Yuri Çurbanov Daxili İşlər
Nazirliyində ikinci şəxs olsa da, onun qeyri-rəsmi səlahəyitləri heç də nazir
Nikolay Şelokovdan az olmayıb. Bu vəzifədə Çurbanovun daha bir "rahatlığı”
ondan ibarət olub ki, Şelokovla Brejnevin arasında olduqca yaxın və ailəvi
dostluq münasibətləri hökm sürüb. Bunula da Çurbanov nazirliyin birinci şəxsi
ilə heç bir problemi və intriqası olmadan vəzifəsini öz istədiyi kimi icra
edib.
Nazirlik daxilində kiminsə yüksək vəzifəyə
təyinatı, kiminsə vəzifədən götürülməsi, nazirliyin büdcə məsələsi, qaranlıq
işləri və digər vacib məsələlər Şelokovla Çurbanovun arasında qarşılıqlı
razılaşma ilə həll olunub. Təbii ki, iki nəfərin arasında həll olunan məsələlər
nazirliyin digər rəhbər işçilərinin zaman-zaman narazılığına səbəb olub, ədalətsiz
qərarlar bu narazılığı daha da dərinləşdirib. Vəzfələrini itirmək qorxusu
nazirliyin digər müavinlərini, baş idarə rəislərini susmağa məcbur edib. Amma
nazirliyin siyasi idarəsini rəisi, general-mayor Aleksey Zazulin "təmkinini”
sona qədər saxlaya bilməyib, onun kollegiyadakı gözlənilməz çıxışı partlayışa səbəb
olub.
Belə ki, 1978-ci ilin noyabrın 22-də
nazirliyin kollegiya iclası keçirilib. Kollegiyada nazir, nazir müavinləri, baş
idarə rəisləri, o cümlədən həmin dövrdə nazir müavini olan (1981-ci ildən
birinci müavin) Yuri Çurbanov da iştirak ediblər. İclasın ilk iki saatı sakit
axarında keçib. Əvvəlcədən müəyyənləşdirilmiş məruzəçilər çıxış ediblər, rəqəmlər
və göstəricilər haqqında iclas iştirakçılarını məlumatlandırıblar, xidmətin
yüksək səviyyədə aparılmasını xüsusi vurğulayıblar.
Bu təriflərin arasında
general-mayor Aleksey Zazulin rəyasət heyətində əyləşən nazir Şelekovdan çıxış
üçün söz istəyib. Şelekov generala söz verib. İnsident də məhz bu şıxışfdan
sonra başlayıb. Tribunaya qalxan Zazulin əvvəlcə özündən əvvəl çıxış edənləri
qeyri-səmimilikdə ittiham edib:
- Məndən əvvəl çıxış edənlərin
ifadə etdikləri statistikaya görə ölkəmizin milis orqanlarında heç bir nöqsan
yoxdur. Və siz bu rəqəmləri alqışlayırsınız. Həqiqətənmi siz milis əməkdaşlarının
tam qüsursuz xidmətinə inanırsınız? Bəlkə nazirlikdəki korrupsiya, rüşvət
halları, bacaqrıqsız kadrların yüksək vəzifələrə təyinatını başqa qurumlar həyat
keçirir? Xeyr. Bu işlərin başında duran Yuri Çurbanovdur. Çünki o özü yaramaz,
qeyri-peşəkar, təsadüfi və səriştəsiz bir generaldır. Buna sizin də şübhəniz
yoxdur, sadəcə, deməyə cürətiniz çatmır...
Çıxışdan sonra müşavirə zalında ölü
bir sükut hökm sürüb. Hətta Nikolay Şelekov o dərəcədə şok vəziyyətə düşüb ki,
ilk dəqiqələr çıxışa reaksiya vermək gücündə olmayıb. Yalnız bir neçə dəqiqədən
sonra kollegiya iclasının yekunlaşdığını bildirərək zalı tərk edib.
Şelekov "tədbir”ini səhərə
saxlamayıb. Elə həmin gün nazirin əmri ilə general Zazulin vəzifəsindən azad
olunub. Amma Zazulin də bu əmri sakitliklə qəbul etməyib.
Səhərisi gün general Mərkəzi Komitəyə
gedib. Brejnevlə görüşmək istəsə də, bu cəhdi baş tutmayıb. O, sözünü baş katibə
çatdırmaq üçün həmin dövrdə SSRİ-nin müdafiə naziri olan Dmirtri Ustinovla
görüşməyə nail olub. General yaxşı bilib ki, bir çox məsələlərdə Brejnev
Ustinovu eşidir. Görüş müsbət nəticə verib. Ustinov Zazulinin yazdığı məktubu
bir neçə gündən sonra baş katibə çatdırıb.
Brejnev məktuba dərhal reaksiya
verib. Generalın işdən çıxarıldığının səkkizinci günü Zazulin Daxili İşlər
Nazirliyinə dəvət olunub və o, öz vəzifəsinə bərpa edilib.
Maraqlıdır, qohumbazlığa xüsusi önəm
verən Brejnev kürəkəninə yaramaz deyən generalı hansı səbədən müdafiə edib?
Qeyd edək ki, Moskva Hüquq
İnstitutunu bitirən Zazuzlin uzun illər jurnalistika sahəsində çalışıb və bu
sahədə yüksək vəzifələr tutub. Brejnev Qazaxstanda birinci katib işləyəndə
Zazuzilin müttəfiq respublikanın Mətbuat Komitəsinin sədri vəzifəsində işləyib.
Elə həmin illərdən də Brejnevlə Zazulin bir-birlərini yaxşı tanıyıblar. 1968-ci
ildə SSRİ Daxili İşlər Nazirliyində siyasi idarə yaradılanda Zazulin Brejnevin
təşəbbüsü ilə bu qurumda xidmətə dəvət olunub və beləliklə, o, SSRİ Daxili İşlər
Nazirliyinin ilk siyasi rəhbəri olub.
Moskva şəhər Partiya Komitəsinin
birinci katibi Viktor Qrişin öz memuarlarında Zazulinlə bağlı Brejnevlə
Şelokovun söhbətini belə xatırlayıb:
"Şelokov baş katibin qəbuluna gələndə
mən Brejnevin kabinetində idim, cari məsələləri müzakirə edirdik. Qəbul otağından
Brejnevə bildirdilər ki daxili işlər naziri gəlib. O, naziri içəri çağırtdırdı.
Mən kabinetidən çıxmaq istəyəndə əli ilə işarə etdi ki, əyləşim. Brejnev söhbəti
uzatmadan dərhal mətləbə keçdi:
- Kolya, (Brejenv çox
vaxt Şelokova belə müraciət edirdi) sən mənim xəbərim olmadan nazirliyin siyasi
idarəsinin rəisini işdən azad edirsən. Nəzərə al ki, o, partiya xətti ilə
nazirlikdə birinci adamdır. Bizim isə bu işdən xəbərimiz yoxdur. Elə bu gün
Zazulini işinə bərpa et və ona bir daha problem yaratma. O, vicdanlı və öz
işini bilən adamdır.
Bu sözlər Şelekovun ürəyincə olmasa
da, nazir "oldu, Leonid İliç” deyərək kabineti tərk etdi...”
İlham Cəmiloğlu
Sfera.az