“Google Maps” Azərbaycanla bağlı məlumatları silir – Səbəb nədir?

“Google Maps” Azərbaycanla bağlı məlumatları silir – Səbəb nədir?
"Bir neçə gündür ki, Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarının "Google” xəritəsindən yığışdırılacağı, yəni "Google”un Bakı üçün ictimai nəqliyyat naviqasiyasının ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb”.
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib.
 
Ekspert məlumatın mənbəyinin xeyli vaxtdır bu işlə könüllü olaraq məşğul olan "Transit for Baku” (TFB) layihəsinin komandası olduğunu deyib:
 
"Onlar bununla bağlı internetdə açıqlama da yayıblar. Bu məsələni bir qədər araşdırdıqdan sonra belə məlum olur ki, illər öncə adı çəkilən könüllülər "Google” şirkətinə müraciət edərək, könüllülük çərçivəsində Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarını təqdim etməyə başlayıblar. Onlar bu xidməti vermək üçün ilkin məlumatları müxtəlif üsullarla əldə ediblər. Əslində çox faydalı bir addım atıblar. İctimai nəqliyyatdan istifadə edənlər üçün adı çəkilən xidmət mühüm əhəmiyyət kəsb edir.
 
İndi məlum olub ki, daha doğrusu, "TFB” komandası açıqlayıb ki, "Google” bu məlumatları xəritədən yığışdıracaq. "TFB” komandası səbəb olaraq göstərib ki, komanda artıq məlumatları BNA-dan əldə edə bilmir. Yəni BNA ictimai nəqliyyat məlumatlarının, marşrut dəyişikliklərinin dərcini gecikdirir. Ədalət naminə demək lazımdır ki, BNA-ya məxsus olan "alo141.az" portalında məlumatlandırma ilə bağlı müəyyən işlər görülüb, bir xeyli ilkin məlumatlar var, lakin bütün bunlar əsasən pərakəndə formadadır.  Yəni bir proqramçının, startapçının əldə edə biləcəyi, yenidən emal üçün faydalı olan açıq məlumat bazası formasında deyil”.
 
Ekspert problemdən çıxış yollarını göstərib:
 
"İlk növbədə BNA tərəfindən pərakəndə, qarmaqarışıq formada, bəzən də BNA-nın hansısa xəbərlərinin içərisində verilən məlumatlar, məsələn marşrutların dəyişikliyi, yeni marşrutlar barədə məlumatlar və s., bir bölmədə, "alo141.az" resursunda açıq məlumat bazası formasında, emal oluna biləcək səviyyədə verilməsi doğru olardı. Belə olarsa, TFB və ya hansısa digər bir startap bu bazadan istifadə edib əlavə dəyərlər yarada bilər. Bir sıra ölkələrdə olduğu kimi, BNA özü bir dövlət qurumu olaraq, elə TFB komandasını da layihəyə cəlb etməklə "Google” resurslarına və ümumiyyətlə digər qlobal xəritə xidmətlərinə məlumatları emal edərək özü təqdim etməlidir”.
 
Əzizə Zeynal
Sfera.az