“Brejnev arağı ona qadağan edən həkimləri içirdirdi...” – Kremlin baş həkimi Çazovun xatirələri
13:00 / 16.02.2022
4941
Siyasi liderlərlə işləmək, istər
istirahət, istərsə də iş zamanı həm öz ölkəsində, həm də xarici səfərlərdə onların
bir addımlığında olmaq sözsüz ki, böyük məsuliyyət və gərgin əmək tələb edir.
Xüsusilə də birincilərin şəxsi həkimi olmaq bu məsuliyyəti daha da artırır.
Yevgeni Çazov da uzun illər bü cür
gərgin şəraitdə işləyib. Uzun illər baş katiblərin, yüksək ranqlı dövlət məmurlarının
sağlamlığına cavabdehlik daşıyan akademik çox hadisələrin şahidinə çevrilib,
Kremldaxili oyunların, qruplaşmaların, siyasi mübarizələrin, vəzifə uğrunda gedən
savaşların ilk izləyicilərindən olub.
Sfera.az sovet dövrü ilə bağlı növbəti
yazıda dünya şöhrətli kardioloq Yevgeni Çazovun xatirələrinə yer ayırıb.
1967-ci ildə Leonid Brejnevin təşəbbüsü
ilə SSRİ Səhiyyə Nazirliyində 4-cü idarə yaradılanda Çazov bu idarəyə rəis təyin
edilib. Bu idarə baş katiblərin, Siyasi Büro üzvlərinin, Mərkəzi Komitə katiblərinin,
digər yüksək vəzifəlilərin, bir sözlə Kreml məmurlarının sağlamlığına
cavabdehlik daşıyıb. Elə idarənin rəisi də qeyri-rəsmi "Kremlin baş həkimi”
adlandırılıb. Çazov eyni zamanda Brejnevin və Andropovun şəxsi həkimi olub.
Yevgeni Çazov Səhiyyə Nazirliyində
idarə rəisi vəzifəsini tutsa da, onun səlahiyyətləri, yuxarılara əlçatanlığı,
bir sıra məsələlərdə həlledici sözə sahib olması ilə səhiyyə nazirindan qat-qat
üstün olub.
Məsələn, hansısa dövlət məmurunun
daha yüksək vəzifəyə təyinat məsələsi müzakirə olunanda Çazovun da rəyi vacib
sayılıb. Həmin şəxsin səhhəti, iş qabiliyyətinin hansı səviyyədə olması
akademikdən soruşulub. Onun cavabı həlledici rol oynayıb.
Çazovun bu vəzifədə çətinliyi ondan
ibarət olub ki, həmin dövrdə Kremldə işləyənlərin əksəri yaşlı və sağlıq
durumunda kifayət qədər problemlər olanlar idi. Brejenv, Podqornı, Kosıgin,
Andropov, Suslov, Kirilenko, Çernenko, Qrişin və adlarını sadalamadığımız digər
birincilərin demək olar ki, hamısının müntəzəm olaraq müayinə və müalicəsi zəruri
sayılıb. Amma onu da qeyd edək ki, Kreml "pasientləri” həkimlərin sözünə çox da
qulaq asmayıblar.
Bu haqda Çazov öz xatirələrində
yazıb:
"Onlar həm sağlam olmaq istəyirdilər,
həm də bizim tövsiyyələri yerinə yetirməkdən boyun qaçırırdılar. 1970-ci illərin
sonlarından Brejnevin səhhətində yaranan problemlər özünü daha qabarıq biruzə
verirdi. Kaprizli baş katib isə həkimlərə qulaq asmaq istəmirdi. Leonid İliçin
səhhəti üçün alkoqol, siqaret, oturaq həyat tərzi olduqca təhlükəli idi. Bunu
ona başa salmaq mümkün deyildi. Baş katibin yaşadığı bağ evində gündəlik olaraq
idarəmizin həkimləri növbədə olurdular.
İstirahət günlərinin birində günorta
vaxtı həkim ona alkoqol qəbulunu qadağan edəndə, bu qadağa Brejnevin heç də
xoşuna gəlməyib. Həkim ona başa salıb ki, dərman qəbulundan sonra spirtli işki
içmək daha böyük fəsadlar törədə bilər. Axşam şam yeməyində Brejnev həmin həkimi
süfrəyə dəvət edib və sual verib:
- Mən
axşam heç bir dərman qəbul etməmişəm ki?
Həkim "yox” cavabını verəndə
Brejnev sözünə davam edib:
- İndi
dur, arağı gətir və süfrəyə qoy.
Bu azmış kimi Brejnev alkoqoldan nadir
hallarda istifadə edən həmin həkimi də içirdib. Brejnevə siqaret çəkmək də
qadağan edilmişdi. Əvvəllər tütün aludəçisi olan baş katibə məhdud sayda
siqaret çəkməyə icazə vermişdik. Hətta onun üçün xarici ölkələrin birində
xüsusi siqaret qabı da düzəltdirmişdik. Belə ki, həmin siqaret qabı yalnız bir
saatdan bir açılırdı. Amma sonralar səhhətindəki problemlər daha da ağırlaşanda
biz ümumiyyətlə tütündən istifadəni qadağan etdik. Bəs, Brejnev nə edirdi? İşə
gedəndə hərdən maşını saxlatdırırdı, sürücüsünə tapşırıq verirdi ki, şüşələri
qaldırsın, sonra mühafizə rəisinə və sürücüsünə əmr verirdi ki, hər ikisi
siqaret yandırıb tüstüsünü maşının salonuna buraxsınlar. Bizim əziz Leonid İliç
belə idi...”
Çazov Brejenvi hər yerdə müşayiət
edib, həm ölkə daxilindəki səfərlərdə, həm də xaricdə. Akademik onu da müşahidə
edib ki, Brejnevin səhhətində problemlər günü-gündən artır, danışığında, hərəkətində,
yaddaşında bu özünü daha qabarıq biruzə verir. O, bu haqda DTK sədri Yuri
Andropova da məruzə edib. Andropov Çazovdan xahiş edib ki, xarici ölkələrdəki
yeni texnologiyalarla, dərman pereparatları ilə maraqlansın. Məqsəd Brejnevin
daha effektli müalicəsi olub. Akademik bu məsələyə ciddi yanaşıb, xarici ölkələrdəki
həmkarları ilə sıx əlaqələr yaradıb.
Həmin ərəfədə amerikalı həmkarlarımdan
biri Çazova məlumat verib ki, öz ölkələrinin institutlarının birində yeni
pereparat hazırlanıb. Bu pereparat insanın fəallığını, iş qabiliyyətini
artırır. Yəni, orqanizmə əlavə enerji verir. Amma o, Çazovdan xahiş edib ki, hələ
ki, bu sirr olaraq saxlanılır və bu haqda heç kimə məlumat verməsin. Akademik həmkarının
xahişini nəzərə almadan pereparat haqqında Andropovu məlumatlandırıb. Andropov
"KQB” xətti ilə həmin pereparatı qısa müddət ərzində əldə edə bilib. Ən əsası
isə Brejnev həmin dərmanı qəbul etdikdən sonra özünü çox gümrah və enerjili
hiss edib. Hətta bu gümrahlıq onun yerişində nəzərəçarpacaq dərəcədə hiss
olunub.
Çazovla Andropovun arasında sıx
dostluq münasibətləri olub. Akademiklə DTK "şef”i tez-tez görüşüblər. Çazovun
yazdığına görə Andropov da həkim sözünə çox da fikir verməyən "pasient”lərdən olub:
"Andropovla xidməti münasibətlərdən
əlavə olaraq, aramızda dostluq münasibəti
də var idi. Həftədə ən azı bir dəfə görüşürdük. Fərqli mövzularda fikir mübadiləsi
aparırdıq. Andropovun böyrəklərində problem var idi. Amma bu problemlə hələ
uzun illər yaşamaq olardı. Brejnev kimi o da həkim tövsiyyələrinə çox məhəl
qoymurdu. Sonu isə yaxşı nəticələnmədi. Andropov növbəti məzuniyyətini Krımda
keçirməyi qəralaşdırmışdı. Krımda olarkən o, dağları gəzməyə çıxıb, bir az
iqlim dəyişikliyi, bir az havanın nisbətən soyuq olması, digər tərəfdən də gəzintidən
sonra daşların üstündə əyləşmək Andropovun böyrək problemlərini kəskinləşdirib.
Təcili onu istirahət evinə aparıblar və Moskvaya xəbər veriblər. Mən həmin vaxt
Almaniyada ezamiyyətdə idim. Həmin andaca Ustinov mənə zəng vurdu və bildirdi
ki, artıq 40 dəqiqədən sonra təyyarə Almaniyada məni gözləyəcək. Mən birbaşa
Krıma uçdum. Andropovun vəziyyəti ağır idi. Biz onu Moskvaya xəstəxanaya
çatdırdıq. Amma bütün səylərimizə baxmayaraq baş katibin həyatını xilas etmək
mümkün olmadı...”
Çazov xatirələrində Kremldəki
siyasi intiriqalara da yer ayırıb. Akademik Brejnev-Andropov münasibətlərindən,
baş katib kürsüsünə sahib olmaq üçün Krem qruplaşmalarının sövdələmələrindən,
yaş və xəstəliklərlə bağlı vəzifə funksiyalarını yerinə yetirə bilməyən məmurlardan
da yazıb.
Hələ Stavropolda birinci katib işlədiyi
illərdən Qorbaçovla Çazov arasında yoldaşlıq münasibətləri yaranıb. 1986-cı ildə
hakimyytdə olan Qorbaçov akademik Çazovu SSRİ-nin səhiyyə naziri vəzifəsinə təyin
edib. Ancaq qısa bir müddətdən sonra baş katiblə akademikin arasında münasibətlər
pozulub. Belə ki, Çazov mərkəzi televiziyadakı çıxışlarının birində Qorbaçovun
siyasətini tənqid edib. Bu tənqiddən sonra Qorbaçov Çazova zəng edərək ona
iradını və incikliyini bildirib. Akademik telefonda baş katibin cavabını
lazımıca verib: "Sizin apardığınız siyasət anlaşılmaz, xalqı və ölkəni uçuruma
aparan bir siyasətdir. Mən televiziya vasitəsi ilə ictimaiyyətə bunu çatdırmaq
istəyirdim...”
Bu danışıqdan sonra baş katiblə
akademik biri-birlərinə düşmən kəsiliblər.
1990-cı ilə qədər nazir işləyən
akademik sonrakı faliyyətini SSRİ (sonralar Rusiyanın) Tibb Elmləri
Akademiyasının Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin direktoru kimi davam
etdirib.
İlham Cəmiloğlu
Sfera.az