Skandallar, saysız-hesabsız eşq macəraları, 7 övlad... - Yetim qalan Abramoviç necə oliqarxa çevrildi?

Skandallar, saysız-hesabsız eşq macəraları, 7 övlad... - Yetim qalan Abramoviç necə oliqarxa çevrildi?
Son günlər Rusiya prezidenti Putinlə olan münasibətlərinə görə həm nüfuzuna,  həm də işlərinə zərər dəyən rusiyalı iş adamı Roman Abramoviç diqqət mərkəzindədir. Xüsusilə də, ötən gün iş adamının İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşünün keçirildiyi Dolmabağça sarayına gəlməsi səs-küyə səbəb olub. 

Roman əslində kimdir? Putinlə yaxınlığının kökündə nə durur?

Sfera.az rusiyalı iş adamı ilə bağlı məlumatları təqdim edir:
 
Yetim uşaqdan varlı iş adamına gedən yol…

Oliqarx əvvəllər, xüsusən də həyatının ilk illərində böyük çətinliklərin öhdəsindən gəlməli olub. 

Roman Arkadeviç Abramoviç 1966-cı ildə Rusiyanın cənub-qərbində, Ukrayna sərhədindən bir neçə yüz kilometr aralıda yerləşən Saratov şəhərində anadan olub. Cəmi bir yaşı olanda anası İrina qan zəhərlənməsindən ölüb. İki il sonra atası da inşaat kranı qəzasında dünyasını dəyişib. Qohumlarının himayəsində böyüyən Abramoviç vaxtını Rusiyanın şimal-qərbində, əhalisi kasıb, qışı soyuq olan Komidə keçirib.
 


Məktəbi yarımçıq qoyub usta oldu
 
İş adamı "Guardian” qəzetinə açıqlamasında uşaqlığı ilə bağlı bunları deyib: 

"Düzünü desəm, uşaqlığım pis keçdi deyə bilmərəm. Uşaq vaxtı müqayisə etmək olmur -  biri yerkökü yeyir, o biri konfet. Hər ikisinin dadı gözəldir. Uşaq olaraq arasındakı fərqi bilmək mümkün deyil”. 

Roman 16 yaşında məktəbi yarımçıq qoyub. Maşın ustası işlədikdən və Qırmızı Orduda xidmət etdikdən sonra Moskvada plastik oyuncaqlar satmağa başlayıb. Daha sonra o, ətir və dezodorantların satışına keçid edib. Sovet lideri Mixail Qorbaçovun sahibkarlar üçün şərait yaratmasından istifadə edərək var-dövlətini artırıb.

Saxta auksion və rüşvət skandalı

Sovet İttifaqının dağılması və mədənlərə dövlət nəzarətinin azalması Abramoviçin qarşısına çıxan imkanları da çoxaldırdı. 20 yaşının ortalarında o, başqa fürsət əldə etdi. Abramoviç 1995-ci ildə saxta hərracda Rusiya hökumətindən təxminən 250 milyon dollara aldığı "Sibneft” şirkətini 2005-ci ildə 13 milyard dollara yenidən hökumətə satıb. Onun vəkilləri Abramoviçin sərvətini qanunsuz əldə etməsi ilə bağlı ittihamların əsassız olduğunu deyirlər. Lakin iş adamı, 2012-ci ildə İngiltərədə məhkəmə prosesində "Sibneft” şirkətini almaq üçün rüşvət verdiyini etiraf edib.
 
Alüminium savaşı

Roman 1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra böyük sərvət və siyasi güc toplayan oliqarxların nəhəng alüminium sənayesini nəzarətə götürmək prosesində də iştirak edib. 2011-ci ildə "Hər üç gündə bir nəfər öldürülürdü", deyən Abramoviç heç istəməsə də, təhlükəsizliyini təmin etmək üçün alüminium savaşına qatıldığını söyləyib.  Lakin bu xaosun içində o, yüz milyonlarla dollarlıq sərvət də əldə etməyi bacarıb.
 

Putinin dəstəkçisi

Prezident Boris Yeltsinin müttəfiqi olan Abramoviç sovet dövründən sonra Moskvanın siyasi səhnəsində rol almağı bacardı. Hətta bir müddət Kremldə qalıb. 1999-cu ildə Yeltsin istefa verəndə Abramoviçin onun baş nazir və keçmiş KQB agenti Vladimir Putinlə əvəzlənməsini dəstəkləyənlər arasında olduğu deyilirdi. Putin oliqarxlar üzərində öz hökmranlığını bərqərar etməyə çalışarkən, bəziləri riayət etmədiyi üçün həbsə atıldı, bəziləri isə sürgün edildi. Abramoviç heç bir qrupda deyildi. O, 2000-ci ildə Rusiyanın şimal-şərqindəki kasıb Çukotka vilayətinin qubernatoru seçilib. Öz hesabına sosial xidmətlərə verdiyi töhfəyə görə ictimaiyyət arasında məşhurlaşır, lakin 2008-ci ildə istefa verir. Bütün bu müddət ərzində o, evlər, dəyərli tablolar və avtomobillər alaraq iş adamı kimi keyfiyyətlərindən əl çəkmir.

Saysız-hesabsız eşq macəraları və 7 övlad

Müxtəlif istiqamətdəki nəşrlər mütəmadi olaraq ən məşhur rus milyarderinin evliliyi, boşanmaları və əyləncəli macəralarını müzakirə edir. Abramoviçin mətbuat xidmətinin rəsmi məlumatına görə, Romanın üç rəsmi nikahı olub: həştərxanlı Olqa Yurievna Lysova ilə, İrina Vyaçeslavovna Malandina ilə və "Interfinance"ın sahibinin qızı Daria Zukova ilə.
 


Rəsmi evliliklərdən başqa, Abramoviç məşhur aktrisalar, balerinalar və modellərlə çoxlu sayda uzun və qısa eşq hekayələri yaşayıb. Onun 7 uşağı var.

Londonun çağırışı

O, 2003-cü ildə Qərbi Londonun ən böyük klubu "Çelsi”ni  140 milyon funt-sterlinqə alaraq futbol dünyasının məşhurlarından birinə çevrilib. Abramoviçin sərvəti "Çelsi”nin beş Premyer Liqa, iki Çempionlar Liqası və beş İngiltərə kuboku qazanmasına gətirib çıxarıb.
 

 
Malikanələr, yaxtalar, təyyarələr...

İş adamının mülklərinə Londonun qərbindəki "Kensington Palace Gardens”də dəyəri 150 milyon funt sterlinqlik 15 yataq otağı olan malikanəsi, Çelsi bölgəsindəki mənzil, ABŞ-ın Kolorado ştatındakı ferma və fransız "Riviera”sındakı yay iqamətgahı da daxildir. Onun "Solaris” və "Eclipse” adlı yaxtaları dünyanın ən nəhəngləri sırasında yer alır. Abramoviçin şəxsi təyyarəsi də var. 
 



"Bloomberg” hesab edir ki, Abramoviç 13,7 milyard dollar sərvəti ilə dünyanın 128-ci ən varlı adamıdır. "Forbes”in məlumatına görə isə, rusiyalı milyarder 142-ci yerdədir.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABŞ-ın hədəfində olan Putinin övladları - Sanksiya tətbiq edilən qızları kimdir? - TƏFƏRRÜAT / FOTO

ABŞ administrasiyasının bu həftə ərzində Putinin qızlarına sanksiya tətbiq etməyi düşünməsi Rusiya liderinin ailəsi ilə bağlı məlumatları yenidən gündəmə gətiri...

Bakının mərkəzindəki bu heykəlcik niyə ikicinsiyyətlidir? - Milyonçuların mülklərindən FOTOREPORTAJ

Bakının düz mərkəzində yerləşən, yanından keçərkən diqqət yetirmədiyimiz binaların əksəriyyətinin əslində keçmiş neft maqnatlarının mülkləri, milyonerlərin gəli...

Zelenskinin BİR GÜNÜ: Neçə saat yatır, sui-qəsdlərdən necə xilas olur, ailəsi haradadır?

Rusiya-Ukrayna müharibəsinin başlamasından 5 həftə keçir. Bir tərəfdən sülh danışıqları, digər tərəfdən isə münaqişələr davam edir. Qarşı-qarşıya gələn ölkələri...

Skandallar, saysız-hesabsız eşq macəraları, 7 övlad... - Yetim qalan Abramoviç necə oliqarxa çevrildi?

Son günlər Rusiya prezidenti Putinlə olan münasibətlərinə görə həm nüfuzuna,  həm də işlərinə zərər dəyən rusiyalı iş adamı Roman Abramoviç diqqət mərkəzin...

Vanqa və Nostradamusun 2022-ci il GÖZLƏNTİLƏRİ – Artıq onlar reallaşır…

2022-ci ildə Rusiyanı gözləyən yeniliklərlə bağlı əvvəllər bəzi tanınmış kahinlər proqnozlar verib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bel...

Sovet liderlərinin nəsli indi hansı ölkələrdə yaşayır? - Baş katibin qızı 55 il əvvəl ABŞ-yə qaçıb

Bir zamanlar SSRİ-yə rəhbərlik etmiş şəxslərin nəsillərinin bəzi nümayəndələri vətən kimi Rusiyanı yox, başqa ölkələri seçib. Artıq heç kəsi təəccübləndirmir ki...