Yeni sədr Mərkəzi Bankın İdarə Heyətini tam dəyişəcək – Əkrəm Həsənov

Yeni sədr Mərkəzi Bankın İdarə Heyətini tam dəyişəcək – Əkrəm Həsənov
"Azərbaycan Mərkəzi Bankının 4 idarə heyəti üzvündən 3 üzvünün səlahiyyət müddəti martın 7-də bitib. Onları növbətə müddətə İdarə Heyətinin üzvü təyin etmədilər”.
 
Sfera.az xəbər verir ki, bunu bank-maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsini şərh edən zaman bildirib.
 
Ə.Həsənov idarə heyətinin üzvlərinin dəyişdirilməsi qaydasını izah edib:
 
""Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 25-ci maddəsinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vaxtından əvvəl yalnız konkret hallarda vəzifədən azad edilə bilər.
 
Bu hallardan biri də istefa ərizəsinin təqdim edilməsidir. Başa düşdüyüm qədər, səlahiyyət müddətinin bitməsinə hələ 3 il qalan Elman Rüstəmov da ən azı formal olaraq məhz öz ərizəsi ilə vəzifəsindən azad edilir.
 
Lakin Mərkəzi Bankın İdarə Heyətinin digər 3 üzvünün (Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev) səlahiyyət müddəti artıq martın 7-də bitib. Onlar 7 mart 2017-ci ildə 5 il müddətinə təyin edilmişdilər. Taleh Kazımovdan fərqli olaraq, onları növbəti müddətə İdarə Heyətinin üzvü təyin etmədilər”.

Ekspert ehtimal edir ki, yeni sədrin rəyi əsasında İdarə Heyətinin tərkibi tam dəyişəcək:
 
"Odur ki, yaxın vaxtda bu məsələ də həll olunmalıdır. Güman edirəm ki, yeni tərkibdə Mərkəzi Bankın mövcud əməkdaşlarından da kimsə yer alacaq. Çünki işi daxildən bilən kadrlara zərurət var”.