Xruşov İran səfirinə dediyi bu cümləyə görə onu cəzalandırıb - "Voroşilov, sən getməlisən..."

Xruşov İran səfirinə dediyi bu cümləyə görə onu cəzalandırıb -
II Dünya müharibəsinin ən dəhşətli səhifələrindən biri Leninqrad mühasirəsidir ki, 872 gün mühasirədə qalan şəhərdə 2 milyona yaxın insan həyatını itirib.
 
SSRİ-nin şimal paytaxtının belə dəhşətli bir vəziyyətə düşməsinin səbəblərindən biri şəhərin müdafiəsinin düzgün qurulmaması olub. Bu məsələyə isə birbaşa Leninqrad cəbhəsinin komandanı marşal Kliment Voroşilov cavabdehlik daşıyıb və o, öz işinin, hərbi vəzifəsinin öhdəsindən gəlmədiyinə görə 1941-ci ilin sentyabrın 13-də tutduğu vəzifədən azad olunaraq Moskvaya çağrılıb.
 
Voroşilovun yerinə başqası olsaydı, o, müharibə qanunlarına görə ən ağır cəzaya məhkum olunardı. Amma Voroşilov geri çağrıldıqdan sonra ona daha yüksək vəzifə verilib.


Maraqlıdır, marşala hansı səbəbdən bu qədər güzəşt edilib, Voroşilov hansı xidmətlərinə görə Stalinin sevimlisinə çevrilib?

Sfera.az Kliment Voroşilovun hərbi və siyasi fəaliyyətindən bəhs edən yazını təqdim edir.

Voroşilovun hərbi və siyasi fəaliyyətinə nəzər salsaq, onun olduqca şanslı və bəxti gətirən bir fiqur olduğunun şahidi olarıq. Müasirləri onu "heç vaxt batmayan adam” adlandırıblar.
 
Uşaqlıqda çobanlıq edən, sonra şaxtada işləyən, daha sonra əmək fəaliyyətini zavodda fəhlə kimi davam etdirən Voroşilov 1881-ci ildə Luqanskda anadan olub. 1903-cü ildə bolşeviklər partiyasına üzv qəbul olunub, siyasi fəaliyyətinə görə dəfələrlə həbsxanaya düşüb. 1917-ci ildə siyasi fəaliyyətini Petroqradda (Sankt-Peterburq) davam etdirib, oktyabr inqilabının iştirakçısı olub, ən fəal bolşeviklərdən biri kimi tanınıb.
 
Kliment Voroşilov 1925-ci ildən 1940-cı ilə qədər SSRİ-nin hərbi naziri olub. Maraqlı faktlardan biri odur ki, 15 il hərbi nazir vəzifəsini tutan Voroşilovun heç bir ali təhsili olmayıb. SSRİ-də yeni ali təhsil ocaqları, akademiyalar yaradılanda o, təhsil almağı haqqında düşünüb və bunula bağlı Stalinə müraciət edib. Stalinin cavabı isə qısa və konkret olub: "Sənin oxumağına ehtiyac yoxdur”.

Daha maraqlı faktlardan biri isə odur ki, təhsilsiz Voroşilov SSRİ-nin mövcud olduğu 70 ilin 40 ilini ən yüksək vəzifələrdə işləyib.



Stalinlə Voroşilovun arasında olduqca sıx dostluq münasibətləri olub. Hətta onlar biri-birlərinə "sən” deyə müraciət ediblər. Bu münasibətlərə görə Stalin onun bütün nöqsanlarına göz yumub. Araşdırmaçıların qənaətinə görə, Voroşilovun 15 illik hərbi nazir dövrü ordu quruculuğu sahəsində heç bir uğurlu hadisə ilə yadda qalmayıb. Amma ölkə üçün ən mühüm sahələrdən biri olan silahlı qüvvələrdəki durğun vəziyyətə görə Stalin onu heç vaxt tənbeh və tənqid etməyib.

Voroşilovu fəqqləndirən əsas xüsusiyyətlərdən biri onun yüksək nitq qabiliyyətinə sahib olması, kütlələr qarşısında cəlbedici nitqləri, inandırmaq bacarığı olub ki, bu xüsusiyyətlər ona böyük nüfuz qazandırıb. Bir sözlə o, ovsunlamağı, diqqəti özünə cəlb etməyi böyük peşəkarlıqla bacarıb.
 
Marşal eyni zamanda Stalinə son dərəcə sədaqəti ilə fərqlənib və onun bir nömrəli təbliğatçısı sayılıb. Ali təhsili olmasa da, Voroşilov mütəmadi olaraq mərkəzi mətbuatda Stalinlə bağlı geniş yazılarla çıxış edib. Sözsüz ki, Stalin üçün belə bir şəxsi yanında saxlamaq sərfəli olub. Bütün iclas və müşavirələrdə Stalinin çıxışından, hər hansı bir məsələyə münasibətindən, bu münasibətin düzgün, yaxud da yanlış olmasından asılı olmayaraq Voroşilov tribunaya qalxıb, Stalinin fikirlərinə elə peşəkarlıqla rəy verib ki, digər müşavirə iştirakçıları onun çıxışından sonra əlavə fikir bildirməyi mənasız sayıblar.



1935-ci ildə SSRİ-də marşal ali hərbi rütbəsi təsis ediləndə Voroşilov bu rütbəni alan beş nəfərdən biri olub. Bununla yanaşı o, iki dəfə Sovet İttifaqı, bir dəfə Sosilist Əməyi qəhrəmanı adına, səkkiz dəfə "Lenin” ordeninə və digər orden və medallara layiq görülüb.
 
İstər Stalinin hakimiyyəti dövründə, istərsə də Xruşovun rəhbərliyi vaxtında Voroşilov Kreml daxilində gedən çəkişmələrədə heç vaxt məğlub olmayıb, əksinə vəzifə pillələrini daha sürətlə qalxıb. 1946-cı ildə Stalin onu SSRİ Nazirlər Sovetinin müavini vəzifəsinə təyin edib.

Stalinin vəfatından sonra çoxları Voroşilovun karyerasının sona çatdığını düşünüb. Amma marşal Xruşov hakimiyyətə gəldikdən sonra daha yüksək vəzifəyə sahiblənib. Belə ki, o, SSRİ Ali Soveti Rəysət Heyətinin sədri vəzifəsinə seçilib. Əslində, Xruşovun Voroşilova heç də böyük simpatiyası olmayıb. Birincisi ona görə ki, Stalinlə Voroşilovun dostluq etdiyi illər Xruşovun gözü önündə keçib. Təbii ki, Stalin komandasını dağıtmağa çalışan Xruşov üçün Voroşilov heç də arzuolunan sima sayılmayıb. Amma o, hələ mövqelərini tam möhkəmlətməmiş  Voroşilovu siyasi səhnədən uzaqlaşdırmağa cürət etməyib.



1957-ci ildə Molotov, Malenkov və Kaqanoviç (antipartiya qrupu) Xruşovu hakimiyyətdən devirməyə cəhd edəndə Voroşilov da onların sırasına qoşulub. Çevriliş cəhdi baş tutmayandan sonra bu işə qatılanların hamısı vəzifədən uzaqlaşdırıldığı, yaxud da vəzifələri aşağı salındığı halda, Voroşilov öz vəzifəsini qorumağı bacarıb. Düzdür, həmin ərəfədə Xruşov SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin səlahiyyətlərini məhdudlaşdırıb, amma Voroşilovu vəzifədən kənarlaşdıra bilməyib.

Nəhayət, 1960-cı ildə Xruşov Voroşilovla hesablaşıb. Həmin ərəfədə Xruşov və Voroşolov ənənəvi olaraq İranın SSRİ-dəki səfirini qəbul ediblər. Bu görüşdə Voroşilov iranlı səfirə heç bir siyasətçi etikasına və peşəkarlığına sığışmayan bir ifadə işlədib: "siz nə qədər bu şahla (İran şahı nəzərdə tutulur) işləyəcəksiniz, nə qədər ona dözəcəksiniz”. Sözsüz ki, yerində işlədilməyən bu ifadə görüşdə gərginlik yaradıb.



Həmin görüşdən sonra Xruşov Voroşilovu kabinetinə dəvət edib və fikrini qəti bildirib:

- Kliment Yefremoviç, sizin bu cür fəaliyyətiniz, bu cür danışıqlarınız SSRİ üçün yeni müharibə problemləri yaradacaq. Mən buna şübhə etmirəm. Siz getməlisiniz...

Beləliklə, Voroşilov 1960-cı ildə 80 yaşında vəzifəsini təhvil verib. Vəzifəsindən azad olunduqdan sonra da tez-tez Kremldə görünən, dövlət tədbirlərində iştirak edən marşal Kliment Voroşilov 1969-cu ildə 89 yaşında vəfat edib.

İlham Cəmiloğlu
Sfera.az
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...