Ukraynada qəhrəmancasına şəhid olan Fuad Məmmədov torpağa tapşırıldı - VİDEO

Ukraynada qəhrəmancasına şəhid olan Fuad Məmmədov torpağa tapşırıldı - VİDEO
Ukraynada qəhrəmancasına şəhid olan cəsur Azərbaycanlı bu gün Vətən torpağına qovuşub.

Rusiyanın Ukraynaya qarşı yürütdüyü amansız müharibədən bizi 75 gün zaman kəsiyi ayırır. Ötən dövr ərzində Ukraynada yaşayan xalqlar silaha sarılıb xalqı ilə çiyin-çiyinə dayanaraq, düşmənlə mücadilədə əzmkarlıq nümayiş etdirirlər. 

İndiyədək bir neçə  azərbaycanlı cəng meydanında qəhrəmanlıq şücaəti göstərərək şəhid olub. Onlardan  biri də Donetsk vilayətinin Konstantinovka şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fuad Fərhad oğlu Məmmədovdur. 

Fuad Məmmədov  24 dekabr 1983-cü ildə Bakıda anadan olub. 1994-cü ildə ailəsi ilə birlikdə Ukraynanın Donetsk vilayətinə köçüb. Uşaq yaşlarından  təlim  tərbiyəsi, vətənpərvərliyi və  istedadı ilə həmyaşıdlarına nümunə göstərilib. O, həmçinin peşəkar idmançı kimi, yerli və beynəlxalq idman turnirlərində Ukraynanın idman şərəfini layiqincə təmsil edib. Vətən sevdalısı kimi idman yarışlarında Ukrayna bayrağı ilə yanaşı, Azərbaycanın üçrəngli, ay ulduzlu bayrağına sarılıb milli kimliyi ilə qürur duyduğunu nümayiş etdirib. 

Atası Fərhad Məmmədov hərbi həkim olub.  Qürbət bir məmləkətdə alnının tərini ağ xalatı ilə silib, halal zəhməti ilə bir qız, 2  cəsur oğul böyüdüb. İndiyədək, yüzlərlə əsgəri həyata qaytarsa da, düşmən gülləsinə tuş gələn oğluna  əli çatmayıb. Fuad Məmmədov Rusiyanın Ukraynaya qarşı başladığı amansız müharibənin ilk günlərindən silaha sarılaraq, böyüyüb boya başa çatdığı məmləkətin haqq savaşına qatılıb. Hərb meydanında cəsur əsgər adını qazanan həmyerlimiz, ağır döyüşlərin birində  qəhrəmancasına şəhid olub.
 
Kiyev şəhərindəki məsciddə Qəhrəman Azərbaycan oğlu ilə keçirilən vida mərasimində Fərhad həkim oğlunun keçdiyi şərəfli həyat yolunun içini göynədən  kövrək duyğularını bölüşüb:

"Fuadın ən böyük arzularından biri  Qarabağın düşmən  işğalından azad olunmasında iştirak etmək istəyi idi. 2-ci Qarabağ savaşına qatıla bilmədiyinə görə özünü bağışlamırdı.  Amalı Qarabağın zəfər səlnamısinə qanı  ilə imza atanlardan birinə çevrilmək idi.  Həmişə zarafatyana deyərdi:  "Allah  cəsur Azərbaycan əsgərlərinə insaf versin.Biz gedib vətənə çatana qədər Qarabağı işğaldan azad edib  bizi zəfər tarixinə imza atmaq istəyimizdən mərhum etdilər. Ukrayna ürəyim, Azərbaycan başımın tacıdır”, deyərdi. Bax beləcə oğlum Ukraynaya uşaqkən ürəklə gəlib, başının tacı olan Vətənə Şəhid kimi qayıdır. İki cəsur oğul böyütmüşəm. Hər ikisi də məndən xəbərsiz Ukraynanın haqq savaşına qatılıblar. Fuad çox cəsur və qorxmaz oğlan idi. O, hərb meydanında düşmənə sarsıdıcı zərbələr vuraraq, qəhrəmanlıq şücaəti göstərib".

Ukraynada amansız müharibənin başladığı ilk gündən ideoloji səngərdə və hərb meydanında olan soydaşlarımız da cəsur Azərbaycan oğlunun keçdiyi rəşadətli döyüş yolundan söz açıblar.

Fuad Məmmədov döyüş meydanından  son dəfə əmisi, Azərbaycanın tanınmış hərbi jurnalisti Ağası Hun Məmmədliyə mesaj yazıb: 

"Əmi, biz Ukraynada haqq savaşındayıq. Düşmənə  zalım olduqları qədər cavab veririk. Biz burada tək Ukrayna üçün deyil, dünya üçün savaşırıq! Rus kabusuna qarşı savaşmaq həm bəşəriyyəti, həm də  Azərbaycanı xilas etmək deməkdir. İnşallah Rus zülmündən dünyanı xilas edəcəyik".  

Sözün yarımçıq qalsa da, axarlı olsun  Fuad. Artıq sən Tanrı dərgahının  yüksək məqamındasan. Artıq rahatsan. Çünki, bu gün canından çox sevdiyin Ana Vətənin müqəddəs torpağına qovuşdun. Allah qəbr evini rəvan eləsin!
 


OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...