Stalin Nadejda Krupskayanı niyə təhqir edib? – Ölüm ayağında olan Leninin son günləri

Stalin Nadejda Krupskayanı niyə təhqir edib? – Ölüm ayağında olan Leninin son günləri
Yanvarın 21-i Vladimir İliç Leninin vəfat etdiyi gündür. 98 il əvvəl, 1924-cü ilin bu günü proletarların rəhbəri qurduğu hökumətin bəhrəsini gözüdolusu görmədən 53 yaşında dünyaya əlvida deyib.

Sfera.az dünyanın siyasi mənzərəsinə yenilik gətirən, ilk kommunist dövlətini yaradan Leninin siyasi fəaliyyətinin bəzi məqamları haqqında yazını təqdim edir.
 
Uzun illər Vladimir İliçi bizlərə ideal rəhbər kimi təqdim ediblər. Daha doğrusu, Lenin sovetlər dönəmində yaşayan insanların yaddaşında çiyinlərində şalban daşıyan, Azərbaycandan göndərilən alma sovqatını kimsəsiz uşaqlarla bölüşən, fəhlələrin və kəndlilərin təəssübünü çəkən bir rəhbər kimi qalıb. Oktyabryat, pioner, komsomol sıralarına keçəndə milyonlarla insan Lenin ideyalarına öz sevgisini, sədaqətini nümayiş etdirib. Bəzi insanlar sovet ideologiyasının təsiri və təzyiqi altında "Leninçi” adını daşısalar da, bəzilərinin "dahi” rəhbərə sevgisi tam səmimi olub. Ancaq zaman keçdikcə, arxivlər açıldıqca Lenin "baba”nın da görünməyən, bilinməyən üzləri açılıb.



Valdimir İliç Leninin ömrünün son illərində Stalin hakimiyyətə sahib olmaq uğrunda bütün vasitələrə əl atıb. Hətta o, hakimiyyəti ələ keçirmək üçün Lenini bütün siyasi proseslərdən təcrid edərək, həbs vəziyyətində saxlayıb.

1922-ci ilin may ayında Leninin beyninə qan sızması Kremldə gərgin vəziyyət yaradıb. Hakimiyyət uğrunda amansız mübarizə pik həddə çatıb. Leninin silahdaşları, xüsusilə, Trotski həmin vaxt çox populyar olub. Fikir ayrılıqları və siyasi çəkişmələr kəskin şəkildə özünü büruzə verib.

Bu məsələdə Lenin fikrini açıq bildirib, Stalinin partiyaya rəhbərlik etmək bacarığına şübhə ilə yanaşdığını ifadə edib (o zaman Stalin hələ yenicə partiyanın baş katibi seçilmişdi). Lenin 1922-ci ilin noyabrında Siyasi Büronun üzvlərinə müraciət edərək, Stalini açıq şəkildə tənqid etməkdən çəkinməyib. Stalin bu tənqidlə bağlı daxilində son qərarını verib: "Leninə münasibətdə sərtlik göstərməyin vaxtı çatıb”.

Sövdələşmələr nəticəsində 30 dekabr 1922-ci ildə Mərkəzi Komitə üzvləri şəxsən Stalinin qarşısında Lenini partiya yoldaşları ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum etmək və onlarla yazışmağa qadağa qoymaq, ümumilikdə onun siyasi proseslərdən təcrid etmək məsələsini qaldırıblar. Mərkəzi Komitə belə bir qərar qəbul edib ki, yalnız Stalinin müvafiq icazəsindən sonra və həkimlər buna öz razılıqlarını bildirdikləri hallarda Leninə partiyanın rəhbər instansiyalarının qərarları haqqında məlumat vermək olar.



Beləliklə, Leninin taleyi Stalinin iradəsindən asılı vəziyyətə düşüb, inqilabın rəhbərləri isə həmin vaxt bu situasiyaya qarışmağa çox da cəhd göstərməyiblər. Mövcud vəziyyətdə o cümlədən Trotskinin də cəhdləri mənasız olub.

1922-ci il dekabrın 21-də Lenin həyat yoldaşına Trotskiyə ünvanlanmış məktubu yazmağı xahiş edib. Məktubda bu sətirlər öz əksini tapıb: "Mən laqeyd qalmamağı və Stalinə qarşı hücumu davam etdirməyi təklif edirəm”.
 
Lenin həmçinin məktubda Trotskidən ona telefonla cavab verməsini də xahiş edib. Çox maraqlı və qəribə bir faktdır ki, Trotski gecənin bir aləmi həmin məktubun məzmunu haqqında Siyasi Büronun digər bir üzvü Kamenevə məlumat verib və ondan xahiş edib ki, bu barədə Stalini məlumatlandırsın.
Məktubun məzmunundan xəbərdar olan Stalin hədsiz dərəcədə qəzəblənib: "Qoca (Stalin Leninə belə ləqəb qoyub) qadağaya baxmayaraq, Trotskiyə necə məktub göndərə bilib?”. Daha sonra Stalin Leninin həyat yoldaşına zəng edərək onu təhqir edib və intizamsızlığa görə cəzalandırmaqla hədələyib. Krupskaya bu haqda Leninə heç nə deməyib.



Dekabrın 22-dən 23-nə keçən gecə növbəti dəfə Leninin beyninə qan sızanda o, Stalin tərəfindən göstərilən təzyiqdən şikayətlənərək yalvarıb ki, onu şəxsi həyatına edilən bu kobud müdaxilədən, eləcə də təhqir və nalayiq hədə-qorxudan müdafiə etsinlər. Lakin bu etirazların Kremldəki vəziyyətə heç bir təsiri olmayıb. İflic olmuş və yorğan-döşəyə düşmüş Lenin Stalinin iradəsindən asılı olaraq qalmaqda davam edib.

1923-cü il dekabrın 23-də ölümünün yaxınlaşdığını hiss edən Lenin katibəyə qurultaya göndərəcəyi məktubu diqtə edib. Həmin məktubda Lenin Mərkəzi Komitənin heyətinin genişləndirməyi təklifini irəli sürüb. Katibə qız həmin məktubu dərhal Stalinə təhvil verib. Məktubu oxuyan Stalin Leninin səhhəti ilə maraqlanıb, daha sonra soyuqqanlı şəkildə katibəyə əmr edib: "Yandırın məktubu!”. Qız əmri yerinə yetirsə də, Leninin seyfində həmin məktubun dörd əlavə nüxsəsinin saxlanması faktını Stalindən gizlədib.

24 dekabrda, "Qoca” öz məktublarını diqtə etməyə davam edən vaxt Stalin həkimlərin müşavirəsini keçirib və Siyasi Büronun adından onları aşağıdakı qərarı qəbul etməyə məcbur edib:

"Lenin hər 5-10 dəqiqədən bir diqtə etmək hüququna malikdir, lakin onun diqtə etdiyi qeydlər məktub xarakterinə malik olmamalıdır və o öz göndərdiklərinə cavab gözləməməlidir. Dostları və yaxın qohumları Leninə siyasi xarakterli heç bir xəbər çatdırmamalıdırlar”.

Elə həmin gün Lenin öz məktubunda aşağıdakı məzmunda qeydlərini diqtə edib: "Baş katib vəzifəsinə gələn Stalin öz əlində qeyri-məhdud hakimiyyət cəmləşdirmişdir və mən onun bu hakimiyyətdən kifayət qədər ehtiyatla istifadə edəcəyinə əmin deyiləm”.


Bununla da Lenin həmin hüdudsuz səlahiyyətləri məhdudlaşdırmağın və Stalini öz vəzifəsindən azad etməyin zəruriliyini vacib sayıb. Ancaq bunun da heç bir nəticəsi olmayıb.

21 yanvar 1924-cü ildə Lenin vəfat edəndə Stalin təntənəli dəfn mərasimi hazırlamağı əmr edib. Stalin partiya rəhbərini, Lenini yüksəkllərə qaldırmaqla, növbəti partiya rəhbərinin, yəni özünün də yüksəklikdə olduğunu ifadə edib.

Sovet liderləri arasında şəxsiyyətə pərəstiş məsələsi İosif Stalinin üzərində daha çox qabardılsa da, Vladimir İliç Lenin heç də ondan geri qalmayıb, Leninin hələ sağlığında mifləşdiriblər. Statistik rəqəmlər Leninin şəxsiyyətə pərəstiş məsələsinə kifayət qədər aydınlıq gətirir.

Leninin ilk büstü hələ sağlığında, 7 noyabr 1918-ci ildə Voronejdə qoyulub, 1919-cu ildə büstlərin sayı 20-yə çatıb, 1920-ci ildən büst və abidələrin qoyulması kütləvi şəkil alıb.

Keçmiş SSRİ-də və digər ölkələrdə Leninin abidələrinin sayını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Təxmini hesablamalara görə, onların sayı 4 min yaşayış məntəqəsində olmaqla 8 mini ötüb.

Leninin adını daşıyan yaşayış məntəqələrinin sayını da dəqiqləşdirməkdə problem yaranıb. 1990-cı ilin təxmini statistikasına görə, bu adla bağlı 10 mindən artıq şəhər, rayon, qəsəbə və kəndlər olub.

SSRİ-də 8637 küçə və prospektə Leninin şərəfinə onun adı adı verilib.

SSRİ-də pul əskinazlarının üzərində də Leninin şəkli əks olunub.

Moskva, Leninqrad, Kiyev, Bakı və Daşkənd metropolitenləri də Leninin adına olub.

Leninin adı ilə bağlı 1000-dən artıq mətbu orqan, qəzet və jurnallar çıxıb. Vladimir İliçin seçilmiş əsərlərinin tirajı isə milyonları keçib.


 
Lenin Xalq Komissarları Sovetinin sədri kimi öz adının hansısa bir müəssisəyə, təhsil ocağına verilməsi ilə bağlı rəsmi sənədlərə özü imza atıb. Bunu "ideal” və "sadə” rəhbərin "kommunist təvazörkarlığı” da adlandırmaq olar.

Amma bu şişirtmələrin, yaradılan miflərin ömrü uzun çəkməyib. SSRİ süquta uğrayandan sonra abidələr aşırılıb, şəhərlərin, küçələrin, meydanların adları dəyişdirilib, insanların beyninə sürətlə yeridilən Lenin, elə yaddaşlardan da sürətlə silinməyə başlanıb.

İlham Cəmiloğlu
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...