Solmaz Əliyeva: "Hələ də o tankların, topların səsləri qulağımdan getmir"

Solmaz Əliyeva:
Müharibə dövrünün uşağı, gənci olmaq çox ağırdır. Bu, sonradan insan həyatında silinməyəcək izlər buraxır. Müharibə dövrünün insanı olmaq, həm də həyata bir addım gecikmək deməkdir. Həyatda hər şeyə gecikirsən. Eynən Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti Solmaz xanım kimi...

Solmaz Əliyeva 1968-ci ildə Tovuz rayonunun Qapanlı kəndində doğulub. Tovuz rayon Hərbi Komissarlığında komissar müavininin köməkçisi vəzifəsində çalışıb. 1992-ci ildən 1994-cü ilə qədər birinci Qarabağ müharibəsində kəşfiyyatçı-snayper olub.

O, müharibəyə könüllü olaraq gedib: "1992-ci ilin ortalarında könüllü olaraq özünümüdafiə batalyonuna getdim. Batalyon dağıldıqdan sonra Yusif Sadıqov adına Ağdam kənd zastavasında Milli Qəhrəman Məhəmmədalı bəyin yanında xidmət etmişəm. Tovuzun, Ağdamın bütün döyüş bölgələrində, Əsrikdə, Ağbulaqda döyüşmüşəm. 1993-cü ildə Müdafiə Nazirliyinə müraciət edib, Ağdama kəşfiyyatçı-snayperçi kimi təyin edilmişəm".

Solmaz xanım danışır ki, onda hərbiyə həvəsi atası yaradıb: "Mən döyüşə gedəndə qardaşım yox idi. Qardaşım mən hərbi xidmətə gedəndən sonra dünyaya gəlib. Atam o vaxtlar bizdən gizlin hərbi hissələrə gedib kömək edirmiş. Həmişə gəlib danışırdı ki, camaatın oğlu cəbhədə döyüşür, amma mənim oğlum yoxdur. Mən də oğlan xarakterli idim. Dedim, özüm cəbhəyə gedəcəyəm. Bir gün hərbi formanı geyinib, atamın iş yerinə gəldim. Dedim ki, mən cəbhəyə gedirəm, halallıq ver. Atam yerə çökdü, başladı ağlamağa. Sonra halallıq verdi".

Kəşfiyyatçı kimi bir çox döyüşlərdə iştirak edən müsahibimiz xidmətə başladığı gündən taborun etimadını qazanıb: "Bütün döyüşlərdə əsgər və zabitlərin qarşısında təşəkkür almışam. Ağdərədə, Getavanda, Koçaqurdda, Başgüneypəyədə, Mehmanlıda, Çıldıranda, Sırxavənddə, Canyataqda, Gülyataqda, Fərruxda, Xoramutda, Mərzilidə, Yisfcanlıda, Novruzluda və Çökərtmə döyüşlərində iştirak etmişəm. Heç vaxt döyüşlərdə çəkinib, qorxmamışam. Gənc idim, subay idim. Qorxu deyilən hiss yox idi. İndi də heç nədən qorxmuram".

S.Əliyeva döyüş xatirələrini də bizimlə bölüşüb: "Mehmanlıda, Çıldıranda, Fərruxda çox sayda döyüş yoldaşlarımı itirmişəm. 1992-cı ildə Sırxəvənddə, Çıldıranda əməliyyat keçirirdik, mühasirəyə düşdük. Həmin döyüşdə şəhidimiz çox oldu. Yaralananlar, hətta əsir düşənlər də oldu. Biz xeyli erməni döyüşçüsünü əsir götürdük. Döyüşə-döyüşə irəliyə gedirdik. Əksər erməni döyüşçüsünün patronu bitmişdi və əllərini başlarına qoyub xəndəklərdə uzanmışdılar. Biz də onları əsir götürürdük. Mənim üçün bunları danışmaq çox çətindir. Hələ də o tankların, topların səsləri qulağımdan getmir".

Döyüşlərin birində kələ-beyin travması alan Solmaz xanım, 1994-cü ildə atəşkəs elan edildikdən sonra ordudan tərxis edilib. Ancaq hələ də əlillik dərəcəsi ala bilməyib.

O, ailə həyatını da gec qurub: "Müharibədən yeni qayıtmışdım. Başım odlu-alovlu idi. Ailə qurmaq barədə, demək olar ki, heç düşünmürdüm. Döyüş yoldaşlarımı itirmişdim, stress içində idim. Odun-alovun içindən gəlmiş adamı ailə maraqlandırmır. Bəlkə elə buna görə də, çox gec - 33 yaşında ailə həyatı qurdum. Ailə qurmağım da atamın təkidi ilə oldu. İki oğlum, bir qızım dünyaya gəldi. Ancaq ailə həyatımda bəxtim gətirmədi. Bir müddət sonra həyat yoldaşımdan ayrıldım".

Həmsöhbətimiz hazırda 3 övladı ilə birlikdə Xırdalandakı balaca daxmasında yaşayır. Bir neçə ay olar ki, dostlarının və xeyirxah insanların köməyi ilə özünə ev tikməyə çalışır. Həyatda tək olduğu üçün ona maddi və mənəvi yardım edəcək heç kimi yoxdur. Buna görə də xeyirxah insanlardan ona kömək etməyi xahiş edir. sputnik.az


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...