SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

14:20 / 18.05.2022
1425
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Növbəti tərəfdaş qurum "Yelo Bank” oldu.
"Yelo Bank”ın müştəriləri "Yelo” mobil tətbiqindən artıq SİMA imza ilə qeydiyyatdan keçə bilərlər.
SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması daxildir. Eyni zamanda, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.