Rasim Balayev: “Dünyaya və elə özümüzə də Nəsimini tam çatdıra bilməmişik”

Rasim Balayev: “Dünyaya və elə özümüzə də Nəsimini tam çatdıra bilməmişik”
"Prezidentin qərarı çox gözəldir, yaxşı olardı Nəsimi haqda 2-3 seriyalı film çəkilsin”
 

... İmaddədin Nəsimi deyəndə göz önündə qeyri-ixtiyarı xalq artisti Rasim Balayev canlanır. Azərbaycan tamaşaçısının Nəsimi yaddaşı, Nəsimi cizgiləri R.Balayevin simasında öz əksini tapır.

Sevimli aktyorumuz Nəsimi obrazını eyniadlı filmdə elə məharətlə, ustalıqla yaradıb, elə möhürünü vurub ki, 1973-cü ildən bəri heç bir aktyor bu obraza yaxınlaşa bilmir.

Ona görə də prezident İlham Əliyevin 2019-u "Nəsimi ili” elan etməsindən sonra sosial şəbəkə istifadəçiləri R.Balayevin şəkillərini paylaşırlar, həm aktyora, həm şairə rəğbətlərini nümayiş etdirirlər.

Bu mövzuda hörmətli aktyorumuzla söhbətləşdik. Onun  müsahibəsini təqdim edirik:

- Rasim müəllim, "Nəsimi ili” elan olunmasını necə qiymətləndirirsiz?

- Mənim fikrim qətidir ki, çox gözəl addımdır. Prezident sağ olsun ki, Nəsimi ili elan edib. Onun tanıdılması istiqamətində bu günə qədər bir çox işlər görülüb. Amma dünyaya və elə özümüzə də Nəsimini tam çatdıra bilməmişik. O baxımdan əhəmiyyətli qərardır. Güman edirəm ki, Nəsimi ilə bağlı müəyyən konfranslar, tədbirlər keçiriləcək. Gah Nizamini fars şairi elan edirlər, gah Füzuli haqda danışırlar. Ona görə Nəsimini daha geniş auditoriyaya tanıtmaq lazımdır.

Xatırlayıram, müəyyən qəbil insanlardan sorğu keçirirdilər, Bakıda heykəlləri göstərirdilər, görürdüm ki, şairlərimizi tanımırlar. Mən başa düşə bilmirəm, orta məktəblərdə ədəbiyyat keçirilmir? Kitablarda Nəsimi, Nizami, Füzuli haqda məlumat vermirlər?

- Bu mənada "Nəsimi” filminin çəkilməsi şairin tanıdılması işində nə dərəcədə rol oynadı?

- Nəsiminin 600 illiyi, səhv etmirəmsə, 1969-1970-ci illərə düşürdü. Elə 1973-cü ildə filmə çəkildik. O vaxt 40 Nəsimi portreti çəkilmişdi.

Amma rəhmətlik rəssam Mikayıl Abdullayevin "Nəsimi”si qəbul olundu. Mənə deyirdilər ki, sən Mikayıla təşəkkür etməlisən, Nəsimi portretini sənə oxşadıb.

Həmin dövrdə Mikayılın paxıllığını çəkən rəssamlar danışırdılar ki, o portret bədii təxəyyülün nəticəsi deyil, Rasim Balayevə baxıb çəkib. Halbuki Mikayıl Abdullayev məni tanımırdı, mən onu tanıyırdım.

"Mənim dərimi soysalar, qışqırığıma dünya çıxar”
Ona görə təsadüfən olan bir işdir. Onunla görüşdüm, dedi ki, Rasim, mənə də eyni sözü bildiriblər. Amma təsadüfən portretə oxşamışdım, ondan əvvəl artıq filmə dəvət edilmişdim.

Bu filmdən sonra Nəsimi haqqında poemalar yazıldı, Azərbaycanda daha geniş tanındı.  O vaxta qədər müəyyən səviyyədə tanınırdı.

Yadımdadır ki, orta məktəbdə Nəsimidən yarım səhifə verilmişdi, şəklinin altına "Zahidin bir barmağın kəssən dönər, haqda qaçar” misrası verilmişdi. Film isə İmadəddin Nəsimini xeyli tanıtdı. 

- "Nəsimi ili” elan olunması ilə yenidən bu filmi fərqli şəkildə çəkmək olarmı?

- Mən sizə deyim ki, Moskva Azərbaycana iki seriyalı film çəkməyə icazə vermirdi.  Sonra biz "Dədə Qorqud”u iki seriyalı çəkdik, Moskvada göstərdilər. Ondan sonra iki seriya "Babək” filminə icazə verildi. Əslində "Nəsimi” filminin materialı də iki seriyalı idi, amma icazə yox idi deyə məcbur olub onu yığcamlaşdırıb bir seriya çəkdilər.

Fikrimcə, prezidentin bu qərarından sonra indi Nəsimi haqda 2-3 seriyalı geniş, ətraflı film çəkilməlidir. Nəsiminin tanıdılması üçün çox əhəmiyyətli hadisə olar.

- Siz yenidən "Nəsimi”ni oynamağa hazırsınızmı?

- İndi onun cavanlığını yox, qocalığını oynaya bilərəm. Amma gəncliyini hansı aktyor oynaya bilər, onu demək çətindir. Yəqin ki, belə aktyor var - yetişdirilməlidir, tapılmalıdır. Necə ki, məni tapmışdılar. Amma yaxşı olardı ki, 2-3 seriyalı film çəkilsin.

- Rasim müəllim, siz "Nəsimi”də bir möhür vurmusuz, ona görə indi 2019 "Nəsimi ili” elan olunduğu üçün şəkillərinizi sosial şəbəkələrdə paylaşırlar. Bundan xəbəriniz varmı?

- Mənim üçün çox xoş mənzərədir. Çox sevindirici haldır ki, Nəsimi deyəndə yada düşürəm. Bu, həm yaşlı bir adam, həm sənət insanı üçün çox xoşdur. Ümumiyyətlə, "Nəsimi ili”ndə xeyli işlər görülə bilər, onun şeirləri gəncliyə, məktəblilərə öyrədilməlidir. Nəsiminin şeirlərində məhəbbət var, vətənə vurğunluq var, ilahiyə vurğunluq var. Hər şey var. İstəyən adam orada çox məna tapar.

- Nəsimi üsyankar, ideya şairi idi. Siz müasir ədəbiyyatımızda ikinci belə şairin adını çəkə bilərsinizmi?

- Yəqin ki, belə  üsyankar şairlərimiz olub, var. Amma mən yəqin tanımıram. Yəni zülmlərə qarşı mübarizə aparan şairlər olub. Axtarsaq tapılardı.

- Rasim müəllim, bu gün çox insanlar maraqlanırlar, tez-tez soruşurlar ki, Nəsiminin edam səhnəsi necə çəkilib, hansı şəkildə ərsəyə gəlib...

- Açığı, o dövr edam səhnəsini necə oynamaq lazımdır bilmirdim. Ona qədər film sahəsində eşitməmişdim ki, insanın dərisi soyulsun.

Hansısa filmdə yandırmaq, güllələmək səhnələri olub. Amma soyulan adam necə olmalıdır, bilmirdim. Fikirləşirdim ki, axı mən necə edim.

O zaman İsa Hüseynov dedi ki, Rasim, əllərinə mıx batır, sıx və ağrını hiss elə. Mən də cavan, enerjili adam idim.

Götürüb mıxı basdım əlimə, ayağıma, gördüm ki, qan çıxır, amma ağrını elə də hiss etmirəm. Məsələn, mənim dərimi soysalar qışqırığıma dünya çıxar 

Axı bu Nəsimidir! Nəsimini dar ağacında yaratmaq üçün həm dözümlülük, həm ağrıları vermək, o əzəməti nümayiş etdirmək lazım idi.

Nəhayət, rejissorla tapdıq ki, səsindəki iniltini verək. Yəni şairin əzəmətini saxladıq. Ona görə də inildəmək ən uyğun variant idi. Və mən sizə danışım ki, filmdə soyulan ayaq mənim deyil, başqa ayaq idi.

- Bəs kimin ayağıdır?

- Həmin çəkilişlər Özbəkistanın Xivə şəhərində gedirdi. Oradakı meydanda edam səhnəsini çəkdik. Nəsimi yeganə filmdir ki, dekorasiya yoxdur. Məsələn, "Babək”, "Dədə Qorqud” filmlərində həm dekorasiya, həm natura var. Ancaq "Nəsimi” filmində dekorasiya yoxdur. Mən də ayağın soyulması səhnəsinə çəkilmək üçün geyinib gözləyirdim. Bu vaxt gəlib dedilər ki, yaxşı qarpız gətiriblər. Biz də isti hava idi, sərin qarpız yeməyə getdik. Bu vaxt məni axtarıblar ki, başımı və ayağımı çəksinlər. Rəhmətlik Həsən Seyidbəyli də hirslənirdi, şəkər xəstəliyi varı idi. Biz də qarpız yeməyə getmişik, məni tapa bilməyiblər. Bizim rəhmətlik, çox gözəl operatorumuz Rasim İsmayılov var idi. Çox sakit adam idi. "Babək”, "Dədə Qorqud” filmlərində də operator olub. Sonra rejissorluğa başladı. Rasim İsmayılov görüb ki, mən yoxam, Seyidbəyli bərk hirslənib, deyib ki, gəl belə edək, başqa ayaq tapaq çəkək.

Qayıdanda gəldim gördüm ki, bizdə işıqçı Rüstəm var idi, onun ayağını soyundurub çəkiblər. Film ekrana getdi, böyük tamaşaçı kütləsi qazandı.

Bir dəfə çimərlikdə gəzirdim. Gördüm ki, adamlar mənim ayağıma baxırlar və deyirlər ki, Rasim Balayevin normal ayaqları var axı oradakına oxşamır 
Ən əsası çox gözəl film alındı, tamaşaçı tərəfindən qəbul olundu. Mənim üçün çox xoşdur ki, insanlar sosial şəbəkələrdə indi "Nəsimi ili” ilə əlaqədar fotolarımı qoyurlar. Hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Mən o insanlara təşəkkürümü bildirirəm."Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...