Oğluna görə Stalinin qarşısında diz çökən Xruşovun qisas əməliyyatı – Nə baş vermişdi?
11:18 / 29.01.2022
1804
Sovet dövrü siyasi elitasında baş
verən hadisələrdə ən maraqlı məqamlardan biri Stalin-Xruşov münasibətləri,
Xruşovun Stalinin vəfatından sonra ondan "ehtirasla” qisas almasıdır. Əslində
Stalin hakimiyyətdə olanda Xruşov həmişə yüksək vəzifə tutub, Ukraynanın,
Moskvanın birinci katibi vəzifələrinə təyinat alıb, Siyasi Büroya üzv seçilib,
Stalinin bağ ziyafətlərində çox vaxt Xruşov da yaxın silahdaşlardan biri kimi
iştirak edib.
Maraqlıdır, bəs Xruşovda Stalinə
qarşı bu qədər nifrət, qisas hissi hansı səbəblərdən yaranıb?
Sfera.az növbəti yazısında bu
mövzudan bəhs edəcək.
Stalinin vəfatından sonra Xruşovun
onun adını tarixdən silmək "arzusu”nun kökündə heç də ictimaiyyətə təqdim
olunduğu kimi hərbi və siyasi motiv dayanmayıb. Sadəcə olaraq, Stalinin siyasi
fəaliyyətində buraxdığı səhvləri bəhanə gətirərək Xruşov ondan öz oğlunun
qisasını alıb.
Xruşovun oğlu kim olub? Həqiqətənmi
o, Stalinin göstərişi ilə güllələnib?
Xruşovun birinci nikahdan olan oğlu
Leonid Xruşov orta təhsil aldıqdan sonra əvvəlcə mülki aviasiya məktəbində,
sonra isə hərbi pilotlar hazırlayan xüsusi məktəbdə oxuyub. O, ilk döyüş
uçuşlarını sovet-fin müharibəsində həyata keçirib. Sovet-alman müharibəsinin ilk
illərindən başlayaraq Leonid Xruşov döyüş bölgələrində xidmət aparıb. Şimal
istiqamətində gedən döyüşlərdə düşmənə güclü zərbələr endirdikdən sonra
yaralanıb. Bir müddət müalicə almaq üçün o, arxa cəbhəyə göndərilib. Və elə bu ərəfədə
baş verən hadisələr onun həyatınını bütövlükdə dəyişib.
Leonid Xruşov hələ çox gənc
yaşlarından əyləncələrə, içki məclislərinə, bu məclislərdə iştirak edən qızları
öz "bacarığı” ilə təəcübləndirməyə meylli olub. Belə məclislərdən biri də
Leonidin yaralandığı, bir ayağından güclü zədə aldığı vaxta təsadüf edib. Öz
yaxın dostları və tanış qızları ilə istirahət edərkən restorana dəniz
donanmasında xidmət edən, cəbhədə yaralanıb müalicə almağa qayıdan bir nəfər də
gəlib. Çəbhə yoldaşı qismində Leonid onu da öz masalarına dəvət edib. Məclis
qızışıb. Məclisdəkilərdən kimsə Leonidin sərrast atıcı olduğunu söyləyib. Buna
reaksiya verən qonaq söyləyib ki, mən başımın üstünə bir şüşə konyak qoyacam, əgər
o sərrast atıcıdırsa, qoy həmin şüşəni bir güllə ilə sındırsın. Sərxoş "baş”lar
təklifi alqışlayıblar. Cəbhədən gələn dənizçi başının üstünə bir şüşə konyak
qoyub. Leonid tapançası ilə atəş açıb, güllə hədəfin ən yuxarı hissəsini,
konyak şüşəsinin "probka”sını tutub. Dənizçi bununla razılaşmayıb. Yenidən növbəti
bir şüşəni başına qoyub. Hiddətlənən Leonid ikinci dəfə atəş açıb. Ancaq bu dəfə
güllə dənizçinin başına dəyib və o, yerindəcə ölüb.
Nikita Xruşov yaxşı dərk edib ki,
Stalinin məmur övladlarının bu cür həyat tərzinə münasibəti amansızdır. O,
yalnız oğlunun döyüşlərdə iştirak etməsinə görə bağışlanacağına ümid edib və elə
bu ümidlə rəhbərin qəbuluna yollanıb. Kəskin dialoqdan sonra qərara alınıb ki,
Leonid Xruşov döyüşən cəbhəyə göndərilsin.
Beləliklə, Xruşovun oğlu bir ayağı
ciddi zədəli halda cəbhəyə gedib. Amma qara buludlar onun başı üzərindən çəkilməyib.
26 dəfə uğurlu döyüş uçuşundan sonra Leonid Xruşovun qırıcısı qərb cəbhəsində
düşmən tərəfindən vurulub. O, çətinliklə neytral zonaya eniş edə bilsə də,
almanlar tərəfindən əsir götürülüb.
Stalinin baş mühafizəçisi general
Vlasik öz xatirələrində həmin günləri belə xatırlayıb:
"Xruşov qəbul otağında gözləyirdi.
Stalinin şəxsi köməkçisi və katibliyin rəisi olan Poskrebışev əyləşmək üçün ona
yer göstərsə də, Nikita Sergeyeviç bir yerdə qərar tuta bilmirdi. O, tez-tez
cibindən dəsmalı çıxırır, alnının, boynunun tərini silirdi. Çox həyəcanlı idi.
Biz onu heç vaxt belə görməmişdik. Nəhayət, Stalin özü kabinetdən çıxdı,
başının işarəsi ilə Xruşovu içəri dəvət etdi, qapını isə açıq qoydu. Adətən o,
qapını özü açıq qoyanda onun göstərişi olmadan bağlamırdıq. Bu ərəfədə əvvəlcə
Beriya, sonra isə Molotov da qəbul otağna gəldilər, ancaq onlar Stalinin
kabinetinə keçmədilər.
Kabinetdəki danışıqlar qəbul otağında aydın eşidilirdi.
Xruşov oğlunun əfv edilməsini xahiş edirdi, özü də yalvarış formasında. Stalin
isə onu çox sakit bir şəkildə dinləyirdi. Nəhayət, Stalin dilləndi:
- Yoldaş
Xruşov, mən mövcud vəziyyətdə sizə kömək etmək iqtidarında deyiləm.
O ayağa qalxanda Xruşov onun
qarşısında diz çökdü, ağlayaraq yalvarmağa başladı. Stalin isə kənara çəkilərək
yüksək səslə mühafizəçiləri çağırdı:
- Bunu
kabinetdən çıxarın!
Xruşovun halı pisləşmişdi. Biz onu
qonşu otağa apardıq. Təcili tibbi personal çağırdıq. Özünə gələndən sonra da
Xruşov acizanə səslə yalvarışlarını davam etdirirdi: "Oğlumu bağışlayın, onu
güllələməyin...”. Bu yalvarışları isə artıq heç kim eşitmirdi, o cümlədən İosif
Stalin də...”
Bəli, Xruşovun Stalindən qisas
almasının əsas səbəbi bu olub. Bu məsələni araşdıran tarixçilər onu da qeyd
ediblər ki, Xruşov hakimiyyətə gəldikdən sonra arxiv sənədlərinə müdaxilə edərək
çox şeyləri dəyişib və oğlunu ictimaiyyətə döyüşlərdə qəhrəmancasına həlak
olmuş kimi təqdim edib. Xruşov buna nail olmağı bacarıb, Çörçillin təbirincə
desək, Xruşov ölülərlə mübarizəyə başladı və mübarəzədən qələbə ilə çıxdı...
Sfera.az