“Mərkəzi Bank qanunsuz kreditlər verib” – Bank mütəxəssisindən AÇIQLAMA

“Mərkəzi Bank qanunsuz kreditlər verib” – Bank mütəxəssisindən AÇIQLAMA
"Mərkəzi Bankın banklara verdiyi kreditlər onun fəaliyyətinin ən şübhəli və müəmmalı sahələrindən biridir”.
 
Sfera.az bildirir ki, bunu bank sahəsi üzrə mütəxəsis, hüquqşünas Əkrəm Həsənov bildirib.
 
Ə.Həsənovun sözlərinə görə, indi məlum olub ki, Mərkəzi Bankın verdiyi kreditərin bir qismi qanunsuzdur. "Söhbət Mərkəzi Bankın "banklararası kredit” adı ilə verdiyi kreditlərdən gedir”, - deyən ekspert fikrini hüquqi aspektdən əsaslandırmağa çalışıb:

"Məsələ burasındadır ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən Mərkəzi Bank yalnız iki növ kredit verə bilər: 1) kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında (33-cü maddə); 2) sonuncu instansiya kreditləri (49-cu maddə).

Qanunun 1.3-cü maddəsinə əsasən Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, Mərkəzi Bank qanunla səlahiyyətinə aid edilməmiş banklararası kreditlər verə bilməz.

Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 337.1-ci maddəsinə görə MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, Mərkəzi Bankın sözügedən kredit müqavilələri etibarsızdır (əhəmiyyətsizdir).

Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur”.

Buna görə də Ə.Həsənov hesab edir ki, sögügedən "banklararası kredit”lərin təminatı olan girov (ipoteka) və zaminlik müqavilələri də etibarsızdır: "Bu isə o deməkdir ki, məhkəmələr qanuna riayət edərək bu müqavilələri etibarsız hesab etsə, Mərkəzi Bank on milyonlarla vəsait itirə bilər. Bu pullara görə məsuliyyəti də ilk növbədə Elman Rüstəmov daşımalıdır”.
 
Vasif
Sfera.az