Malik Məmmədov: "Yaxınlarım məni buna görə hətta "Nemes" adlandırırlar"

Malik Məmmədov:
 

Bu gün "Qonaq otağı"nda 29 yaşını qeyd edən"168 saat" qəzetinin məsul katibi Malik Məmmədovdur.

Müstəqil Azərbaycanın ən qocaman, beş beynəlxalq mükafatla ən titullu qəzetlərindən biri olan "168 saat"la  1991-ci ildən bərabər addımlayıb Malik Məmmədov. 


-Uşaqlıq illəriniz hansı xatirələrlə yaddaşınızda qalıb? Həmin vaxtları necə xatırlayırsınız? 

-Bizim əslimiz Qubadan olsa da, mən Xaçmazda doğulmuşam. Uşaqlıq illərim də, Xaçmaz və Qusar rayonlarında keçib. Acılı-şirinli xatirələr yaddaşımda ilişib qalıb. Bəzən qayğısız uşaqlıq illəri insanın yadına düşür, həmin vaxtlara qayıtmaq istəyirəm. Atam II Dünya Savaşında iştirak edib. O vaxtkı Stalinqrad ətrafında gedən döyüşlərdə pay sahibi olub, iki dəfə ağır yaralanaraq hərbi hospitala yerləşdirilib. Ona görə də, müharibədən əlillik dərəcəsi ilə qayıtmışdı. Anam isə evdar xanım idi. Mən ev işlərində ondan yaxşısını tanımırdım. Uşaqlığımdan danışmaqdan daha çox bunu deyim ki, həmişə yaddaşımın dərinliklərində qalıb ki, biz çox kasıb ailə olmuşuq. Ancaq həmişə evimizdə böyüyə hörmət olub. Çünki biz böyüyə, ataya hörməti ilk növbədə anamızdan görmüşük. Ana ataya hansı hörmətlə, münasibətlə yanaşırsa, evdəki uşaqlar da o yolla gedir. 

- Tanıyanlar sizi zəhmətkeş, əməksevər adam kimi xarakterizə edirlər. Yəqin bu da genlərdən gəlir. 

-Bəli, elədir ki var. Biz zəhmətkeşliyi ailəmizdən almışıq. İnsan şəxsi məziyyətlərilə yanaşı ortaya qoyduğu əməyi, peşə fəaliyyəti ilə ucalır. Əməklə düzgün şəkildə məşğul olmaq insana hər zaman həyatda layiqli yer tutmağa kömək edir. İnanın mənə, heç bir işlə məşğul olmayan, işdən boyun qaçıran, əməyi sevməyən insanın toplum içində də yetərincə hörməti ola bilməz. Şəxsən mən ona inanmıram. 

- Bildiyimiz kimi, Rusiyada öz əməyinizlə böyük uğurlar qazanmısınız. Həmin dönəmdə, inkişaf vaxtınızda sizi vətənə hansı duyğular, hansı qüvvə gətirdi? 

-Ordu sıralarından tərxis olandan sonra doğma evimizə qayıtdım. Evdə məndən başqa da iki qardaşım var idi. Mən isə ortancıl övlad idim. Evimizdə uşaqlıq dövrümüzdən olan kasıblıq, qayğı hələ də davam edirdi. Əsgərlikdən qayıdandan sonra evdə toplam 24-25 gün qaldım. Qərara gəldim ki, Rusiyaya qayıdım. Çünki, hərbi xidmət zamanı mən rus mədəniyyətinə, rus xalqının dəqiqliyinə, şəhər həyatına vurulmuşdum. Artıq kəndimizdə qala bilmirdim. Mən ta uşaqlıqdan həmişə düşünürdüm ki, kənd həyatı mənə görə deyil və mən bir gün kənddən çıxacam. Və artıq budur, mən qərarımı tam dəqiqləşdirib valideynlərimə söylədim. Onlar, qohum-qardaş məni fikrimdən döndərməyə çalışsalar da, bu, baş tutmadı. Sözü çox uzatmaq istəmirəm. Elə oldu ki, taleyin gərdişi məni Moskva ətrafında yerləşən İvanovo şəhərinə gətirib çıxardı. Özümü bir anda tanımadığım, bələd olmadığım şəhərdə tapdım. Bunun özü də, taleyin xoşbəxtliyidir ki, Tanrı mənim qarşıma xeyirxah insanları çıxardı. Qalmağa yerim olmayan şəhərdə tez zamanda özümə yer tapdım, çətinliklə də olsa, işə düzəldim. Həmin şəhərdə toxuculuq fabrikində şagird kimi işə başladım, cəmi bir neçə ilə artıq mənim fabrikdə sərbəst işləmək üçün öz briqadam var idi. Şəhərə gəlməyimdən elə də çox vaxt keçməmiş İvanovoda yerləşən qəzetlərlə yanaşı, ətraf şəhərlərin də mətbu orqanları mənim gördüyüm iş haqqında və birbaşa mənim haqqımda yazılar, məqalələr hazırlamağa başladılar. Uğur nərdivanını tez-tez çıxırdım. Hamı mənə heyrət edirdi. Hətta yoldaşlarım mənimlə zarafatlarında deyirdilər ki, əgər sən bir az da bu şəhərdə qalsan SSRİ "Əmək Qəhrəmanı" adını alacaqsan. 1980-ci ilin 14 sentyabrında mən kəndimizdə ailə həyatı qurdum. Az müddət kənddə qalandan sonra xanımımla İvanovoya gəldik. Evliliyimizdən 1981 və 1982-ci illərdə müvafiq olaraq qız və oğlan övladlarımız dünyaya gəldi. Hər şeyin axarında getdiyi vaxt birdən-birə xanımımın sağlamlığında problemlər üzə çıxdı. Onu aparmadığım həkim qalmadı. Həkimlər ona astma diaqnozunu qoydular. Professor həkim mənə təcili vətənə dönməli olduğumuzu, həyat yoldaşımın ciddi heç bir problemi olmadığını, sadəcə, olaraq İvanovonun havasına, Rusiya iqliminə uyğunlaşa bilmədiyini, ona Azərbaycanın və Xəzərin havasının lazım olduğunu söylədi. Düzünü desəm, mən bu zaman həddindən artıq çətin seçim qarşısında qaldım. Çünki, mənim artıq burada hər şeyim - işim, işimdə hörmətim, 3 otaqlı mənzilim, növbədənkənar aldığım VAZ 21011 markalı avtomobilim var idi. Bir sözlə, yaşamaq üçün hər bir şey. Mən ya karyeranı, ya da ailəmi seçməli idim. Təbii ki, mən ailəmi seçdim. 1988-ci ildə 14 illik Rusiya həyatından sonra Xəzərin sahilində qucağını bizə açan Sumqayıta köçdük. 


- "168 saat"çılar deyirlər ki, sizi həm də bu illərdə daim sadiq qaldığınız dürüstlüyünüzə, dəqiqliyinizə görə sevirlər... 

- Bəli, həmişə çalışmışam ki, hər kəsə qarşı dürüst, düzgün olum. Dəqiqliyi həmişə sevmişəm. Əgər mənim biri ilə hardasa bir görüşüm varsa, niyə oraya gec getməliyəm? Çalışıram ki, vaxtından 5 dəqiqə də tez gedim, qoy həmin adam məni yox, mən onu gözləyim. Birbaşa olaraq, düzgün insan olmaqla biz ətrafdakı şəxslərə qarşı da bu xüsusiyyəti aşılaya və hörmət-izzət sahibi ola bilərik. Yaxınlarım məni bu dərəcədə dəqiqliyimə görə hətta, "nemes" adlandırırlar. 

- Hər zaman yaşlı və cavan nəsil arasında intriqa və bir-birini bəyənməmək olur. Buna münasibətiniz necədir? İndiki gənclər ilə, bir neçə on il qabağın gəncləri arasında nələri fərqləndirərdiniz? 

- Bu iki nəsil arasında intriqa hər zaman olub, ta ki, dünya yaranandan. Yəqin ki, sona qədər də, davam edəcək. Min illərdir ki, bu anlaşılmazlıq davam edirsə, yəqin ki, hər iki tərəfin tutarlı dəlilləri var. O ki qaldı bizim gənclərimiz ilə qabaqkı uşaqlara, bax, bu, qəliz məsələdir. Bizim vaxtımızdakı uşaqlar hara, indikilər hara. O vaxt bizi, yaşlılar dükana göndərəndə sevinirdik ki, görürsən, burada bu qədər uşaq dayanıb, o , məhz məni dükana göndərdi. İndiki uşaqlardan hansı birini amiranə tərzdə çağırıb dükan-bazara göndərmək olar? Bəzən küçədə şahidi oluram ki, gənclər elə tonda danışıb-gülürlər, lap məəttəl qalırsan görəsən, bunun valideynin xəbəri var ki, övladı özünü küçədə hansı tərzdə aparır? 

- Sizcə, müdrikliyin açarı nədədir? 

- İnsan qocaldıqca müdriklik zirvəsinə çatmaq üçün gərək onun gənclik dövründə sanbalı, yetkin dünyagörüşü toplamaq imkanı olsun. Müdrikliyi yalnız kitablardan qazanmaq qəliz məsələdir. Hər şey insanın öz ruhundan, canından gəlməlidir ki, qocaman yaş həddinə çatdıqda onu həqiqətən müdrik hesab etsinlər. Bunlarla yanaşı, insanı yaşadığı həyat, başına gələnlər yetişdirir. 

- Özünüzü uğurlu insan sayırsınızmı? 

- Birmənalı şəkildə "hə" cavabını verərdim. Mən əsgərliyə gedəndə kənddən çıxmış uşaq idim, getdim, orada dünyagörüşüm daha da inkişaf etdi, əsgərliyimi başa vurduqdan az müddət sonra yenidən Rusiyaya qayıdıb karyeramda böyük uğurlar əldə etdim. Sumqayıta köçdükdən sonra da, xeyirxah insanlarla qarşılaşdım. Taleh həmişə mənim qarşıma yaxşıları və yaxşılıqları çıxardı. Buna görə də, mən özümü haqlı olaraq uğurlu sayıram. 

-"168 saat" qəzetinin məsul katibisiniz. Bu günlərdə qəzet də 29 yaşını qeyd edir. Qəzetlə tanışlığınız, bağlılığınız necə yarandı? 

-Mən 1988-ci ildə Sumqayıta köçəndən sonra bir çox iş yerlərində çalışdım. Heç cür çalışdığım yerlərə, iş şəraitinə alışa bilmirdim. Yaşadığım "Birləşmiş məhəllədə" mətbəə var idi. Orada çapçı işləyirdim, həmin müəssisədə çalışırdım. 1992-ci ildə "168 saat"a məni mətbəədən tanıyan Nurəddin Qədirov gətirdi. O, həmin illərdə qəzetdə məsul katib idi. Beləcə, o vaxtdan mənim bu qəzetlə taleyim bağlandı. 

- Qəzetin ən uğurlu müdavimləri arasında kimlərin adını çəkə bilərsiniz? 

- Zaman-zaman bizimlə birgə işləmiş, əməkdaşlıq etdikdən sonra buradan pərvazlanıb gedənlər hədsiz çox olub. Ən uğurlu müdavimlərimiz sırasında Varis Yolçuyevin, Faiq Hüsüyevin, Fazil Talıbovun, Qulu Ağsəsin, Nərgiz Cabbarovanın, Elnur Əşrəfoğlunun, Sənan Şəfizadənin, dünyadan vaxtsız köçən oğlum Alimin, Aida Eyvazlının, iki Vüsal Məmmədovun adını çəkə bilərəm. 

- Uzun illərdir ki, Sumqayıtda yaşayırsınız. Bu şəhər sizin həyatınızda hansı yeri tutur, Sumqayıt sizin üçün hansı anlayışı ifadə edir? 

- Mən 1988-ci ildən burada yaşayıram. Artıq 32 il ötüb - bir igidin ömrüdür. Düzünü deyim ki, şəhərə yeni köçəndə Sumqayıta öyrəşə bilmirdim, darıxırdım, ürəyim yenidən Rusiyaya qayıtmaq istəyirdi. Əvvəl-əvvəl şəhərə öyrəşmək mənə çox çətin gəlirdi. Ancaq bir müddətdən sonra bu baryeri aşıb şəhərlə doğmalaşdım. Qabaqlar Sumqayıtda daha çox zavodlar var idi, belə ki, mən əvvəllər kəndə gedəndə inanmayacaqsınız, amma şəhərin qazlı havası üçün belə darıxırdım. Bu gün isə Sumqayıtı elə sevirəm, ona elə bağlanmışam ki, bir an belə bu şəhərdən ayrıla bilmirəm. 

- Bu yaxınlarda siz də yeni yaşınızı qeyd etdiniz. Öz adımdan və "168 saat" adından sizi təbrik edirəm, möhkəm can sağlığı arzulayıram. 64 yaşın sizə verdiyi böyüklüklə, təcrübə ilə gənclərə məsləhət və arzularınız nə olardı? 

- Əvvəla, xoş sözləriniz və diqqətiniz üçün çox sağ olun. Gənclərə məsləhətim odur ki, heç vaxt yalan, böhtan, satqınlıq nədir bilməsinlər, hər zaman bir-birlərinə qarşı mərd olsunlar. Çalışqan olsunlar, əməyi sevsinlər, anlasınlar ki, insan əməkdə bişir və əməklə ucalır. Həmişə böyüklərinə qarşı hörmətli olsunlar, onların başını uca etmək haqda düşünsünlər. 

( "168saat" qəzeti)


Söhbətləşdi: Səbuhi Qorqud


OXŞAR XƏBƏRLƏR

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Ukraynadan Azərbaycana gələn qız: "Mənə burada qaçqın statusu veriləcəyini düşünmürəm" - Müsahibə

O, martın 10-dan Azərbaycana gəlib. Ukrayna vətəndaşıdır və orada doğulub böyüyüb, valideynləri isə Naxçıvandandır. Aysel Nağıyeva uzun illər  menecer kimi...

“Mənə ildə 80 min dollar təqaüd ayrılır” - Azərbaycanlı gənc

Respublika və beynəlxalq olimpiadaların dəfələrlə qalibi olan, hazırda dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutunda təhs...

Zori Balayanı yerində otuzduran azərbaycanlı: “Dedilər Mahir başımızı ağrıda bilər” - FOTO + MÜSAHİBƏ

Bu günə qədər Azərbaycan həqiqətlərini dünyaya çatdıran soydaşlarımız 44 günlük Vətən müharibəsi zamanı da informasiya cəbhəsində mübarizəni dayandırmadılar. Az...

İlham Əliyevin Türkiyədə ən çox danışılan sözləri... - “CNN Türk” əməkdaşı ilə MÜSAHİBƏ

Avqustun 15-də Prezident İlham Əliyev Türkiyənin "CNN Türk” kanalına müsahibə verib. Təkcə Azərbaycan və Türkiyədə yox, eyni zamanda digər ölkələrdə də bö...

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTOLAR

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı "İskəndər” raketlərindən istifadə edib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlən...