Firəngiz Əlizadə Prezidentlə görüşdən danışdı:"Biz kosmosdan gəlməmişik ki?!" - MÜSAHİBƏ

Firəngiz Əlizadə Prezidentlə görüşdən danışdı:
Bu günlərdə ən çox müzakirə edilən məsələlərdən biri Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın martın 1-də yaradıcı şəxslərlə görüşüdür. 

Bəstəkarlar İttifaqının rəhbəri Firəngiz Əlizadənin bu barədə  müsahibəsini oxuculara təqdim edirik:

– Firəngiz xanım, Prezidentlə görüşdünüz, Sizin təəssüratınız nədir? Bu görüşün Sizcə, bir səmərəsi varmı?

– Çox yüksək dəyərləndirirəm bu görüşü. Elə indicə zəng etdilər ki, Yaşar İmanov (86 yaşlı bəstəkar, dirijordur, görüşdə onun mənzillə təmin edilməsi xahiş olunub– A.R.) gəlsin, ona mənzil veriləcək. Yəni, çox operativ şəkildə bizim qoyduğumuz məsələlər həll olunur. Mən deyərdim, bəzi məmurlarımız prezidentimizdən ibrət götürsünlər. Necə səbirlə, diqqətlə hamımıza qulaq asdı, heç kimin sözünü kəsmədi. Bizə demişdilər ki, 5-6 dəqiqə çıxış edin, bəziləri 10 dəqiqə, 20 dəqiqə çıxış etdi, ancaq heç kimin sözü kəsilmədi, hamıya qulaq asıldı. Bizə ən çox təsir edən fakt odur ki, möhtərəm cənab prezident hər şeyi yazır, qeyd edirdi. Çıxışlar bitəndən sonra bir-bir təkliflərimizə, problemlərimizə münasibət bildirdi. Bəzi məsələləri də orda həll etdi. Təəssürat necə ola bilər? Birincisi, Bəstəkarlar İttifaqının binası bizə qaytarıldı. Orda da dedim, biz uzun illər yersiz-yuvasız qalmışdıq. Bizim kitabxananı çətinliklə qoruyub saxlamışıq, partituralar məhv olmasın deyə, evlərdə saxlayırdıq. İndi gözəl binamız da var, kitabxanamız da. Bəstəkarlar bunu görüb əlyazmalarını, partituralarını bizə təhvil verirlər. Bəstəkarlar İttifaqında gözəl işlər gedir. Mən zənn edirəm ki, bu gözəl görüşdən sonra fəaliyyətimizi daha da yüksək səviyyədə davam etdirəcəyik.

– Sizcə, bu görüşün keçirilməsində məqsəd nə idi? Niyə Prezident yaradıcı şəxslərlə belə görüşə ehtiyac duydu?

– Biz onun görüşlərində çox olmuşuq, çıxışlarına zalda çox qulaq asmışıq. Amma burda ikitərəfli görüş oldu, biz də danışdıq, bizə də cavab verildi. Necə deyərlər, küçədə hərəkət ikitərəfli oldu. Təkliflərimizi etdik, problemlərimizi açıqladıq. Bu görüşə ehtiyac böyük idi və bu görüşlər daha tez-tez, müntəzəm keçirilməlidir. Bununla bağlı bir neçə variant var. Bəlkə Birinci xanımla və ya Heydər Əliyev Fondunda, bəlkə də prezidentin özü ilə görüş keçiriləcək. Hansı formada keçiriləcək, hələlik müəyyən edilməyib. Ancaq bu görüşlər hər halda ildə bir dəfə, bəlkə iki dəfə keçiriləcək.

– Adətən, mərhum prezident Heydər Əliyev də belə görüşlər keçirirdi. Amma bu, adətən, mühüm hadisələr, qərarlar ərəfəsində olurdu və ziyalılardan hansısa dəstək gözləyirdi. İndi də belə təəssüratlar var ki, deyəsən, Prezident İlham Əliyev də hansısa addım atmaq ərəfəsindədir və ziyalıların dəstəyinə ehtiyacı var, buna görə də onları səbirlə dinləyir, istədiyini yerinə yetirməyə çalışır… Bu haqda nə düşünürsünüz?

– Bu haqda heç nə deyə bilmərəm. Heç bir proqnozum yoxdur. Nə olacaq və nə üçün… Bu görüşlərə həmişə ehtiyac var. Heydər Əliyev həmişə səhnədə, səhnə arxasında artistlərlə görüşürdü. Yəni çox müxtəlif… Hər insanın, hər rəhbərin insanlarla ünsiyyət girmək üçün öz tərzi var. Ona görə deyə bilmərik ki, sən də belə olmalısan. Bizim buna haqqımız yoxdur. Biz çox məmnunuq. Görüşlər keçirilib. Demək olmaz ki, bu cür görüşlər keçirilmir. Amma burda bizə əməlli-başlı söz verildi, heç kimin sözü kəsilmədi.

– Xalq artisti Zeynəb Xanlarova dedi: «Xahiş edirəm ki, xahişləri kəsəsiniz». Sizcə, bunu deyərkən haqlı idimi? Ya əksinə, orda danışılmalı idi?

– O özü bilər. Mən heç kimin reaksiyasına müdaxilə edə bilmərəm. Hərə öz ürək sözünü dedi, hərə ürəyində nə vardı açıqladı. Təbii ki, biz hazırlaşmışdıq. Biz çox danışa bilərdik, bəlkə bir saat. Amma başa düşürük ki, orda yığcam, konkret təkliflərimizi verməliyik. Bir var dostunla söhbət edirsən, bir də var dövlətin başçısı ilə danışırsan. Dünyanın bu zamanında ki, nələr, nələr olur ətrafımızda, o yerdə sənə vaxt ayrılır. Bağışlayın, mənim yanımda indi iclasdır.

– Son sual o zaman. Sosial şəbəkələrdə görüş iştirakçıları tənqid olunur ki, orda xalqın dərdindən, problemlərindən niyə danışılmadı.

– Biz xalq deyilik? Bəs biz kimik? Aydan gəlmişik? Haradan gəlmişik? Kosmosdan gəlmişik? Biz də xalqıq.

– Daha çox yaradıcı insanların…

– Biz də bu xalqın nümayəndəsiyik. Mən özüm haqda danışdım? Mən də xalqım haqda danışdım. Hamı, elə Anar da. Yazıçılar Birliyinin 1500 üzvü var, onların adından danışdı bu insan da. Bu Azərbaycan xalqı deyil? Biz fransızlar haqqında danışırdıq? Dərdlər çoxdur. Elə xalq yoxdur ki, onun dərdi olmasın. Götürək Qarabağ dərdini. İndi biz başlayaq Qarabağ məsələsini müzakirə etməyə? Hər yığıncağın öz mövzusu var da.

– Amma Fərhad Bədəlbəyli Şuşa haqqında danışdı.

– Bəli, dedi. Çalışdıq ki, orda ən mühüm məsələləri qaldıraq. Bəs bizim gənc bəstəkarların evi yoxdur, onlar bizim xalqımız deyil? Yaşar İmanov qaçqındır, bəstəkardır, o xalq deyil? Xalqdır da. Biz kosmosdan gəlməmişik ki. Yəni bu danışanlar boş-boş söhbətlər edirlər. Biz nə lazımdır dedik. Sağ olsun bizim rəhbərimiz ki, oturdu diqqətlə dinlədi. Sağ olun…"Azadlıq” radiosu


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...