"Əsl şairlər PR mütəxəssisləridir" - MÜSAHİBƏ

İlkin Əhmədovun bankda işləyəcəyini biləndə yüngül şok keçirmişdik. Mətbuatda uzun illik təcrübə, sektorda tanınmaq, uğurlu karyera, ölkənin ən böyük media holdinqi olan APA-nın iqtisadiyyat xəbərlərinin rəhbərinin birdən-birə bank sektoruna keçib PR sahəsində işləyəcəyi inandırıcı gəlmirdi. Düşünürdük ki, konservativ, yenilikləri çox da sevməyən, təşəbbüslərə isə ehtiyatla yanaşan bank sektorunun onu da «əridib», ənənəvi mətbuat katibinə çevirəcək. Amma bu baş vermədi.  Üstəlik sonraki proseslər də göstərdi ki, mediadan, APA-dan banka keçid çox düzgün qərar idi.


Mətbuat işçisinin bank PR-çısına transformasiya ilə bağlı FED.az-ın suallarına AccessBank-ın PR meneceri İlkin Əhmədov cavab verir:
 
- Jurnalistikadan PR sahəsinə keçidindən 1 il ötür. 2018-ci il bir PR mütəxəssisi kimi sənin üçün necə keçdi?

- Açığı, barəmdə PR sözündən sonra mütəxəssis sözünün işlənməsinin əleyhinəyəm. Mən başqalarından çox özümü aldatmağı sevmirəm. Təvazökarlıq etmirəm. Reallıq budur ki, hələ mütəxəssis deyiləm. Lakin bu vəzifə mənə təklif olunan gündən öz üzərimdə işləyirəm. Bu, sadəcə gözəl "söz yığını" deyil. "Əlimdən kitab düşmür" deyə bilməyəcəyəm, çünki əksər hallarda onlayn  qaydada oxuyuram. Əsas olan odur ki, oxuyuram. Yeri gəlmişkən, yalnız öz sahəmə aid ədəbiyyatı oxumuram, nitqimi qorumaq, söz bazamı zənginləşdirmək üçün mütəmadi olaraq həm doğma, həm də rus dilində mütaliə edirəm. Üstəlik, elə bir yerə düşmüşəm ki, öyrənməmək olmur. Məni bu sahəyə gətirən insan məsuliyyəti boynuna götürüb dəvət etmişdi. 
Qayıdaq suala. İl olduqca gözəl keçib. Hətta deyərdim ki, nəfəs almağa imkanımız olmayıb. Amma bir şeyi nəzərə alın ki, bizim komanda öz işi ilə nəfəs alır. Sağ qalmaq üçün stabil şəkildə nəfəs alırıq, amma məcburiyyətdən deyil…
 
- Necə düşünürsən, sənin gəlişin AccessBank-ın imicinə müsbət təsir edib?

- AccessBank-dakı ilk iş günüm yadıma düşdü. Həmin gün bütün mətbuat məndən yazırdı. Açığı, mən jurnalist olarkən bu cür xəbərləri sevə-sevə yazırdım. Bir həmkarımızın "qabağa getməsi" mənə zövq verirdi. Əlqərəz, xəbərlər saytlarda çıxdıqca, dostlar Facebook-da təbrik etdikcə mən yeni iş yoldaşlarımdan gözlərimi qaçırırdım… çünki içimdəki sevinc hissi gözlərimi yaşardırdı. Yəqin ki, hər biriniz bu hissləri keçirmisiniz. Bir qədər sonra anam zəng etdi və dedi: "Bala, sənə çəkdiyim əziyyət halalın olsun! Atan da yanımdadır, amma sevincdən danışa bilmir. Uşaqlıqdan bu günü arzulamışam. Şükür Allaha! Həm də ona görə şükür ki, sənin belə gözəl dostların var! Atan bayaqdan deyir ki, İlkin bütün mətbuat və Facebook-u zəbt edib". Bu sözlərdən sonra bankdan ildırım sürətilə uzaqlaşdım və heç kimin olmadığı bir yerdə oturub ağladım. Bir anlıq bütün həyatım gözümün önündən keçdi. Elə oradaca Facebook vasitəsilə hər kəsə təşəkkür etdim. Ailəmə, dostlarıma, hərmkarlarıma… Həmin gün mənim günüm idi!
Aşxam isə hazırkı sədrimiz Anar Həsənov yazdı ki, mətbuat heç vaxt AccessBank-a belə dəstək verməmişdi. Məncə sədrimiz mənim əvəzimə sizin sualınıza elə o zaman cavab verib. AccessBank hər zaman mətbuatın dostu olub. Təvazökarlıqdan bir qədər kənar olsa da deyə bilərəm ki, mənim gəlişimlə mətbuatla daha yaxın olmuşuq. Mən təmənnalı dostluğun əleyhinəyəm və sevinirəm ki, həmkarlarımın mütləq əksəriyyəti də mənə və bankımıza bu cür yanaşır.
 
- Jurnalistlər arasında belə bir söz var: jurnalistika yaxşı mənada bir bataqlıqdır. Bu bataqlıqdan çıxmaq çətin olmadı?
 
- Əksinə, mən batdıqca batıram. Bilirsiniz ki, bu ildən etibarən biz müştərilərimizlə reportajlar edirik. Bilirəm ki, bu layihə yaxşı mənada özündən söz etdirə bilib - müştərilərimiz də, mətbuat da, kollektivimiz də çox bəyənir. Hətta filiallarımız arasında gözəl rəqabət yaratmışıq. Belə ki, hər kəs öz müştərisi ilə öyünmək istəyir. Bu isə mənə zövq verir. Başqa sözlə, qələmi paslanmağa qoymuram.
 
- Jurnalist olan zaman özünə ad-san qazana bildin. PR sahəsində durum necədir?

- Açığı, özümü PR etməyi sevmirəm. Mənim təsəvvürüm belədir ki, PR mütəxəssisin əl işi elə onun özünün piarıdır. Təəssüf ki, bizdə əksəriyyət özünü piar edir, lakin ortalıqda bir iş yoxdur. Mənim xislətimdə paxıllıq yoxdur, amma haqsızlığa dözümsüzəm. Dostumuz Elmin Nurinin çox yaxşı bir sözü var: "Ədəbiyyatımızın ən böyük problemi odur ki, ömründə bir dəfə kitab oxuyan ikinci dəfə artıq öz yazdığı kitabı oxuyur". İnanın ki, PR və digər sahələrdə də vəziyyət bu cürdür. İki cümləni bir-birinə calaya bilməyənlər camaata öyüd-nəsihət verir, palaz-palaz yazılar yazır. Yəqin ki, bu müsahibəni oxuyanlar deyəcək ki, iki gündür PR sahəsinə gəlib, artıq onu-bunu bəyənmir. Amma razılaşın ki, jurnalistlər bu sahədə işləyənləri daha yaxşı tanıyır. Biz kimin qabında nəyin olduğuna yaxşı bələdik.

Sual verdiniz ki, PR sahəsində ad-san qazana bilmişəm? Mən ad-san dalınca heç vaxt qaçmamışam. Amma həmişə adımın təmiz olması üçün əlləşib-vuruşmuşam.

Bir şey üzərində xüsusilə dayanmaq istərdim. Yəqin zaman-zaman bu ifadəni eşitmisiniz: "AccessBank bir məktəbdir". Bu məktəbdə hər kəs sıfırdan başlayır və təkmilləşərək peşəkara çevrilir. Bu baxımdan mən də məhz bu məktəbi əlaçı kimi bitirməyi qarşıma məqsəd qoymuşam.
 
- Səmimi de, sənin üçün PR sahəsinin ən yaxşısı və ya yaxşıları kimlərdir?

- Özlərinə şəxsən bu sahənin ən yaxşıları olduqlarını bir-bir demişəm. Ad çəkmək istəmirəm. Böyük problemlərdən biri odur ki, onların əksəriyyəti ya layiq olduğu yerdə deyil, ya bu sahədən uzaqlaşıb, ya da işsizdir. Bunun kökündə bir problem durur və bu problemin səbəbini siz məndən daha yaxşı bilirsiniz.
Qayıdıram bayaq səsləndirdiyim fikrə. Jurnalistika hər kəsi daha yaxından tanımağa imkan verir. Özünü ölkənin ən güclü PR mütəxəssisi kimi qələmə verənlərdən biri gecə-gündüz özünü piar edir. Bir gün başladım bu insanı araşdırmağa. Məlum oldu ki, bu insan əvvələr bir avtomobil brendinin rəsmi distribütorunun marketinq rəhbəri olub. Bu adam bir gün "araşdırma" edib və rəhbərliyə təkid edib ki, filan modeldən təxminən 100 ədəd sifariş verin. Rəhbərlik buna qulaq asıb… Xeyli müddət keçib, lakin maşınlar satılmayıb. Əlqərəz, "ölkənin ən güclü mütəxəssisini" qovublar. Ardınca gedib iri tikinti şirkətinə iş düzəlib. Hər yerdə özünü vitse-prezident kimi təqdim edirmiş. Bir gün şirkətin rəhbərindən müsahibə alanda "ölkənin ən güclü mütəxəssisi" ilə maraqlandım. Həmsöhbətim vitse-prezident məsələsini eşidəndə şoka düşdü. Sən demə, bu insan ştatdankənar işçi imiş və qeyri-adekvat hərəkətlərinə, bəzi maxinasiyalarına ümumiyyətlə işdən qovulub. Amma Facebook-dakı statuslarını, ora yazılan şərhləri oxuyanda düşünürsən ki, bu adam Azərbaycan bazarı üçün bir tapıntıdır, bu gün-sabah PR və marketinq sahəsində inqilab edəcək.
 
- Jurnalist olduğun zaman tez-tez mətbuat katibləri ilə mübahisə edirdin. İndi "cəbhə xətti”nin o biri tayındasan. Bəs siz kimlərlə mübahisə edirsiniz?

- Əvvəla, mən sahilimi dəyişməmişəm. Dəyişən sadəcə vəzifədir. Üstəlik, mən və komandam hər zaman mətbuat katibləri ilə xəbər davası edib. Buna görə, hər yerdə hörmətimiz olub.

Nzəərinizə çatdırım ki, mən sorğunu rekord bir vaxtda cavablandırmışam. Mənim bundan xəbərim yox idi, jurnalist dostlar dedi. Yenicə gəldiyim vaxtlar idi, tərəfdaş media qurumundan sorğu daxil oldu. Mən dərhal sorğunu aidiyyatı departamentə yönəltdim və həmin struktur bölmədən çox qısa vaxt ərzində cavab gəldi. Mənə yalnız "forward" düyməsinə klik etmək qalırdı. Ardından jurnalist dostumuz zəng edib dedi ki, rekord qırmışam. Səhv etmirəmsə, sorğunun (e-mail ilə) cavablandırılması 7 dəqiqə aparmışdı. Nə gizlədim, sevindim.

"PR menecer media ilə işini necə qurmalıdır?" mövzusunda tez-tez ədəbiyyat oxuyuram. "Qızıl qaydalar"dan biri odur ki, media operativliyi sevir. Fikrimcə, hər kəs özünü qarşı tərəfin yerinə qoysa, işlərimiz düzələr. Mən jurnalist olan zaman operativ cavabları sevirdim. Müəyyən vaxt kəsimi var və o müddət ötdüsə, deməli, qarşı tərəf cavab vermək istəmir və bunun üçün bəhanə axtarır, vaxt uzadır.

Lakin məsələnin başqa tərəfi də var. Bilirsiniz ki, bir müddət öncə AccessBank Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırdı. Bundan sonra sorğuların ardı-arası kəsilmirdi. Mən şablon cavablar vermək istəmirdim. Səbəbi bayaq qeyd etdim. Jurnalist olan zaman bu cür cavablara ən çox mən əsəbləşirdim. Digər tərəfdən jurnalistlərin vaxtını almaq istəmirdim. Sorğu göndərən dostlara bir-bir zəng etdim, bəziləri ilə görüşdüm və möhlət istədim. Məni qınayanlar da tapıldı, bəziləri düşündü ki, artıq İlkin də məmurlaşıb. Çox qısa müddət sonra sədrimiz Anar Həsənovun müsahibəsi çıxdı və hər kəs məsələnin mahiyyətini dərk etdi. İnanın ki, məndən üzr istəyənlər də oldu. Yəni, bəzən istənilən məsələ "Bir qalanın sirri"nə çevrilir və sənin borcun o sirri qorumaqdır. Çalışıram ki, həm jurnalistlərin, həm də bankirlərin dilində danışmağı bacarım.
 
- Dedin ki, həmişə mətbuat katibləri ilə xəbər davası etmisiniz. Yəqin ki, jurnalistikadan gedəndən sonra sevinənlər də olub.
 
- Düşünmürəm ki, gedişim jurnalistika üçün ciddi itki olub. Amma səmimi deyim ki, bəzi mətbuat katibləri sevindiklərini şəxsən üzümə deyiblər. Zarafata salıblar, amma etiraf ediblər. Lakin bilirəm ki, mənə hörmət qoyurlar və bu hörmət qarşılıqlıdır.
 
- Bayaq "qızıl qaydalar"a toxundun. Digər qaydalar hansılardır?

- Bayaq operativlik barədə danışdım. Bəzi PR menecerlər bir press-reliz göndərdikdən sonra zəng edib jurnalistlərin yadına salmağı özünə borc bilir. Təsəvvür edin, jurnalistin işi başından aşır-daşır, bank rəsmisi zəng edib deyir ki, bax elə bu dəqiqə mənim xəbərimi verməlisən, axı mən sənə pul verirəm. Öz təcrübəmdən bilirəm ki, bu, olduqca yanlış addımdır. Əgər sənin press-relizinin xəbər çəkisi varsa, jurnalistin öz marağındadır ki, press-relizi rəhal yerləşdirsin. Yox, press-reliz hansısa kampaniya barədədirsə, qətiyyən jurnalistə ağıl öyrətməyin.
Digər "qızıl qaydalar" ümumən hər kəsin bildiyi şeylərdir.
 
- PR marketinqin bir qoludur. Sizcə marketinq bir qolsuz yaşa bilər, yoxsa ölümə məhkumdur?

- PR qığılcım yaradır, marketinq isə söndürülməsi mümkün olmayan bir alov! Razılaşın ki, qığılcım olmadan alov yarana bilməz. Siz dünyanın ən güclü piarını apara bilərsiniz, lakin sizi müştəri sabah səhər 8:00-a bir məhsul sifariş veribsə, əməkdaşlarınız isə 2 saat gecikmə ilə zəng edib deyirsə ki, biz 1 saat da yubanırıq, deməli, hər şey kəllə-mayallaq gedir. Heç kim deməyəcək ki, PR əla idi, marketinq və satış isə pis. Müştəri sadəcə sizdən imtina edəcək. Unutmaq olmaz ki, yaxşı PR yalnız bir dəfə müştərini keyfiyyətsiz məhsul almağa inandıra bilər. Lakin müştəri məhsulun keyfiyyətsiz olduğunu bilsə, vəssalam. İnkişaf etmiş ölkələrin praktikası göstərir ki, əgər hər kəs reklamdan danışırsa, deməli bu pis reklamdır, əgər hər kəs məhsuldan danışırsa, əsl reklam budur! Gördüyünüz kimi, hər şey bir-birinə bağlıdır. Yaxşı reklama xərclənən 100 manat pis reklama çəkilən 1000, hətta 10000 manatdan daha effektivdir.

AccessBank-ın Marektinq departamenti hər bir işin öhdəsindən vahid bir komanda kimi gəlir. Məni qürurlandıran odur ki, biz hər bir layihəni öz gücümüz hesabına reallaşdırırıq. Hər bir layihə bu komandanın üzvlərinin beyninin məhsuludur. Başqa sözlə, biz hazıra nazir deyilik! O məhsullar ərsəyə gələnədək komandadaxili müzakirələrə sadəcə kənardan baxmaq lazımdır. Belə bir fikir var ki, əgər komandada hər kəs eyni düşünürsə, deməli, kimsə və ya kimlərsə sadəcə düşünmür. Mən bu fikirlə tamamilə razıyam. Bizim komanda da bu cür düşünür. Məncə layihələrimizin uğurunun təməlində bu amil dayanır.
 
- Razısan ki, hər şeyin, o cümlədən bu sahənin də başında pul dayanır?

- Ola bilər ki, kimlərinsə daha çox pulu var və bizdən daha çox layihə həyata keçirir, adları daha çox hallanır. Lakin biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Biz müştərimizin nə istədiyini çox yaxşı bilirik və onun istəyinə əsasən layihə həyata keçiririk. Bayaq qeyd etdiyim kimi, biz az, lakin daha effektiv xərcləyirik. Əsl bankir də elə hər qəpiyinin qədrini bilən şəxsdir.
Təəssüflə etiraf etməliyəm, hazırda vəziyyət elə gətirib ki, hər şeyin başında pul dayanır. Pul hər şey deyil, lakin hər şey puldur...
 
- Deyilənə görə, reklam qanuniləşdirilmiş yalandır...

- (Gülür) Mən daha yaxşı ifadə eşitmişəm. Deyilənə görə, əsl şairlər PR mütəxəssisləridir. Yeri gəlmişkən, bu sözlərin müəllifi şairdir...
Zarafat bir yana, hər şeyin, o cümlədən, yalanın da bir həddi var. Məncə indiki alıcını aldatmaq çox çətindir, hətta mümkün deyil. Aldadanlar isə cəzasını ağır şəkildə çəkəcək və söhbət heç də məsələnin qanuni tərəfindən getmir.  

 

OXŞAR XƏBƏRLƏR

“Bu gün hansı azərbaycanlı 800-1000 manata kirayədə qala bilər?” – Tələbələrin gəlişi ilə qiymətlər daha da qalxacaq...

Bu gün paytaxtda kifayət qədər kirayə mənzillər var, ancaq pandemiyanın təsirsiz ötüşmədiyi sahələrdən biri də məhz kirayə ev bazarı oldu. Evlərin alqı-satqısı ...

Mikayıl Cabbarov: "Azərbaycan-İsrail münasibətlərinin potensialı daha da böyükdür" - MÜSAHİBƏ

Məhsuldar şəkildə inkişaf edən Azərbaycan-İsrail münasibətləri iqtisadi sahədə də yaxşı əks olunub və bu işi Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Azərb...

"Dünənlə müqayisədə biz çox inkişaf etmişik" - MÜSAHİBƏ

  "Günay Sığorta" şirkətinin Marketinq və İctimaiyyətlə əlaqələr üzrə direktoru Saida Fətullazadənin Fins.az-a verdiyini müsahibəni təqdim edirik. &nb...

Restrukturizasiyadan sonra müştərinin aylıq kredit ödənişi üç dəfəyədək azalır – Müsahibə

  Restrukturizasiya prosesin müştəriyə verdiyi əsas üstünlük onun aylıq ödənişlərinin minimuma salınması və kredit tarixçəsinin yenilənməsidir. Unibank m...

Unibank Paralimpiyanın ən yaxın dəstəkçilərindən biridir

Unibank Paralimpiya komandasına tək maddi deyil, həm də mənəvi dəstək olur. Bankın bu addımı əslində cəmiyyətə nümunə olacaq bir davranışdır. Bu haqda Mil...

Unibank indiyədək müştərilərinə 37 milyon manata yaxın kompensasiya ödəyib- Müsahibə

Unibank indiyədək 43 mindən çox müştəriyə kompensasiya ödəyib. Proses may ayının sonunadək başa çatdırılacaq. Bu haqda "Unibank” KB-nın  Pərakəndə  bi...