“Azəriqaz”ın baş direktoru: "Gücləndirilmiş iş rejimində çalışırıq" - MÜSAHİBƏ

“Azəriqaz”ın baş direktoru:
 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin COVID-19 koronavirus infeksiyası şəraitində "Azəriqaz” İB-də işin təşkili və sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi məsələləri barədə müsahibəsi:

 - Ruslan müəllim, koronavirus (COVID-19) pandemiyasının yayılması şəraitində qaz təchizatı sahəsində əhaliyə kommunal xidmət göstərən "Azəriqaz” İB fəaliyyətini necə təşkil edir?

- Qloballaşma şəraitində formalaşmış dünya iqtisadiyyatına nüfuz edən hər hansı bir önəmli amil nəticə etibarı ilə ölkələrin iqtisadiyatına da təsirsiz ötüşmür. Belə ki, bazar münasibətləri prinsipi əsasında fəaliyyət göstərən milli iqtisadiyyatlar arasında biznes prosesləri və kommersiya sahəsi qarşılıqlı əlaqələrlə (asılılıqla) səciyyələnir. Bu təsirin müsbət və ya mənfi olması isə baş vermiş halın mənşəyindən, onun yarada biləcək imkan, inkişaf perspektivlərindən, eləcə də törədəcəyi fəsadlardan, məhdudiyyət və məhrumiyyətlərdən asılı olaraq müəyyən edilir.

Heç şübhəsiz, dünya üzrə sürətlə yayılan COVID-19 pandemiyası ictimai həyatın bütün sahələrinə neqativ təsir etməklə yanaşı, iqtisadiyyatda durğunluğun yaranmasına səbəb olur. Koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması vəzifəsi sosial izolyasiya yönümlü tədbirlərin həyata keçirilməsi ilə şərtlənən karantin rejiminin tətbiqini zəruri etdi. Bu da ilk dövrdə bəzi sahələr üzrə fəaliyyət göstərən müəssisələrin iş müddətinin məhdudlaşdırılması, xüsusi tənzimlənməsi, bəzi hallarda isə müvəqqəti olsa da, tam dayandırılması ilə müşayət olunur. Bununla belə, pandemiya ilə mübarizə şəraitində insan həyatının və sağlamlığının qorunmasını ali məqsəd və prioritet dəyər hesab edən dövlət başçısı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə nəinki əhalinin aztəminatlı kateqoriyasının sosial dayanaqlığının möhkəmləndirilməsi, səhiyyə institutlarının maddi-texniki təchizatının gücləndirilməsi, o cümlədən modul tipli xəstəxanaların açılması, eləcə də koronavirus infeksiyasının yayılması ilə əlaqədar zərər çəkmiş kommersiya subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün zəruri tədbirlər görülüb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq edilib.

Dünyada vüsət almış koronavirus (COVID-19) pandemiyasının Azərbaycan daxilində geniş yayılmasının, ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində yarada biləcəyi təhlükənin və digər fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın "Xüsusi rejimdə iş üzrə təlimat”ından və digər məlumatlarından, eləcə də SOCAR-ın bununla əlaqədar verdiyi müvafiq əmrlərindən irəli gələrək "Azəriqaz” İB "Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönələn əlavə tədbirlər haqqında” əmr qəbul etdi.

Həmin əmrə görə qaz təchizatı sahəsində göstərilən kommunal xidmətlərin spesifikliyi nəzərə alınmaqla mövcud texniki imkanlardan istifadə edərək müvafiq meyarlar (yaşı 60 yaşdan yuxarı olan şəxslər, öhdəsində azyaşlı uşağı olan qadınlar, onkoloji və ya ağciyər xəstəliyi olan işçilər və s.) əsasında siyahısı müəyən edilən işçilər üçün əmək funksiyasının bilavasitə evlərindən həyata keçirilməsinə şərait yaradıldı. Bundan başqa, iş yerlərinin mütəmadi olaraq dezinfeksiya edilməsi, inzibati binada yerləşən bütün liftlərin qarşısında, sanitar qovşaqların qarşısında əllərin dezinfeksiya edilməsi üçün xüsusi vasitələrin quraşdırılması təmin edilib. İşçilər dövri olaraq koronavirus infeksiyasına yoluxmanı müəyyən etmək üçün testlərdən keçirilir, bütün əmək kollektivinə sanitariya-gigiyena, karantin rejiminin tələblərinə ciddi əməl olunması tapşırılır. Karantin rejiminin tələblərinə tam riayət etməyən işçilər barədə intizam, əmək funksiyalarını yerinə yetirərkən abonent məmnuniyyətini qazanan işçilər barəsində isə həvəsləndirici tədbirlər həyata keçirilir.

"Azəriqaz” İstehsalat Birliyi əhaliyə qaz təchizatı sahəsində fasiləsiz xidmətin göstərilməsi məqsədilə ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq fəaliyyətini gücləndirilmiş iş şəraitində təşkil edir. Mütəmadi olaraq videokonfrans formatında Birliyin aidiyyəti struktur bölmələrinin rəhbərliyi ilə iclaslar keçirilir, vətəndaşların qəbulu təşkil olunur, bunun nəticəsi üzrə müvafiq tapşırıqlar verilir və icrasına nəzarət təmin edilir.

- "Azəriqaz” İB-nin qanunvericiliklə tənzimlənən fəaliyyətinin təkmilləşdirilməsi sahəsində hansı tədbirlər görülməkdədir?

- Bilirsiniz, hər hansı sahədə münasibətləri nizamlayan normativ-hüquqi aktlara riayət etmək bəzən yetərli olmur. Tənzimlənən sahədə tendensiyaları və onların real tələblərə uyğunluğunu nəzərə alaraq, yeni qanunlar qəbul etmək, qanunvericiliyi təkmilləşdirmək, qanunvericilikdəki boşluqları doldurmaq, kolliziyaları aradan qaldırmaq lazımdır, çünki qəbul edilən normativ-hüquqi aktların effektivliyi və faydalı iş əmsalı onun tənzimləmə funksiyalarının keyfiyyəti və tamlığından asılıdır. Təsadüfi deyil ki, ölkə başçısının "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 29.05.2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə 22 il öncə 1998-ci ildə qəbul edilmiş "Qaz təchizatı haqqında Qanun”un yeni layihəsini hazırlayaraq dövlət başçısına təqdim olunması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təşkil olunmuş "Energetika haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar texniki tapşırıqların formalaşmasında "Azəriqaz” İB-nin mütəxəssisləri fəal iştirak edirlər.

Qeyd etmək lazımdır ki, sahə üzrə münasibətləri tənzimləyən qanunvericilik aktlarında (Qaz təchizatı haqqında qanun, Qazdan istifadə qaydaları) qazdan qanunsuz istifadə (qaz kəmərinə özbaşına qoşulma və ya qaz sayğacının yararsız hala salınması) edilməsinə görə dəyən ziyanı müəyyənləşdirən normalar təsbit olunmayıb. Bu boşluqların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlarla razılaşdırılmış "Qazdan istifadə qaydalarında əlavə və dəyişikliklər” layihəsi hazırlanaraq münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim olunub. Ümidvarıq ki, sahə üzrə münasibətlərin təkmilləşdirilməsinə, mövcud boşluqların aradan qaldırılmasına yönələn bu təkliflər tezliklə qanunvericilik səviyyəsində qəbul ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...