"Avtomatik olaraq məhsulların qiyməti qalxacaq" - Bədbin PROQNOZ

"İranın bank sektoru çökəcək”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Vaşinqtonun Tehrana münasibətdə tətbiq edəcəyi sanksiyalar siyahısına münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.
 
Bununla yanaşı, politoloqun fikrincə, İran üçün sanksiyalar müstəvisində əsl dəhşət noyabr ayında başlayacaq:
 
"Xatırlayırsınızsa, bundan əvvəlki sanksiyalar İranın avtomobil sənayesinə qarşı müəyyən məhdudiyətlər tətbiq edildi. Nəticə etibarı ilə cənub qonşumuzda həm avtomobil istehsalı, həm də onun xaricə çıxarılmasında müəyyən gərginliklər yarandı. İndi də həmin problem davam edir. Əvvəl tətbiq edilən sanksiyalar fonunda İranda tümən kəskin şəkildə qiymətdən düşdü, ölkə ciddi inflyasiya ilə üz-üzə qaldı və əhalinin maddi rifah halı aşağı düşdü. Növbəti sanksiyalar isə İranın iri bank sektorunu çökdürəcək. Növbəti sanksiyalara İranın bir sıra digər istehsal sahələri də daxil edilib. Onların sırasında traktorqayırma sənayesi də var ki, bu zavodun da ən böyüyü Təbriz şəhərindədir. Habelə digər yardımçı sahələrə sanksiyalar tətbiq edilir. Bu sanksiyalardan sonra İran iqtisadiyyatı üçün daha çətin durum yaranacaq. Həm məhsul istehsalı, kooperasiya yolu ilə alınan mallar, həm də hazır məhsulun bazara çıxarılmasında gərginliklər yaşanacaq. Avtomatik olaraq məhsulların qiyməti qalxacaq, alıcının isə həmin qiymətlə nəsə almaq imkanı daha da məhdudlaşacaq. Beləliklə, İranda tələblə təklif arasında ciddi ziddiyyətlərin şahidi olacağıq.
 
Ancaq İran üçün daha ciddi təhlükə noyabr ayından etibarən başlayacaq. Belə ki, İrana qarşı növbəti sanksiyalara məhz bu aydan start verilməlidir. Həmin sanksiyalar isə İranın əsas istehsal sahəsi olan neft sektoruna tətbiq ediləcək. Yəni İranın neft istehsalı bütünlüklə dondurulacaq. Bu halda isə İran üçün əsil fəlakət başlayacaq”.
 
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlər üzərində Nəzarət Şöbəsi (OFAC) İrana qarşı tətbiq ediləcək növbəti sanksiyaların siayhısını verib. Siyahıya Yaxın Şərq və Afrikanın ən böyük traktor istehsalçısı İran Traktor Emalat Şirkəti ilə ən böyük polad istehsalçısı Mübarək Polad Şirkəti, "Parsian Bank”, "Sina Bank”, "Andisheh Mehvaran İnvestisiya Şirkəti”, "Mehr Eqtesad Maliyyə Qrupu”, "Taktar İnvestisiya Şirkəti”, "Tadbirgaran Atiyeh İran İnvestisiya Şirkəti”, İran Sink Metalları İnkişaf Şirkəti, "Negin Sahel Royal İnvestisiya Şirkəti”, "Technotar Mühəndislik Şirkəti”, "Zəncan Turşu İstehsalı Şirkəti”, "Parsian Catalyst Kimya Şirkəti”, "Calcimin”, "Bahman Group”, "Bandar Abbas Sink İstehsal Şirkəti”, "Qeshm Sink Əritmə və Kiçiltmə Şirkəti" daxildir. Buradan göründüyü kimi, İranın avtomatika, mədən və bank sektoru da ABŞ sanksiyaları ilə üz-üzə qalacaq.
 
ELÇİN 
Sfera.az