“Armaturu arxa dəlikdən mənə keçirdi” –“NKVD” tarixinin ən qəddar cəlladı haqda bilmədiklərimiz
10:57 / 12.01.2022
3266
1937-ci ildə "NKVD”-nin başçısı
Nikolay Yejov onu iş müraciəti ilə bağlı qəbul edəndə, 20 dəqiqəlik görüşlərinin
sonunda fikirlərini belə ifadə edib:
"Mən sizə güvənirəm, məntiqiniz,
ciddi xarakteriniz, intellektiniz "NKVD” orqanlarının işinə mücbət təsir göstərəcək...”
Amma Yejov ağlına belə gətiməyib
ki, iki-üç ildən sonra indi işə qəbul etdiyi Boris Rodos ona qarşı ən ağır işgəncələr
tətbiq edəcək.
Sfera.az "NKVD” tarixində ən cəllad
simalarından biri olan Boris Rodos haqda yazını təqdim edir.
O, "NKVD”-də işgüzarlığı,
çevikliyi, amansızlığı ilə yanaşı, həm də Beriyanın "sağ əli” kimi tanınıb. Hətta
Beriya öz şəxsi qisas tapşırıqlarını da Rodosa həvalə edib. Bütün "iş”ləri yüksək
səviyyədə icra edən Rodos bunun qarşılığında yeni vəzifələr, yeni mükafatlar
alıb.
Boris Rodos 1905-ci ildə
Melitopolda (Ukrayna) anadan olub. İbtidai təhsil aldıqdan sonra meyvə-tərəvəz
mağazasında fəhlə işləyib, daha sonra xırda alverlə məşğul olan Rodos elə öz
böyüdüyü şəhərdə siqaret ticarətinə girişib. SSRİ yarandıqdan sonra qanunsuz
ticarətə qarşı mübarizə gücləndiriləndə, o, böyük çevikliklə fəaliyyət istiqamətini
dəyişdirərək Melitopol şəhər istehlak birliyində nəzarətçi vəzifəsinə işə düzəlib.
Eyni zamanda həmin qurumun komsomol təşkilatının katibi seçilib, qiyabi
yolla təhsil alıb. Daha sonra o, komsomolun göndərişi ilə "QPU”-da xidmətə qəbul
olunub. Bəzi mənbələrə görə hələ gənclik illərindən Rodos xüsusi xidmət
orqanları ilə əməkdaşlıq edib. Elə bu əməkdaşlıq da sonralar onu "NKVD”
sıralarına gətirib.
1937-ci ildə işə qəbulla bağlı
Yejovun onu şəxsən qəbul etməsi də sübut edir ki, Rodosun bu qurumla əvvəlcədən
əlaqələri olub.
Beriyanın "NKVD” rəhbərliyinə gəlməsi
ilə Rodosun vəzifə karyerasında yüksəliş başlanıb. O, əvvəlcə "NKVD”-nin istintaq
şöbəsinin rəis köməkçisi, daha sonra isə rəis müavini vəzifəsinə təyinat alıb.
Polkovnik o qədər qəddar və amansız
olub ki, hətta 5 dəqiqədən sonra güllələnəcək şəxsə olmazın işgəncələr verib.
Rodosun işgəncə metodları ilə bağlı
dəfələrlə İosif Stalinə də məktublar göndərilib. Amma bu məktubların da heç bir
nəticəsi olmayıb. Həmin şikayət məktublarının birini də "Suxanovka”da
saxlanılan, Mərkəzi Komitənin komsomol orqanlarına nəzarət şöbəsinin rəhbəri
olmuş Belosludtsev göndərib. Bu günə kimi də arxivlərdə saxlanılan həmin məktubda
bu sətirləri oxumaq olar:
"Boris Rodosun qəddarlığını sözlə
ifadə etmək mümkün deyil. İstintaq zamanı mən yalnız sürünürdüm. O dərəcədə işgəncələr
verilirdi ki, ayaq üstə dayana bilmirdim. O, xüsusi stul hazırlatmışdı.
Oturacaq hissənin tən ortasına şaquli vəziyyətdə hamar olmayan armatur bərkidilmişdi.
Rodos bir yumruqla məni həmin stulda əyləşdirirdi, armatur arxa dəlikdən mənə
keçirdi. Huşumu itirirdim, bir vedrə buz kimi su ilə məni ayıldırdılar və bunu
yenidən təkrar edirdilər. Tələb etdikləri, istədikləri ifadələri verdikdən
sonra da bu cür işgəncələr davam edirdi...”
Polkovnik mövcud dövrün bir çox
tanınmışlarının istintaqını aparıb, yuxarıların etimadını layiqincə
"doğruldub”. Siyasi Büronun üzvləri Kosior və Çubar, Ümumittifaq Komsomolunun
birinci katibi Kosarev, siyasi xadimlərdən Postışev və Eyxe, onlarla siyasi məhbuslar
Rodosun dözülməz işgəncələrinə məruz qalıblar.
Polkovnikin qismətinə öz keşmiş şefinin,
1936-1938-ci illərdə "NKVD”-yə rəhbərlik edən Nikolay Yejovun istintaqını
aparmaq da düşüb. Rodos istintaq zamanı Yejova fərqli işgəncələr verib. Və elə
bu fərqli münasibətə görə də istintaq bitdikdən sonra o, növbəti "Qırmızı
Ulduz” ordeninə layiq görülüb.
Rodos öz qəddarlığı və cəlladlığı,
Beriyaya sədaqəti ilə daha yüksək vəzifələr gözləyib. Amma Stalinin vəfatından
sonra Kremldə baş verən hadisələr onun xeyrinə işləməyib. Beriya həbs
olunduqdan sonra Rodos 1953-cü ilin oktyabr ayında "Beriya işi” ilə bağlı həbs edilib. Onun
istintaqı üç il davam edib və bu üç ilin hər günündə o, işcəncələrə məruz
qalıb. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə Boris Rodos vətənə xəyanətdə,
terrorda, qrup şəkildə antisovet təbliğatda ittiham olunaraq ən ağır cəzaya,
güllələnməyə məhkum edilib.
Ölümündən sonra Rodosun ailə üzvləri
onun bəraəti ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət ediblər. Ancaq bu
müraciətlərin heç birinə müsbət cavab verilməyib. Sonda məsələ ilə bağlı ailə
üzvləri Nikita Xruşova müraciət ünvanlayıblar. Xruşov isə bu məktubun cavabını
birbaşa Mərkəzi Komitənin geniş tərkibli iclasında verib;
"Boris Rodos, bu əli qana batmış
polkovnik öz toyuq düşüncəsi ilə neçə-neçə günahsız insanın həyatına son qoyub.
Bu dəhşətdir, mənəvi cəhətdən yarımçıq olan bir insan bizim görkəmli partiya, mədəniyyət
və ictimai xadimlərin taleyini həll edib. İndi isə ona bəraət verilməsi
haqqında mənə müraciətlər ünvanlanır. Xeyr, bu mümkün deyil. Rodosa bəraət
qazandrmaq özü bir cinayətdir...”
Sfera.az