“Soruşdum ki, nəticə doğrudan 58-dir, ya ora 38 yazılıb?” – MÜSAHİBƏ

“Soruşdum ki, nəticə doğrudan 58-dir, ya ora 38 yazılıb?” – MÜSAHİBƏ
Bəzən gündəlik məşğuliyyətlər səbəbindən özümüzü inkişaf etdirmək, daha çox uğur qazanmaq üçün kitab oxumağa, yaxud hansısa fəaliyyətlə məşğul olmağa zamanımız olmur.
 
Lakin 28 yaşlı müsahibimiz İlkin Əzizli bu steorotipləri qıran şəxslərdəndir. O düşünür ki, uğura gedən yolda çətinliklərdən qorxmaq olmaz.
 
Məhz bu prinsipi həyat şüarı edən İlkin bir il öncə böyük bir xəstəliyə - dializə qalib gələrək, MİQ imtahanında mümkün 60 baldan 58-ni yığmağa müvəffəq olub. Ciddi xəstəliyinin olmasına baxmayaraq, bir neçə ay ərzində dərs oxumaqdan imtina etməyərək, sağlam insanların arzusunda olduğu və çox şəxsin qazana bilməyəciyi bir nailiyyəti əldə edib.

 
Məlumat üçün qeyd edək ki, İlkin Əzizli 1994-cü il Lerik rayonunda dünyaya göz açıb və hazırda  Leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.

İlkin deyir ki, xəstəliyin pəncəsində olarkən dərs oxumaq olduqca çətinləşir. Lakin məqsədin varsa, xəstəxanaya gedən yolda, hətta xəstəxana dəhlizlərində belə məqsədinə gedən yol üçün mübarizə aparmaqdan çəkinmirsən, oxuyursan...

Sfera.az MİQ imtahanında səhhəti ilə mübarizə apararaq, ən yüksək ballardan birini toplayan sözügedən müəllimlə müsahibəni tədim edir:
İlkin xəstəliyi dönəmində bir neçə ay boyunca imtahana hazırlaşıb. O həmin dönəmlərdə bir saat sonra vəziyyətininin necə olacağını təxmin etməyin çətin olduğunu deyib:
 
"Xəstəliklə mübarizə apararaq dərs oxumaq, imtahana hazırlaşmaq olduqca məsuliyyətli bir işdir. Adi halda imtahana hazırlaşmaqla, xəstə vəziyyətdə imtahana hazırlaşmaq  arasında olduqca böyük fərq var. Çünki belə vəziyyətdə bilmirsən ki, bir saat sonra bədənində hansı proseslər baş verəcək, necə olacaqsan... Bəzən bədəndə şiddətli ağrılar olur və çətin anlar yaşayırsan. Buna görə oxumaq həvəsin ölür və davam etmək istəmirsən. Lakin qarşıma qoyduğum məqsəd böyük idi və bu yoldan dönməyə niyyətli deyildim.


 
Ovidinin maraqlı bir fikri var. O deyir ki, məqsədinizə çatmaq üçün həmin şeyi ürəkdən arzulamalısınız. Mən də elə bir çətin xəstəliklə məşğul olarkən MİQ-ə qəbul olmağı ürəkdən arzulayırdım. Düşünürəm ki, bu istəyin də nəticədə böyük rolu var. Əməliyyat olduqdan bir ay sonra səhhətimdə daha ciddi problemlər yaranmağa başladı. Qısa zaman sonra bəlli oldu ki, bağırsağıma mikrob düşüb və ağrıların olmasının səbəbi budur. Elə ağrılar yaşayırdım ki, heç əməliyyat prosesi və ondan öncəki dövrdə belə hal olmamışdı. Ona görə demək olar ki, bir aydan çox kitabın üzünü aça bilməmişdim. Lakin qarşıma qoyduğum məqsədi bir an belə olsa, unutmurdum.

Bildiyiniz kimi, MİQ imtahanı iyulda keçirilir və fevral ayında imtahana artıq qısa bir müddətin qalması hissi məndə narahatlıq yaradırdı. İstəyirdim ki, heç olmasa, iki-üç ay dərslərə ciddi zaman ayıra bilim. İmtahana qədər olan müddətdə hətta xəstəxanaya gedəndə, taksidə də olsa test edirdim, dərs oxuyurdum”.


 
Dializ xəstəliyinin genetik faktorlara bağlı olması məlum məsələdir. Müsahibimiz də özündəki xəstəliyin bu faktorla əlaqədar olmasını istisna etmədi. Hətta dializ onun ailəsindən bir nəfəri - bacısını da əllərindən alıbmış:
 
"Düzdür, belə xəstəliklər adətən genetik faktorla bağlı olur. Böyük bacım 2014-cü ildə məhz böyrək çatışmazlığı səbəbi ilə dünyasını dəyişdi. Ona böyrək köçürülməsi qismət olmadı. Bacımdan başqa uzaq qohumlarımızda da bu xəstəlik olduğu üçün düşünürəm ki, xəstəlik bizdə genetikdir. Lakin onu da deyim ki, 2019-cu ilədək mən səhhətimdə bu xəstəliklə əlaqədar ciddi problemlər yaşamamışam. Dializ səssiz gəlir və bədəndə yaranması, şiddətli hal alması zamanla olur. Bu xəstəlik adətən təzyiqlə özünü biruzə verir ki, onu da çox vaxt digər problemlərlə də əlaqələndirə bilib, şübhə hissi duymursan. Lakin 2019-cu il təzyiqim yüksək dərəcədə olduğu üçün huşumu itirmişdim. O gündən sonra həkimə gedəndə məlum oldu ki, böyrəyimin biri kiçikdir və problemlər var. O zaman artıq bu problemin müalicə ilə həll yolu yox idi və geriyə yalnız əməliyyat olunmaq qalırdı. 2021-ci il yanvar ayında anam öz böyrəyinin birini mənə bağışlayaraq, ikinci dəfə həyat bəxş etdi...".
 
"İmtahan nəticəm 58 bal olsa da, onu 38 kimi görürdüm..."


İlkin lerikli şagirdlərin savadlı müəllimlərə daha çox ehtiyacı olduğunu düşünərək, başqa rayonda çalışmaq istəməyib:

"Sözün düzü, yüksək bal toplayacağıma inamlı idim. Bəzən yorulurdum və həkim ictimai həyata qarışmaqdan uzaq olmağı məsləhət görürdü. Ona görə ancaq dərs oxumaq və ev həyatı məni çox sıxırdı. Lakin bu qədər əziyyətin müqabilində yüksək bal toplamağı hədəfləmişdim. Özümə əmin olsam da, nəticəni imtahan sonu kompüterin monitorunda görəndə çox təəccüblənmişdim. Hətta müəllimi çağırıb soruşmuşdum ki, nəticə doğrudan da 58-dir, ya ora 38 yazılıb? Nəzarətçi məni nəticə ilə bağlı arxayın etdikdən sonra otaqda necə çıxdığımı və anamın yanına necə qaçdığımı tam olaraq xatırlaya bilmirəm. O zaman Lerikdən başqa rayonda işləməyi düşünməmişəm, buradakı şagirdlərin müəllimə daha çox ehtiyacı var. Lakin qismət olarsa, gələcəkdə şəhərdə də çalışa bilərəm".


 
Müsahibimiz deyir ki, ağrıları böyük olsa da, artıq onları unutmağa çalışır, işi ona acılarını unutdurur:
 
"İndi səhhətimdən çox razıyam və hər şey qaydasındadır, sevdiyim işlə məşğul oluram, bacardığım qədər şagirdlərimin uğur qazanmasına çalışıram. Bəzən əməliyyat olduğumu, şiddətli ağrılar keçirdiyimi də unuduram. İnsanlara tövsiyə edirəm ki, getdikləri yolda çətinliklərdən qorxmasınlar və əgər məqsədləri ciddidirsə, mütləq sonda qələbə onların olacaq".
 
Əzizə Zeynal
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

“Birinin kişiliyi çatırsa, desin mən eləmişəm…” – Novruz Məmmədov nəvəsinin toyundan danışdı

Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyu olub. Çoxdandır görünməyən N.Məmmədovun nəvəsinin kiçik toyundan görüntü...

“Soruşdum ki, nəticə doğrudan 58-dir, ya ora 38 yazılıb?” – MÜSAHİBƏ

Bəzən gündəlik məşğuliyyətlər səbəbindən özümüzü inkişaf etdirmək, daha çox uğur qazanmaq üçün kitab oxumağa, yaxud hansısa fəaliyyətlə məşğul olmağa zamanımı...

Hikmət Hacıyev: “Dağıntını görən diplomatlardan heç kim danışmağa cəsarət tapa bilmədi”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev REAL TV-yə müsahibə v...

Füzuli hava limanı Türkiyə ordusunun istifadəsinə verilir? - Açıqlama

"Genişmiqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər...

Madər Musayev: “Deputat maaşım dolanışığıma kifayət edir” - MÜSAHİBƏ

  Sfera.az Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin deputatı Madər Musayev...

“Oğlum gömrük sistemində 10 ilə yaxın idi sədr müavini işləyirdi”- Millət vəkili

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli müsahibə verib. Akademik...