"Siz kommunist yox, millətçisiniz..." - Xruşov Azərbaycan KP MK-nın birinci katibinə niyə qəzəblənmişdi?
Maraqlı
10:53 / 07.02.2022
2715
"Yoldaş Mustafayev, siz cibinizdə partiya
bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz kommunist
deyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən şəxs kommunist ola
bilməz...” – bu ittihamları Nikita Xruşov yüksək səs tonu və qəzəblə 1959-cu
ilin iyun ayında Mərkəzi Komitənin iclasında Azərbaycan KP MK-nın birinci
katibi İmam Mustafayevə ünvanlayıb.
Xruşovun qəzəb cə sərtliyinə, İmam
Mustafayevə qarşı söylədiyi ittihamlara səbəb nə olub?
Sfera.az sovet dövrü ilə bağlı növbəti
yazısında sözügüdən iclasda baş verənlərin təfərrüatlarını təqdim edir.
İmam Mustafayev Azərbaycana 1954-cü
ildən rəhbərlik etməyə başlayıb. Yəni, o, Xruşovun hakimiyyətdə olduğu dövrdə
bu vəzifəyə gəlib. Əslində, Xruşov Mustafayevi müttəfiq respublikaların ən
yaxşı birinci katiblərindən biri kimi qəbul edib. Hətta Mərkəzi Komitənin müttəfiq
respublikalarda partiya orqanlarına nəzarət şöbəsinin əməkdaşları Mustafayevin
fəaliyyəti haqqında Xruşova mənfi arayış təqdim edəndə, baş katib bu arayışın qərəzli
olduğunu bildirib. Amma həmin şöbənin müdiri Vladimir Semiçastnı və onun
müavini İosif Şikin Xruşovla görüşərək arayışda heç bir qərəzin olmadığını
"sübut” edəndə, baş katib məsələni Mərkəzi Komitənin iclasında müzakirəyə
çıxarmağı qərara alıb.
Beləliklə, Mərkəzi Komitənin geniş
tərkibli iclasında Azərbaycanla bağlı məruzə dinlənilib. Məruzəçi İosif Şikin
olub.
Şikin məruzəsinə Azərbaycanın
iqtisadi vəziyyətindən başlayıb. O, qeyd edib ki, respublikada pambıqçılığın səviyyəsi
sabit qalsa da, heyvandarlıq sahəsində böyük problemlər var. Belə ki, kolxoz və
sovxozlarda iribuynuzlu mal-qaranın sayı kəskin azalıb, şəxsi adamlarda isə kəskin
şəkildə artıb. Bunun nəticəsi olaraq, Bakının ərzaq mağazalarında ət və süd məhsulları
defisitə çevrilib. Məruzəçi konkret rəqəmlərə istinad edərək qeyd edib ki,
hazırda ailələrin şəxsi istifadəsində 2-3 inək, 50-60 qoyun var. Buna görə də həmin
insanlar sovet cəmiyyətinə və sovet siyasətinə lazım olan kimi baxmırlar, bu isə
ağır siyasi fəsadların yaranmasına səbəb ola bilər.
Məruzənin bu məqamında Xruşov əlini
stola çırpıb:
- Bax,
bu da bizim kommunistlər, etibar etdiyimiz insanlar...
İosif Şikin daha "həssas” bir məqama
toxunub:
Xruşov bu fakta qarşı daha da qəzəblənib:
- Deməli,
belə çıxır ki, onlar istədikləri qədər qazdan istifadə edəcəklər, gürcülər və
ermənilər isə qazsız qalacaqlar. Ola bilməz, bu mümkün deyil.
İosif Şikin sonra daha "incə məqamları”
açıqlamağa davam edib:
- Məlum
olduğu kimi, 21 avqust 1956-cı ildə Azərbaycan dilinin dövlət dili statusu
alması ilə bağlı qanun qəbul edilib. Bu qanundan sonra respublika rəhbərliyi
bütün müəssisələrdə Azərbaycan dilinə keçidlə bağlı sərt tələblər qoyublar. Nəzərə
alınmayıb ki, 1950-ci illərin sonlarında respublika əhalisinin üçdə iki hissəsi
qeyri-azərbaycanlılar olub. Və bu qanundan sonra qayri-azərbaycanlıların vəzifələrdən
kütləvi şəkildə azad olunması başlayıb. Bu haqda Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin sədri, yazıçı Mirzə İbrahimov fikirlərini açıq bəyan etməkdən çəkinməyib:
"İndi 20-ci illər deyil. Hazırda bizim kifayət qədər kadrlarımız var ki,
qeyri-azərbaycanlıları əvəz etsin”.
İclasın stenoqramına nəzər salsaq şahidi
olarıq ki, həmin iclasda Nikita Xruşov məruzəçinin çıxışını bir neçə dəfə kəsib,
"bax, bu da bizim kommunistlər” deyə təəccübdən hiddətlənib.
İosif Şikin çıxışında həmçinin Mirzə
İbrahimovun Azərbaycan Dövlət Universitetində keçirdiyi görüşlərin birində söylədiyi
ifadələri də iclas iştirakçılarının diqqətinə çatdırb: "Ziyalı öz doğma dilində danışa bilmirsə,
yaxud öz doğma dilini bilib danışmaq istəmirsə, o, alçaq, yaramaz və
satqındır...”
Bu məqamda Xruşov üzünü iclasda
iştirak edən İmam Mustafayevə tutub:
- Yoldaş
Mustafayev, belə bir hadisə olub?
- Bəli,
olub. Amma biz buna görə onu tutduğu vəzifədən azad etmişik.
Mustafayevin cavabı Xruşovun qəzəbini
soyutmayıb:
- Belələrini
təkcə işdən çıxartmaq yox, partiya sıralarından da xaric etmək lazımdır. Bu cür
adamlar kommunist adını daşımamalıdır. Bunlar partiyamıza ziyan vuran millətçilərdir.
Əslində, Mirzə İbrahimovu bu məsələyə
görə heç kim işdən azad etməyib. 1958-ci ildə yazıçı öz ərizəsi ilə bu vəzifədən
gedib.
Sonda Xruşov növbəti dəfə üzünü İmam
Mustafayevə tutub:
- Yoldaş
Mustafayev, siz sadəlövh adam deyilsiniz və respublikada nələrin baş verdiyini
yaxşı bilirsiniz. Belə bir vəziyyətdə siz çox şübhəli görünürsünüz. Siz
cibinizdə partiya bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz
kommunist deyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən şəxs
kommunist ola bilməz. Azərbaycandakı siyasi vəziyyət acınacaqlıdır. Kadr
seçimində millətçilik açıq şəkildə özünü biruzə verir. Məruzədən də şahidi
oluruq ki, respublikada yaşayan digər millətlərin hüquqları tam məhdudlaşdırlıb.
Mən bütün bunları bədbəxtlik kimi qiymətləndirirəm ki, Azərbaycanda Kommunist
Partiyasını başında sizin kimi adam durur...
Sonluq isə hamıya gün kimi aydın
olub. 6 iyul 1959-cu ildə Azərbaycan KP
MK-nın plenumunda İmam Mustafayev birinci katib vəzifəsindən azad edilib, həmçinin
Mərkəzi Komitənin büro üzvlüyündən xaric olunub.
Sfera.az