Rasim Balayevdən Nəsimini təhqir edən müğənniyə: "Sırtıqcasına..." (AUDİO)

Rasim Balayevdən Nəsimini təhqir edən müğənniyə:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda "Nəsimi İli” elan edib. 

1973-cü ildə Azərbaycan xalqının görkəmli şairi, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin adı çəkiləndə yəqin ki, hamının gözü önünə kitablardan canlandırdığı sima, yaxud Azərbaycanın görkəmli aktyoru, Xalq artisti Rasim Balayev gəlir. 

Əməkdaşımızın suallarını cavablandıran Rasim Balayev sözügedən sərəncamın çox məqsədəuyğun olduğunu qeyd etdi:  

"Bununla bağlı Prezident sərəncam verib. Yəqin ki, bu il Nəsimi haqqında, onun yaradıcılığı haqqında seminarlar, konfranslar olacaq. Dünyadan filoloqlar, nəsimişünaslar dəvət olunacaqlar. Yəni tədbirlər olacaq. Bunun da əhəmiyyəti çox böyükdür. Ötən il də 3 gün Nəsimi haqda tədbirlər oldu. Onda da müəyyən tədbirlər oldu. Çox adamlar dəvət olundu. Amma bu "Nəsimi ili" çox geniş miqyasdadır. Mənə elə gəlir ki, bu, çox gözəl sərəncamdır".

R.Balayev bildirib ki, Nəsimini hər millət özünə çəkir: 

"Nəsimini çox ölkələr özünkü sayır. Məsələn, türkmənlər deyir ki, mənimdir və s. Mən İrana gedəndə Nizamidən söhbət düşmüşdü. Biri dedi ki, Nizami fars şairidir və s. Belə söhbətlər var". 

Sənətkar yetişməkdə olan gənc nəslin Nəsimini, eləcə də digər klassik şairlərimizi tanımamaları məyusedici məqam hesab edir: 

"Birincisi, Nəsimini bütün dünyaya bir daha tanıtdırmaq lazımdır. Elə özümüzə də tanıtdırmaq lazımdır. Çox təəssüf ki, yeni nəslimizin müəyyən hissəsi bizim klassik şairlərimizi tanımırlar. Bir dəfə mən verilişə qulaq asdım. Bir jurnalist düşmüşdü şəhərin canına. Şairlərin heykəllərinin yanında onlara sual verirdi. Nəsimini, Füzulini Sabiri, Cəlil Məmmədqulu-zadəni əksəriyyəti tanımırmış. Çox utandırıcı bir şeydir. Çox təəccüb edirəm. Necə olur ki, Azərbaycan məktəblərində bu şairlər haqqında dərs keçmirlər? Bizim vaxtımızda biz dünyanı da tanıyırdıq. Məsələn, Cek Londondan, Drayzerdən tutmuş bilirdik ki, bu, haranın yazıçısıdır. Hətta şairlərimizin şeirlərindən sətirlər bilirdik. Tanıyanlar bilir. Bir kütlə var ki, tanımır. Bunun çox böyük əhəmiyyəti var. Nəsimin ümumbəşəri fikirləri var". 

R. Balayev son günlər ictimaiyyətin qəzəbinə səbəb olan müğənni Afət Fərmanqızının "Pəncü şeş" mahnısına da münasibət bildirib: 

"Eşitdim. Mənə dedilər, qulaq asdım. Götürüb onu diringi, toy mahnısına çevirib. Üzr istəyirəm. Özü də çox sırtıqcasına deyir ki, bu çox böyük əsərdir. İnsanlar da bir təvəzökarlıq qalmayıb da. Baxdım gördüm ki, toy mahnısına oxşayır. Belə bir məsəl var: "Məscidin qapısı açıq olanda itin həyasına nə gəlib?". Mən senzuranın əlehinəyəm. Amma hiss edirəm ki, hardasa bir az senzura olmalıdır. Evində onu qoş, qohum-əqrəbanı yığ, özün üçün oyna, kef elə. Efirə, saytlara qoruq-qaytaq lazımdır. Evində edirsənsə et, amma sən bunu yaya bilməzsən. Sənin ixtiyarın yoxdur. Bəzi şeylərə qoruq-qaytaq lazımdır ki, bu, olmaz. Yoxdur deyə, kimin ağzına, ağlına nə gəlir edir. Ona görə də çox təəssüf. 

Xalq artisti mahnılarda sözlə musiqinin bir-birinə uyğun olmadığından da çox narahat olduğunu qeyd etdi:

"Biz görmüşük ki, sözlə musiqi vəhdət təşkil etsin. Vaxtı ilə mən özüm "Yar yaman aldatdı məni, niyə balam?" mahnısına lağ edirdim. Yar adamı aldadanda ölüb-öldürməyə çıxır. Burada bir qısqanclıq var. Bunu mahnı etmişdilər və şıdırğı oynayırdılar. Baxırsan ki, sözlərlə musiqi vəhdət təşkil etmir. Musiqi ilə sözlər vəhdət təşkil etməlidir. Burada o yoxdur axı. "Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam". Orada dərin mənalar var. İnsana qiymət var. 

Bir dəfə bir rus mənə dedi ki, bu "эгоистичный стих"dir. Dedim ki, ay balam, o özünü nəzərdə tutmur. O insanı böyütmək üçün deyir. Təkcə özünü nəzərdə tutmur. İnsanın böyüklüyü, insanın bütün canlılardan Allaha yaxın olduğunu sübut edir. Orada dərin fəlsəfi fikirlər var. Bunu diringi mahnısı ilə ortaya çıxartmaq düzgün deyil. Mahnını sözləri ilə musiqi bir-birini tamamlamalıdır. O mahnılar bizim yadımızda qalır ki, həm musiqisi gözəldir, həm də sözlər oraya düşür. Mahnıdan həm zövq alırıq, həm də düşünürük. Bunu toy mahnısı etmək lazım deyil axı".BAKU.WS