Ramazan ayında bu qidaları qəbul etmək olmaz – Ekspertdən XƏBƏRDARLIQ
15:41 / 29.03.2022
1050
Aprelin 2-si Ramazan ayının ilk günüdür. Ölkəmizdə də bu ay ərzində oruc tutan insanların sayı kifayət qədərdir.
Maraqlıdır, orucluq müddətində qidalanma hansı şəkildə təşkil olunmalıdır? Düzgün olmayan qidalanma, imsak zamanı yeməkdən uzaq durmaq hansı problemlərə yol aça bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov imsak zamanı yuxudan oyanmamağın və qida qəbul etməməyin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini deyib. Ekspert imsak zamanı qəbul etməli olduğumuz qidalardan söz açıb:
"Çox vaxt insanlar orucu arıqlamaq üçün tuturlar, lakin Allah belə buyurmayıb. Oruc sağlam bədən və sağlam ruh üçün insanlara bəxş olunub. İnsanlar bu ayda illərlə bədəndə yığdıqları toksinləri atmış olurlar. İmsak zamanı mütləq yuxudan oyanmaq, maye qəbul etmək lazımdır, çünki gün ərzində insan susuz qalır, qanda laxtalanma əmələ gəlir. Həm iftar zamanı, həm də imsak zamanı su qəbul etmək lazımdır ki, qanda laxtalanma olmasın. Bəzi şəxslər düşünür ki, səhər imsak zamanı oyanmamaqla çəki atmaq mümkün ola bilər. Lakin bu, tamamilə yanlış fikirdir. Belə insanlarda ürək, mədə, qan-damar problemləri ortaya çıxa bilər. Buna görə imsak zamanı yemək vacibdir və rəngli,qazlı şirələrdən uzaq dayanmaq mütləqdir. Yemək zamanı çox şirin, yaxud çox duzlu qidalara üstünlük vermək olmaz. İstehlakda ən çox quru meyvələrə üstünlük verilməlidir. Xüsusilə səhər vaxtı yeddi ədəd zeytun və bir ədəd quru əncirin qəbulu çox faydalıdır. Bu meyvələr hüceyrələrin yenilənməsində böyük rola malikdir, aclıq hissini yatırdır, metabolizmanı sürətləndirir. Tam buğda unu və çovdardan ibarət olan çörəklə qidalanmaq lazımdır. Konservləşdirilməmiş, sağlam şorbaların da qəbul edilməsi daha yaxşı olardı. Bura toyuq və mal ətinin suyundan hazırlanan şorbalar daxildir. Qida zamanı mövsümi tərəvəzlərə, yumurtaya üstünlük vermək lazımdır”.
Ekspert iftar zamanı qidalanmanın hansı şəkildə olmasından da danışıb:
"İftar zamanı süfrəyə mütləq şəkildə su, əncir qurusu, zeytun qoyulmalıdır. İftar su və xurma ilə açılmalıdır. Bundan sonra isə şorba içmək və bir qədər gözləmək lazımdır. Müəyyən fasilədən sonra isə digər yeməkləri yaxşı çeynəyərək yemək olar”.
Əzizə Zeynal
Sfera.az