“Onun arvadı Bakıdan Moskvaya gedəndə Brejnevin bağ evində qalırdı…” – DTK sədri niyə intihar edib?
12:12 / 04.01.2022
5581
19 yanvar
1982-ci il... Ordu generalı Semyon Sviqunun intihar etdiyi gün. Bu hadisə SSRİ
tarixində ən müəmmalı hadisələrdən biri sayılıb və generalın intiharının əsl səbəbini
bilmək hələ də heç kimə müyəssər olmayıb.
Sfera.az növbəti
yazısında uzun illər dövlət təhlükəsizliyi orqanlarda yüksək vəzifələrdə xidmət
etmiş Semyon Sviqundan bəhs edəcək.
Semyon Sviqun 28
sentyabr 1917-ci ildə Ukraynada anadan olub, Odessa Pedaqoji İnstitutunun tarix
fakültəsini bitirib, 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləyib,
sonrakı taleyini dövlət təhlükəsizliyi orqanlarında xidmətə bağlayıb. İkinci
Dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun müharibədən sonra Moldaviya
SSR və Tacikistan SSR-in dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində
çalışıb. 1963-1967-ci illərdə isə o, Azərbaycan DTK-sına rəhbərlik edib.
Sviqunla Leonid
Brejnevin dostluğu Moldaviyadan başlayıb və dostluq münasibətləri ailə müstəvisinə
də keçib. Zaman-zaman Brejnevin yaratdığı Ukrayna klanının əsas üzvlərindən birinə
çevrilən Sviqun 1967-ci ilə qədər ittifaq miqyaslı vəzifəyə keçə bilməyib. Bunu
əsas səbəbi isə vaxtilə Azərbaycan KP MK-nın ikinci katibi olmuş, sonralar DTK
sədri vəzifəsini tutan Semiçastnı olub. Belə ki, Semiçastnı ilə Sviqun arasında
soyuq münasibətlər hökm sürüb.
Semiçastnı Sviqunu vaxtilə Moldaviyanın ikinci
katibinə sui-qəsddə şübhəli şəxs kimi ittiham edib. Amma bu fakt öz təsdiqini
tapmayıb. Bu məsələdən Brejnev də xəbərdar olub. Baş katib Sviqunu Moskvaya gətirməkdə
tələsməyib, məqam gözləyib. Nəhayət, bu məqam 1967-ci ildə yetişib. Semiçastnı
DTK sədri vəzifəsindən Ukraynaya Nazirlər Sovetinin sədr müavini vəzifəsinə
"sürgün” edildikdən sonra Sviqun SSRİ DTK sədrinin müavini, daha sonra isə
birinci müavin vəzifəsinə təyin edilib. Bu təyinat Brejnev üçün də vacib
sayılıb. Belə ki, DTK sədri Andropovun fəaliyyətini tam nəzarətdə saxlamaq üçün
Sviqun bu vəzifəyə təyinat alıb.
Sviqun dövlət təhlükəsizliyi
ilə bağlı məsələləri Andropovdan əvvəl Brejnevlə müzakirə edib. Bu müzakirələr əsasən
baş katibin bağ evində keçirilib. Sviqun yeganə şəxslərdən biri olub ki,
Brejenvin bağ evinə istədiyi vaxt getmək səlahiyyətinə malik olub. Hətta Sviqun
Azərbaycanda işlədiyi zaman onun həyat yoldaşı Moskvaya gedəndə Bejnevin bağ
evində qalıb.
Brejnevə
Sviqunun yaxınlığı ilə bağlı fərqli fikirlər səsləndirilib. Bəziləri bu iki şəxsin
bacanaq olduğunu da bildiriblər. Bu haqda Sviqunun həyat yoldaşı, yazıçı Roza
Yermolovanın gündəliyində (bu gündəlik sonralar Sviqunun nəvəsi tərəfindən
kitab kimi çap olunub) yazılıb:
"Viktoriya Brejneva ilə bacı olmaq mənim üçün şərəf
olardı. Ona görə yox ki, o Leonid İliçin həyat yoldaşıdır. Viktoriya çox sadə,
mehriban, qayğıkeş, ailəsini sevən bir xanımdır. Uzun illər aramızda çox yaxın
münasibətlər olub. Sviqun Bakıda işləyərkən mən Moskvaya gələndə onlarda
qalırdım. Bu ailədə insan özünü çox rahat və sərbəst hiss edir. Ancaq biz bacı
deyilik. Yetər ki, doğulduğumuz yerlərə, soy kökümüzə nəzər salsınlar. Nəinki
bacı, heç uzaq qohumluq əlaqələrimiz də yoxdur...”
Bu dostluğun
kökünü Brejnevin Moldaviyada birinci katib olduğu vaxtlarda da axtaranlar az
olmayıb. Bəzi versiyalara görə həmin ərəfədə Sviqunun həyat yoldaşı Brejnevin məşuqəsi
olub. Sözsüz ki, bu versiyaları təsdiq, yaxud təkzib etmək mümkün deyil. Fakt
isə odur ki, Brejnevlə Sviqunun arasında son dərəcə yaxın dostluq münasibətləri
göz önündə olub.
Ölkənin birinci
şəxsi ilə münasibətlərin yaxın olduğu bir ərəfədə Sviqunun intihar etməsi
ortaya böyük suallar çıxarıb. 1982-ci ilin yanvarın 19-da Sviqunun bağ evində
öz sürücüsünün tabel silahı ilə intihar etməsi fərqli versiyaların yaranmasına
səbəb olub.
Birinci versiya
briliyant oğurluğu ilə bağlı olub. Belə ki, sirk ustası İrina Buqrimovanın mənzilindən
oğurlanan qızıl və briliyantlara görə "Qaraçı” adı ilə məşhur olan, Böyük
Teatrın artisti Boris Buryats həbs olunub. Buryatsın bu işlə qrup şəkildə məşğul
olması da aydınlaşıb. Bu qrupda Qalina Brejnevanın da adı hallanıb. Çünki
Qalina ilə Buryatsın sevgi məcaraları da heç kim üçün sirr olmayıb. O cümlədən
baş katib də bu münasibətlərdən xəbərdar olub və bu sevgi oyunları Brejnevin
heç də xoşuna gəlməyib. Versiyaya görə, Qalina Brejnevanın istintaqa cəlb
olunması mütləq sayılıb, Andropov Sviquna deyib ki, bu məsələnin necə həll
olunmasını Suslovla müzakirə etmək lazımdır və bu işi öz üzərindən ataraq ona həvalə
edib. Bu versiyanı söyləyənlər qeyd edirlər ki, Suslovla Sviqunun arasında olan
söhbət o qədər kəskin şəkil alıb ki, hər iki tərəfin hətta psixoloji durumuna mənfi
təsir göstərib. Və bu görüşdən sonra Sviqun öz bağında intihar edib . Bir neçə
gündən sonra isə Suslov səhhətində qəfil yaranan problemlərdən vəfat edib.
Üçüncü versiya - DTK generalı Kevorkovun xatirələrində
yazdığına görə,
böyük məbləğdə rüşvətlə bağlı olub. Belə ki, hansısa bir işlə bağlı DTK-nın
araşdırması zamanı qanun pozuntusunu ört-basdır etmək üçün Sviqun böyük məbləğdə
rüşvət alıb. Onu Mərkəzi Komitəyə çağırıblar, sorğu-suala tutublar, bu haqda
Breynevin məlumatlı olub-olmadığı ilə maraqlanıblar və bir gün vaxt veriblər
ki, məsələ ilə bağlı özü özünə qərar versin. Bu hadisədən sonra Sviqun intihar
edib.
Bu və digər versiyaların hamısı təkzib olub, öz təsdiqini
tapmayıb. Yəqin ki, intiharın əsl səbəbini son dərəcə qapalı olan Sviqunun
özündən başqa heç kim bilməyib.
Mərkəzi qəzetlərdə rəsmi nekroloqda Sviqunun vəfatının
səbəbi uzun sürən xəstəlik kimi qeyd edilib. Maraqlı məqamlardan biri isə odur
ki, rəsmi nekroloqa uzun illərin dostu Leonid İliç imza atmayıb...
Sfera.az