Ofisiant işlədi, qaradəriliyə görə həbs olundu, bütün gəlirini uşaqlara xərclədi - Ölümü müəmmalı qaldı...

Ofisiant işlədi, qaradəriliyə görə həbs olundu, bütün gəlirini uşaqlara xərclədi - Ölümü müəmmalı qaldı...
O, türk rok musiqisinin ən sevilən və məşhur müğənnisi idi. Ölümündən sonra belə sevilir, musiqiləri dinlənilir və unudulmur. Sfera.az Kulis.az-a istinadən Barış Manço haqqında yazını təqdim edir.

Uşaqlığı

Rok, pop və müasir türk sənət musiqisi sənətçisi, televiziya aparıcısı Barış Manço 2 yanvar 1943-cü ildə Üsküdarda dünyaya göz açıb. Riqqət Yanık və İsmayıl Haqqı Manço cütlüyünün dörd uşağından ikincisidir. O, doğulanda ölkəsi İkinci Dünya Müharibəsi dövründə olduğu üçün ailəsi ona Məhməd Barış adını qoyur. Anadolu rok və pop musiqisinin qurucularından sayılan, uşaq yaşlarından musiqi təhsili ilə böyüyən Mançonun anası Riqqət xanım, Türk Sənət Musiqisinin sənətkarlarından biri idi. O, hətta Zəki Mürənin də müəllimi olub.

Manço, üç yaşına çatanda ailəsində problemlər yaranmağa başlayır. Atası ilə anasının ayrılığından sonra Barış atası ilə yaşamağa başlayır. Atası ilə birgə bir neçə dəfə yer dəyişən Manço qısa müddət Ankarada da yaşayır. Ailədən gələn musiqi təhsili ilə məktəb həyatı boyunca həmişə hobbi olaraq bu işlə məşğul olur və öz-özünə gitara çalmağı öyrənir. İstedadlı Barış anasından da piano dərsləri alır.

Karyerası

Barış mahnı bəstələməyə ilk dəfə "Qalatasaray Liseyi"ndə oxuyan zaman başlayıb. İki həvəskar qrup yaradan Manço, onları elə ilk dəfə "Qalatasaray Liseyi"ndə səhnəyə çıxarır. Qurduğu qruplardan birinin adı "Kafadarlar", digəri isə "Harmoniler" adlanırdı. O, 1959-cu ildə atasının vəfatından sonra "Qalatasaray Liseyi"ndən ayrılaraq "Şişli Tərəqqi Liseyi"nə keçir. Liseyi burada tamamlayan Manço, daha sonra Belçikada universitet təhsili alır. Buranı birinciliklə bitirən Manço medal da qazanır.

Daha sonra Almaniyada fransız komediyaçı Henri Salvadorla tanış olsa da, onunla razılığa gələ bilmir. Almaniyada böyük qardaşı Savaş Manço ilə yaşamağa başlayan Barış bir müddət avtomobil gözətçisi və ofisiant işləyir. Bu arada mahnı bəsətələməyə davam edirdi. Almaniyada belçikalı şair Andrea Soulacla tanış olduqdan sonra, o, Mançonun sözsüz bəstələrinə söz yazır.

1964-cü ildəki bəstələrindən sonra tanınan Manço, Türkiyəyə gələndə buradakı radio işçiləri onun fransız olduğunu güman edirdi. 1967-ci ildə Barış, Fuad Gülər və Mazhar Alanson ilə birgə "Kaygısızlar" qrupunu yaradır. Amma 1970-ci ildə qrup üzvləri yollarını ayırır. Elə həmin il o, Fransada yeni adsız qrup yaradır. Bu qrupla birgə uzun turneyə çıxaraq 52 konsert verir. Turne zamanı Antalyada konsert verən Manço qrupundakı xarici əsilli musiqiçiyə görə həbs edilir. Ertəsi gün məhkəməyə çıxarılan Manço sərbəst buraxılır və qrupu ilə birgə Belçikaya dönməli olur.

1972-ci ildə "Kurtalan Ekspress"i qurduqdan sonra "Gamzedeyim" və "Ölüm Allahın əmri" mahnılarının yer aldığı ilk valını çıxarır. İlk valını çıxardıqdan sonra isə o, əsgərliyə gedir. Əsgərlikdən gəldikdən sonra işlərinə daha da sürətlə davam edən sənətçi 1974-cü ildə "Hey" jurnalı tərəfindən "İlin kişi sənətçisi" seçilir.

1979-cu ildə çıxdığı Anadolu turnesinin bütün gəlirini kar və lal uşaqların müalicə və təhsilinə xərcləyir.

1988-ci ildən Manço aparıcılıq karyerasına da start verir. 8 oktyabrdan etibarən "7-dən 77-yə" proqramı ilə ilk efir günü başlayır. Ailə, uşaq və əyləncə proqramı olan "7-dən 77-yə" yalnız bazar günlər efirdə olurdu. Uzun müddət nümayiş olunan veriliş 378 proqramdan sonra 6 dekabr 1998-ci ildə sona çatır. Proqramın məşhur şüarı isə "Adam olacaq uşaq" idi.

Barış 1990-ci ildə türk-yapon dostluğu fəaliyyətləri üçün Yaponiyaya gedir və orada ilk konsertini verir. O, 5 Fevral 1992-ci ildə anası Riqqət xanımı itirdikdən sonra çox kədərli dövr yaşayır. Ancaq həmin il zirvəyə çatan pop musiqi bazarında Barış da, "Mega Manço" albomu ilə böyük uğur qazanır.

1994-cü ildə Barış Manço o dövrdə Türkiyənin ilk qadın baş naziri olan Tansu Çillərin "Doğru Yol Partiyası"ndan Kadıköy Bələdiyyə Başçılığına namizəd olur. Amma səhhətindəki problemlərə görə namizədliyini geri çəkməli olur. Bir il sonra sənətçi "Müsaadenizle Çocuklar" albomunu çıxarır. Konsert təklifi gəldikdən sonra 1995-ci ildə Barış Yaponiyaya çox uğurlu turneye çıxır. 1996-cı ildə konsert albomu "Live in Japan"da nəşr olunur.

Musiqiləri ilə yanaşı televiziyada da uğura imza Barışın "7-dən 77-yə" verilişdən başqa "Ekvatordan qütblərə" adlı proqramı da sevildi. Öz qrupu ilə birlikdə beş qitədə 100-dən çox müxtəlif bölgəyə gedən Barış ümumilikdə 600.000 km-ə yaxın yol qət edib.

Image result for Barış Manço

Barış Mançonun ölümündən 6 il sonra, sənətçinin 19 il menecerliyini edən Tamer Şahin, Barış Manço ilə bağlı "Hələ yazıb çəkəcək bir neçə satira qaldı" adlı kitabını nəşr etdirib. Kitabın ön sözünü isə Barış Mançonun həyat yoldaşı Lalə Manço yazıb. Tamer Şahin kitabında Barış Mançonun viaqradan ölməyini qətiyyətlə inkar edir. Onun iddialarına görə, Mançonun ölümünə onun şəriki Sülhü Aksüt və böyük qardaşı Savaş səbəbindən yaşadığı stress olub.

Tamer Şahin bildirib ki, böyük qardaşı Savaş Manço ondan xəbərsiz pullarını öz borclarına ödəyib. Bu məlumatı öyrəndikdən sonra Barış çox stress yaşayır. Kitabda Mançonun Sülhü Aksüt ilə şərik olmaqdan da çox peşman olduğu bildirilir. Xəsisliyi ilə seçilən müğənninin şəriklik səbəbindən xeyli pulunu itirməsi də onun stress keçirməsinə səbəb olub.

O, Barış Mançonun xəsisliyi ilə bağlı da maraqlı fikirlər səsləndirib: "Barış Abi heç vaxt özü ilə pul götürməzdi. Harasa gedəndə də ödənişi yanındakılar edirdi. Bir dəfə Mersində konsert üçün getdiyimiz 5 ulduzlu otelin mağazasından aldığı çimərlik geyiminə ödədiyi pula çox heyfslənirdi. Hovuza girib çıxdı, baxdım ki, çimərlik geyiminin etiketi hələ də üzərindədir. Bunu ona deyəndə mənə cavabı bu oldu: "O qədər pul vermişəm, bir az qalsın etiket. Bir çimərlik geyiminə o qədər pul ödədim, gözlə mənə xəsis deyən hamı görsün".

Barış Mançonun həyatı ilə bağlı digər maraqlı xəbər isə Cem Karaca ilə qardaş olması idi. Anadolu rokunun iki nəhəng və sevimli sənətkarı Cem Karaca ilə Barış Mançonun ata bir, ana ayrı qardaş olduğu deyilirdi. Sənətçilərin qardaş olması xəbəri Almaniyada Cem Karacanı öz evində saxlayan yaxın dostu İbrahim Hızlının 2007-ci il fevralın 15-də Köln şəhərindən göndərdiyi 6 səhifəlik məktubla ortaya çıxıb. O, iddia edir ki, Cem Karacanın özündən 2 yaş böyük bir qardaşı var idi və onu bütün Türkiyə tanıyırdı. "Habertürk" qəzetinin müxbiri Cem Karacanın həyat yoldaşı İlkim Karacayla söhbətləşib və Cemin böyük qardaşının Barış Manço olduğunu bildirib. Bu sirri Cemin anası Toto Karaca da bilirmiş. Hətta Məhməd Karaca ölüm ayağında həyat yoldaşına Barış Mançonu görmək istədiyini bildirib. Amma bu son istəyi gerçəkləşdirmək mümkün olmayıb.

"Image

Ölümü

Barış Mançonun ürəyində ilk problem 1983-cü ildə yaranmışdı. O, 1999-cu il yanvarın 31-də gecə saat 23:30-da İstanbulun Moda səmtindəki evində infarkt keçirir və xəstəxanaya aparılır. Ancaq həmin gecə aparıldığı Siyami Ersek Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasında gecə saat 01:30-da vəfat etdi. 1991-ci ildə dövlət sənətçisi ünvanı alan sənətkarın cənazəsi üçün dövlət mərasim təşkil etdi. Bu mərasimi Türkiyənin bir çox kanalı canlı yayımladı. 3 fevral 1999-cu ildə Türkiyə və Qalatasaray bayraqlarına sarılı tabutu Atatürk Mədəniyyət Mərkəzinə gətirilərək vida mərasimi keçirildi. Sonra isə Ləvənt Məscidində cənazə namazı qılındı, Kanlıcadakı Mihrimah Sultan qəbiristanlığında torpağa tapşırıldı. Məzarına "Gesi Bağları" mahnısına görə, Kayserinin Gesi diyarından gətirilən torpaq da qoyuldu. Barış Mançonun ölümü ilə əlaqədar prezident Süleyman Dəmirəl başda olmaqla bir çox siyasətçilər də başsağlığı verdi.

Ölümündən sonra sənətkarın 18 il ailəsi birgə Moda küçəsində yaşadığı ev muzeyə çevrilib.


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...