"Növbəti aylarda maaş və pensiyalar yenidən artırıla bilər"- Deputatla MÜSAHİBƏ

 

Deputat Bəhruz Məhərrəmov Sonxeber.az-ın suallarını cavablandırıb.

-Bəhruz bəy, bu gün Azərbaycan ermənilərlə yanaşı həm də "COVİD19" kimi gözə görünməyən düşmənlə mübarizə aparır. Bilirsiniz ki, Ermənistan dövləti pandemiya ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək müxtəlif təxribatlara əl atır. Ermənilərin Tovuz istiqamətindəki təxribatı nəticəsində 12 hərbi quluqcumuz şəhid olmaqla yanaşı 76 yaşlı mülki vətəndaşımızda ermənilər tərəfindən öldürüldü.

 

-Son dövrlər Ermənistanın daxilində eləcə də ermənilərə münasibətdə bəzi güc mərkəzlərinin maraqlarında müəyyən dəyişikliklər var. Xüsusilə də Nikol Paşinyan hakimiyyətə gələndən sonra Rusiya və Qərblə münasibətdə nümayiş etdirdiyi uğursuz siyasi gedişlərdən sonra İrəvanın addımları hər iki qütb tərəfindən qıcıqla qarşılanmağa başlandı. Bu eyni zamanda ölkədəki daxili ab-havadan da təsirsiz ötüşmədi. Habelə, hazırkı "hay" iqtidarının birmənalı olaraq Soros fondunun maaşalarından ibarət şəxslərdən formalaşması daxili gərginliyi daha da artırmaqla hakimiyyəti çıxılmaz vəziyyətə qoydu. Daxili gərginliyi fərqli istiqamətdə yönəltmək üçün Paşinyanın klassik metoda əl ataraq ölkədə müharibə eyforiyası formalaşdırmağa, Ermənistanın təcavüzə uğraması fonunu yaratmağa cəhd etdi.
Lakin bu metod artıq ermənistan əhalisi üçün yenilik deyildi, çünki həmişə belə olub - Ermənistanda daxildə problem olan kimi atəşkəs rejimi pozulur. Bu dəfə bir az onlar irəli gedərək və daha ciddi siyasi hədəflər müəyyən edərək beynəlxalq aləmin tanıdığı Azərbaycan sərhədlərində təxribata əl atdılar. Özləri, habelə havadarları ilə birləşərək car çəkdilər ki, guya təxribatı Azərbaycan edib, bunlar da qarşılıq verib. Lakin, pilotsuz aparatlar vasitəsi ilə onların mövqeləri məhv edilən zaman bir daha bəlli oldu ki, əslində ermənilər bu təxribat üçün bir neçə aydır ki, hazırlıq görüblər. Bu qarışıq məqsədlərin içində Ermənistanın əsas məqsəddlərindən biri də ölkəmiz üçün önəmli olan Qaraqayanı tutaraq üstünlüyü əldə etmək və bölgədə mühüm strateji üstünlüyə nail olmaqla həm də daxildə reytinqləri yüksəltmək idi. Bəs əvəzində nə oldu?

Ermənistan Qaraqayanı tuta bilmədi, 100-dən çox itki verərək geri çəkilməyə məcbur oldu. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına güvənirdi. Bu təşkilatdan ona heç bir kömək gəlmədi. Çünki münasibətlər birbaşa təmas xəttində idi. Əksinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan 4 ölkə Azərbaycana dəstək oldu. ABŞ Konqresində böyük məğlubiyyətə uğradılar. Bir sözlə Tovuz hadisələri Paşinyan və havadarları üçün bölgədə ciddi nüfuz itkisi oldu.

-Ermənistan tərəfindən təxribatlar tək cəbhə xəttində olmadı. Onlar həm də ölkə daxilində əlaltılarından istifadə edib, mövcud sabitliyi pozmağa çalışdılar.

-Son 6 ayda ölkədə hər şey üst-üstə düşdü. Koronavirus iqtisadiyyatımız, maliyyə sistemimiz üçün böyük zərbə oldu. Azərbaycanın əsas gəlir mənbəyi olan olan neftin qiymətində sürətli eniş oldu. Təbii ki, bütün bunlar əhalinin sosial rifahına təsirsiz ötüşmədi. Üstəlik, Tovuz istiqamətindəki döyüşlər və bir neçə iri ranqlı hərbçimizin qəhrəmancasına şəhid olması ölkədə xüsusi həssas bir ab-hava formalaşdırdı. Bu amillərin Azərbaycanı zəiflətdiyi qənaətinə gələn antimilli qüvvələr vəziyyətdən istifadə edib, yenidən aktivləşməyə cəhd etdilər. Əslində Azərbaycan bu qüvvələrə çoxdan dur deyib. Əgər dur deməsəydi həmin şəxslər bu gün hakimiyyətdə olardı.

Son dövrlər baş verənlər, neftin qiymətinin azalmasına sevinən kəsimin mövcudluğu, Tovuz hadisələrinə görə Azərbaycanın müqəssir elan edən qüvvələrin olması, müharibə başlasa bu hakimiyyətin acığına ermənilər tərəfdən əlinə silah alıb döyüşəcəyini bəyan edən kəslərin varlığı tam mənasında onu deməyə əsas verir ki, antimilli qüvvələr özlərinin şəxsi maraqlarına görə Azərbaycanın müstəqilliyini, xalqının maraq və mənafelərini satmağa hazırdır, təki yenidən hakimiyyətə qayıda bilsinlər.
Bilirsiz müharibə şəraitində olan dövlətin vətəndaşının öz dövlətini düşmənə qarşı təxribat törətməkdə günahlandırmaq heç bir mənəvi amilə sığmır. Artıq bu məsələ hüquq müstəvisində həll edilməli, prosesləri hüquq mühafizə orqanları və məhkəmə orqanları qiymətləndirməlidir.

-Bəhruz bəy, bilirsiniz ki, ermənilər vandalizmdə sərhəd tanımırlar. Onlar hər an ayrı-ayrı ölkələrdə olan səfirlərimizə, diaspora nümayəndələrinə və azırbaycanlılara qarşı təxribatlar törədə bilərlər. Bu məsələdə ölkə tərəfindən hansı addımlar atılmalıdır?

- Diplomatik münasibətlərlə bağlı 1961-ci ildə qəbul edilmiş Vyana Konvensiyası var. Habelə, 1963-cü ilin Konsulluq münasibətləri haqqında universal qaydaları müəyyən edən beynəlxalq çoxtərəfli razılaşma da qəbul edilib. 1961-ci il konvensiyasının 22-ci maddəsinə görə diplomatik nümayəndəliklərin binalarının istənilən müdaxilədən, zərər yetirilməyindən qorumaq, nümayəndəliyin rahatlığını pozan hər cür müdaxilədən qorumaq, eləcə də orada işləyən şəxslərin təhlükəsizliyi və toxunulmazlığının təmini qəbul edən dövlətin vəzifəsidir. Bu beynəlxalq hüququn tələbidir. Lakin, Azərbaycan hər zaman ayıq-sayıq olmalı, dövlətimiz tərəfindən həmin öhdəlikləri bizi təhlükə gözləyən ölkələrə davamlı xatırlatmalıdır. Əminəm ki, Xarici İşlər Nazirliyi bu addımları çoxdan atıb. Lakin, tarixə nəzər yetirsək, bizim narahat olmaq üçün əsaslarımız var. Ötən əsrin 70-80-ci illərində 20-dən çox türk diplomatı şəhid edilib. Erməni terror təşkilatları Ermənistandan kənarda son 50 ildə 230-dən artıq ayrı-ayrı terror aktları törədib. Bütün bunlar bizə narahat olmaq üçün əsas verir.

-Nikol Paşinyan hakimiyyətə gələn zaman əhalisinə verdiyi heç bir sözü yerinə yetirə bilmədi. Tovuz istiqamətində biabırçı məğlubiyyəti və ABŞ Konqresinin bizim xeyirimizə məlum iki düzəlişi etməsi onun ölkə daxilindəki nüfuzuna böyük zərbə vurdu. Bütün bunlar Ermənistanda yenidən dövlət çevrilişinə gətirib çıxara bilərmi?

-Tovuz hadisələrinə qədər baş verənlər Nikol Paşinyan hakimiyyətinin sonunun çatdığını göstərir. Paşinyan Tovuz hadisələrdən hakimiyyətini uzatmaq və milli birlik əldə etmək üçün istifadə etməyə çalışdı. Dediyim kimi, Paşinyan o yüksəklikləri əldə etməklə özünə reytinq qazanmaq niyyətində idi. Lakin olmadı, alınmadı, daha doğrusu onlara bəzi dostlarının əhəmiyyətli dəstəyinə baxmayaraq gücləri çatmadı və uduzdular. Bu baş verənlərdən sonra Paşinyanın sonu bəllidir. Hazırda Paşinyan son həmlələrini edir. Azərbaycanın qarşısına 7 şərt qoyur. Bu kimi addımlarla o hakimiyyətini uzatmaq istəyir. Amma reallıq ondan ibarətdir ki, Nikol necə hakimiyyətə gəlmişdisə o formada gedəcək - Ermənistan növbəti inqilabın – hakimiyyət çevrilişinin astanasındadır.

-Koronavirus pandemiyası bir çox ölkələrin eləcə də Azərbaycanın iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Daha çox əziyyət çəkənlər isə aztəminatlı ailələr oldu. Bilirsiniz ki, aztəminatlı ailələrə aprel may və iyun ayında 190 manat birdəfəlik müavinat verildi. Lakin iyul ayında verilmədi. Karantin rejimi də nə zaman bitəcəyi bəlli deyil.Karantin dövründə aztəminatlı ailələrə daha hansı yardımlar edilə bilər?

-Bütün dünya, eləcə də Azərbaycan pandemiyaya qəfil yaxalandı. Bunun proqnozlaşdırılması mümkün olmayan problem idi və tam hazırlıqsız yaxalndıq. Atılan addımlarda qüsur və nöqsanların olması, müəyyən fəsadlara yol açması arzuolunmaz olsa da gözlənilən idi. Məsələn, mənim parlamentin iclasında da qaldırdığım kimi, adına torpaq və maşın olan aztəminatlı ailənin yardımdan kənarda qalması, müəyyən texniki səbəblərdən insanların çətinliklərlə üzləşməsi və s. Tutaq ki, vətəndaşın 20 sot torpağı var. 20 sot torpaq 1 ay ərzində vətəndaşa nə verə bilər? Bu kimi həllini tapmayan məsələlər var idi. Lakin ümumilikdə hökumət bu məsələdən üzü ağ çıxdı. Dövlətin zamanında atdığı addımlar sayəsində virusun ölkə ərazisində geniş yayılmasının qarşısı alındı. Bilirsiz ki, pandemiyaya görə elan edilmiş karantin rejimi ilə bağlı olaraq müəssisələr fəaliyyətini dayandırdı. İşsiz insanlara 190 manat birdəfəlik müavinət verildi. Yəni, ümumillikdə Azərbaycan dövləti bir çox problemlərin həllinə nail oldu. Təsəvvür edin, Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. Eyni zamanda pandemiyaya görə tənəzzülə uğrayan sahələr və şirkətlər var idi. Həmin şirkətlər dövlət dəstəyinə görə ayaqda qala bildilər. Heç bir işçinin işdən çıxarılmasına icazə verilmədi. Fəaliyyəti dayandırılmış müəssisələrin işçilərinin maaşı dövlət tərəfindən verildi. O ki, qaldı bundan sonra hansı yardımlar edilməsi məsələsinə, bir vətəndaş kimi təbii ki arzu edərdim. Heç kim çətin durumda qalmasın, heç kim çörəklə sınağa çəkilməsin. Görünən də odur ki, mövcud siyasi iradə insan amilinə köklənib, mən bir hüquqşunas dövlətin əvvəllər ortaya çıxan boşluqları nəzərə alaraq insanlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyinə əminəm. Hansı addımlar olacaq, nə formada olacaq, bunu Operativ Qərargahın karantin rejimi ilə bağlı verəcəyi qərardan asılı olaraq hökumət müəyyən edəcək. Lakin bir daha əmin ola bilərsiz ki, dövlətimiz insanlarımızı çətin vəziyyətdə ortada buraxmayacaq.

-Avqustun 5-dən sonra ticarət mərkəzləri və digər müəssisələr açıla bilərmi?

- Mövcud karantin tədbirləri bir çox ciddi problemlərə yol açsa da əhalinin salamatlığı üçün alternativimiz yoxdur. Mən seçicilərlə mütəmadi əlaqədəyəm. Təsəvvür edin, təmsil etdiyi Biləsuvarda ticarətlə məşğul olanlar əvvəllər əmtəəni Sədərək və Binə bazarlarından, habelə İrandan alırdılar. Bu gün hər 3 istiqamət bağlıdır. Faktiki olaraq bu gün Biləsuvar taciri çarəsiz durumdadır. Eləcə də digər bölgələrdə və paytaxtda. Ticarət mərkəzlərindən minlərlə insan evinə çörək aparır. Lakin bir daha deyirəm, başqa alternativimiz varmı? Axı başa düşməliyik ki, dövlət özü də ticarət mərkəzlərini bağlı saxlamaqda maraqlı deyil. Bu əlavə sosial yükdür, gərginlikdir, həmçinin hər ötən gün büdcəmizə zərərdir.Dövriyyə və vergi yığımını ötən dövrlə müqayisə etsək vəziyyəti daha aydın görərik. Dövlət də maraqlıdır ki, proses tez bitsin. Lakin, dövləti ilk növbədə vətəndaşın sağlamlığı maraqlandırır. Cənab prezident ilk gündən açıq formada bəyan etdi ki, onun üçün insan amilindən daha qiymətli heç nə yoxdur və insan amili iqtisadiyyata qurban verilməyəcək

-Pandemiyadan sonra uşaqpulu bərpa oluna bilərmi?

-Uşaqpulu məsələsi mütəmadı olaraq müzakirə olunmaqdadır. Hətta bəziləri bu amildən siyasi xal qazanmaq üçün davamlı istifadə etməkdən çəkinmir. Milli Məclisdə də bu məsələ ayrı-ayrı deputatlar tərəfindən zaman-zaman qaldırılıb. Lakin, yekun qərar hökumətdən gəlməlidir. Şəxsən mən tərəfdarıyam ki, aztəminatlı ailələrin uşaqları üçün indikindən daha təkmil formada təminat mexanizmləri olsun. Bu uşaq pulu da ola bilər, yaxud daha yaxşı bir formada. Bu gün düzdür bizdə ünvnlı sosial yardım kimi ayrı-ayrı təminat mexanizmlər var. Lakin, ötən illər ərzində yol verilən yarıtmaz vəziyyət, xüsusən yerlərdə korrupsiya halları insanlarda mövcud təminat sisteminə şübhə yaradıb. Bu baxımdan hesab edirəm ki, daha şəffaf və daha ədalətli bir yol tapılmalıdır.

- Növbəti aylarda maaş və pensiyalar yenidən artıla bilərmi?

- Ölkədə son bir ilin tendensiyasına baxan zaman görürük ki, artımlar digər illərlə müqayisədə xeyli çoxdur. Ortada ciddi rəqəmlər var. Habelə, cənab Prezident pandemiya şəraitinə baxmayaraq heç bir sosial layihənin ləğv edilməyəcəyini söyləyib. Çünki, Azərbaycan dövlətinin əsas məqsədi hər bir bir vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır. Düzdür mən də yaxın gələcəkdə artımı ehtiva edən konkret faktlar yoxdur, lakin, mövcud siyasi iradə və dövlət siyasəti nikbin proqnozlar vəd edir və subyektiv qənaətimə əsasən artımların davamlı olacağını düşünürəm. .

-Bəhruz bəy, bilirsiniz ki, bu gün gənclərimiz cənab prezident tərəfindən yüksək vəzifələrə təyin olunurlar. Bu gəncləşmə bizə nələri qazandıracaq?

- Menecmentdə nəsillərin əvəzlənməsi təbii prosesdir. Bütün dünyada bəzi istisna vəzifələri çıxmaq şərti ilə, rotasiya və yenilənmə qəbul edilən praktikadır. Azərbaycanda da belədir. Lakin etiraf edək ki, uzun müddət keçmiş SSRİ-dən qalma "hələ çox tezdir" kimi bir qeyri rəsmi ənənə var idi ki, gənclərin qarşısında ciddi maneəyə çevrilmiş, ölkə idarəçiliyində 65 yaşından yuxarı insanlara üstünlük təşkil edirdi. Lakin bu gün artıq vəziyyət dəyişib, idarəçilikdə gəncləşmə sürətlənib. Lakin bu elə formada aparılır ki, dövlət və xalq qarşısında xidmətləri olan bir öncəki nəsildən olan şəxslər incik düşmür. Cənab prezident keçən il BDU-nun yübleyi zamanı və bir neçə gün öncə də qeyd etdi ki, biz bu məsələyə kampaniya kimi baxmamalıyıq. Biz yaşlı nəsilin təcrübəsindən və gənclərin potensial və enerjisindən istifadə edərək müsbət nəticələr əldə edə bilərik. Əlbəttə bax belə müdrük və barışdırıcı tendensiyanı rəhbər tutan bu gəncləşmə siyasəti iki il ərzində sürətlənən islahatların ən vacib həlqələrindən biridir.

-Bəhruz bəy, bilirik ki, müətəmadı seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlərlə bağlı sizə müraciət edir?

-Bizim ən böyük problem su ilə bağlıdır. Mən dəfələrlə hökumətə və müvafiq qurumlara da müraciət etmişəm. Həqiqətən Biləsuvarda vəziyyət çox çətindir. İnsanlar nəinki suvrma suyu, hətta içməli suyu çətinliklə tapır. Təsəvvür edin, yalnız iyulda su ilə bağlı 132 müraciət olub. Səlahiyyətli qurumlardan əlini üzən vətəndaş suyu bizdən istəyir. Suyun gəlməməsinə görə də bəzən günahlandırılan biz deputalar oluruq. Düzdür bu tam yalnış düşüncə və səhv yanaşmadır. Mənim borcum problemi qabartmaq, hansısa məmurlar tərəfindən bu problemlərin gizlədilməsinə mane olmaqdır, bu vəzifəmizi də layiqincə yerinə yetiririk. Lakin, mən vətəndaşlarımızı da qınamıram. Onların əlləri bizə çatır. Necə deyərlər uman yerdən küsərlər. Bundan əlavə sosial müdafiə və məşğulluqla bağlı da xeyli sayda müraciət var, habelə, yerli orqanların fəaliyyət və fəaliyyətsizliyinə dair şikayətlər də daxil olur. Əlbəttə mümkün olduğu qədər, səlahiyyətimizin imkan verdiyi həddə, bəzən şəxsi nüfuz və tanışlıqlarımızdan, imkanlarılmızdan istifadə edib problemlərin həllinə çalışırıq.



OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...