ƏLİ HƏSƏNOV “XƏZƏR” TV-yə NECƏ SAHİB OLDU? – Və yaxud hər ay prezidentin köməkçisinə 300-350 min manat ödəyən Hüseyn Dinləməz sonradan Azərbaycandan nə üçün didərgin salındı... / SENSASION FAKTLAR

15/11/2019 - 12:07 10 902 0   2  

Azərbaycan mətbuatında və sosial şəbəkələrdə son günlər ən çox tənqid olunan, barəsində çoxsaylı ifşaedici faktlar açıqlanan məmurlardan biri, bəlkə də birincisi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Hansı ki, bir vaxtlar sosial şəbəkələrdə onun ismi çox hadir hallarda tənqid obyektinə çevrilər, haqqında çox ehtiyatla danışılardı. Ölkə mətbuatında isə əksər yandaş jurnalistlər tərəfindən prezidentdən də “üstün” səviyyədə “toxunulmaz” məmur kimi qəbul edilirdi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİV DF) tərəfindən maliyyələşən bəzi qəzetlər, eləcə də müxtəlif saytlar zaman-zaman prezidenti tənqid etsələr də, Əli Həsənovun əleyhinə bircə cümlə yazmağa cəsarət etmir(di)lər. Çünki bu halda onları qarşıda nələrin gözlədiyini çox yaxşı bilirdilər...

Bu gün isə Ə.Həsənov istər sosial şəbəkələrin, istər də müstəqil mətbuatın “qabırğasına ən çox döşədiyi” məmurların başında gedir. Ən maraqlısı isə odur ki, artıq hakimiyyət daxilində də onun əleyhinə fikir söyləyənlərin sayı çoxalmaqdadır. Xatırladaq ki, prezidentin köməkçisi haqqında ən sərt fikirlər səsləndirən şəxslərdən biri Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan, sabiq nazir Əli Nağıyev oldu. O, açıq şəkildə bəyan etdi ki, Ə.Həsənov ilk dəfə onun tərəfindən vəzifəyə gətirilsə də, sonradan ona dönük çıxıb, hətta barəsində mərhum dövlət başçısı Heydər Əliyevə yanlış məlumatlar verib. “Bilirsiniz, xəyanətkarı Allah heç zaman bağışlamaz. Əsl kişi yediyi qaba tüpürməz. O vaxtı Əli Həsənovu bağıma aparmışdım, evimdə çörək yemişdi, amma sonra gedib Heydər Əliyevin yanında deyib ki, Əli Nağıyevin evində bir “lüsturası” var ki, düşsə Prezident Aparatı uçar. İndi gedin Əli Həsənovun da bağına baxın, mənim də, görün hansı dəbdəbəlidir?!”, - deyə Əli Nağıyev müsahibəsində bildirmişdi.

Təsadüfi deyil ki, bu müsahibənin ardınca bir sıra saytlarda da Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi haqda sərt məqalələr yer almağa başladı. Hətta onun barəsində açıq və dolayı yolla “dəftərdaşıyan”, “ayaqqabı cütləyən” kimi sərt fikirlər səsləndi. Bütün bunlar isə heç də təsadüf deyil.

Birincisi, prezident İlham Əliyevin müəyyən səbəblərdən artıq öz köməkçisinə güvənmədiyi göz önündədir.

İkincisi, çox güman ki, İ.Əliyevin məmurlar üzərində ictimai nəzarətin vacibliyi ilə bağlı açıqlması da bu məsələdə mühüm rol oynayıb. Hansı ki, ölkə başçısı vətəndaşlara müraciət edərək, "əyri yola gedən rəhbər şəxslər" haqda məlumat verməyi istəyib.

Bu günlərdə Türkiyədəki mötəbər qaynaqlardan redaksiyamıza daxil olan bir sıra sensasion faktları da Azərbaycan prezidentinin çağırışına cavab kimi dəyərləndirmək olar. Çünki, əks halda bu sənədlər indiki ərəfədə deyil, illər öncədən açıqlanardı. Sadəcə, görünür, mötəbər mənbə Əli Həsənovun həmin illərdə vəziyyətdən “quru” çıxacağını bildiyi üçün, əlində olan faktları onun indiki “dişsiz” vaxtına saxlayıb.

Bəri başdan qeyd edək ki, söhbət Türkiyənin “Saman Yolu” Televiziyasının (STV) Azərbaycan bürosunun əmlakının qanunsuz yollarla ələ keçirilməsindən gedir. Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə fəaliyyət göstərən “Xəzər” TV məhz bu televiziyanın maddi-tezxniki bazasında yaradılıb.

Mənbə bildirir ki, STV-nin Azərbaycan bürosunun qurucusu Türkiyə vətəndaşı Həsən Hüseyn Dinləməz olub. O, bu televiziyanın inkişafı üçün Türkiyənin “Asiya” Bankından (“Bank Asya”) 2 milyon dollar kredit götürüb. 2007-ci ildə STV fəaliyyətə başlayandan az sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov ölkə rəhbərliyi adından Hüseyn Dinləməzlə görüş keçirib. PA yetkilisi bu görüş zamanı qarşı tərəfdən televizyanın fəaliyyətini dayandırmağı tələb edib. Həmçinin, görüşdə Dinləməzin diqqətinə onu da çatdırıb ki, onun ən qısa zamanda Azərbaycanı tərk etməsinə dair ölkə rəhbərliyinin göstərişi var.

Əli Həsənovun bu sözlərindən sonra çarəsiz vəziyyətə düşən Hüseyn Dinləməz ondan çıxış yolunun olub-olmadığını soruşub. Bu zaman Ə.Həsənov ona öz şərtlərini diktə edib. O bildirib ki, gəlirlər yarıbayarı bölünəcəyi təqdirdə televiziya onun tərəfindən himayə oluna və bununla da problem öz həllini tapa bilər.

Bu təklifdən imtina edəcəyi halda “Bank Asya”dan götürdüyü 2 milyon dollar krediti qaytara bilməyəcəyini düşünən Dinləməz televiziyanın gəlirini PA şöbə müdiri ilə bölməyə razılıq verib. Bundan sonra, tərəflər arasında əldə olunan razılaşma əsasında STV-nin maddi-tezxniki bazasında “Xəzər” TV yaradılıb ki, bu televiziyanın da təsisçisi Əli Həsənovun ən etibarlı adamlarından biri – Bakı Dövlət Universitetinin (BDU) elmi işçisi Asəf Adil oğlu Hacıyev olub.

Yeri gəlmişkən bildirək ki, A.Hacıyev 15 yanvar 2019-cu ildən etibarən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri vəzifəsində çalışır. O, 1998-2007-ci illərdə "Azadinform" İnformasiya Agentliyinin direktoru, 2000-2007-ci illərdə "İntellekt" Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildə “Xəzər” TV-nin, 2008-ci ildə isə "Xəzər” radiosunun təsisçisi və prezidenti olub. 2010-cu ildə Ə.Həsənova sədaqətinin qarşılığı olaraq, "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif edilib və jurnalistlər üçün tikilən birinci binadan ona da ev verilib.

A.Hacıyev 22 oktyabr 2013-cü ildən “Xəzər TV” MMC-nin direktoru vəzifəsində çalışıb. Yerli mediada verilən məlumata əsasən, elə həmin tarixdə (22 oktyabr 2013-cü ildə) Asəf Hacıyev öz şəriki olan Hüseyn Dinləməzə notarial qaydada “Xəzər TV” MMC adından bütün səlahiyyətləri həyata keçirməyi etibar edib:

“Mən, “Xəzər TV” MMC-nin direktoru Azərbaycan Respublikasının vətəndaşı, 21.09.1967-ci il təvəllüdlü, Azərbaycan Respublikası, Bakı şəhəri, Naxçıvanski küçəsi ev 24, mənzil 86-da yaşayan, 04.12.203-cü ildə Bakı-Nizami RPİ tərəfindən verilmiş AZE seriyalı 01696341 Saylı şəxsiyyət vəsiqəsinin sahibi Hacıyev Asəf Adil oğlu

Həmin etibarnamə ilə Türkiyə Respublikasının vətəndaşı, 03.08.2001-ci ildə İzmir Emniyyet Müdürliyi tərəfindən verilmiş TR-L  N 442657 saylı pasportun sahibi Həsən Hüseyin Dinlemez-ə “Xəzər TV” MMC şirkətinin adına Türkiyə Respublikasının Banklarında hesablar açmağı, hesabları bağlamağı, hesablar üzərində sərəncam verməyi, kredit almağı, ondan istifadə etməyi, müqavilələr bağlamağı, kreditlərdən istifadə etməyi və “Xəzər TV” MMC şirkətinin Nizamnaməsindən irəli gələn bütün işləri yerinə yetirməyi və sənədləri imzalamğı etibar edirəm.

Etibarnamə 5 (beş) il müddətinə verilib və 22 oktyabr 2018-ci il tarixədək qüvvədədir”(FOTO).

Maraqlıdır, bəs necə oldu ki, televiziyanın gəlirinin 50 faizinə sahib olan H.Dinləməz sonradan “Xəzər TV” MMC-nin rəhbərliyindən imtina etmək məcburiyyətində qaldı? Bu suala cavab verməzdən öncə, bir necə vacib məsələləri oxucularımızın diqqətinə çatdıraq. Belə ki, 2007-ci ildə Əli Həsənovla Hüseyn Dinləməz arasında əldə olunan yuxarıda qeyd etdiyimiz anlaşmadan sonra, sonuncu tərəf hər ay PA rəsmisinə 100 min manat nəğd pul vəsaiti verib. Üstəlik, Ə.Həsənovun sahib olduğu xəstəxana, təhsil müəssisələri və s. obyektlərin xərcləri də “Xəzər” TV-dən əldə olunan gəlir hesabına ödənilib. Beləliklə, H.Dinləməz ay ərzində Ə.Həsənova təxminən 300-350 min manat vəsait ödəyib. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə deyir ki, nəğd pullar hər ay Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya və oğlu Şamxala ötürülüb.

Məlumata əsasən, 2010-cu ildə şəriklər “Xəzər” TV-nin fəaliyətini daha da genişləndirməyi qərara alıb. İlk olaraq isə televiziyanın yeni bina ilə təmin edilməsinin gərəkli olduğu önə çıxıb. Odur ki, yeni tikiləcək binaya yer ayrılması məqsədilə Hüseyn Dinləməz Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yazılı müraciət ünvanlayıb. Nəticədə Ə.Həsənovun dəstəyi və BŞİH-in sərəncamı ilə SOCAR-ın balansından “Xəzər” TV-nin yeni binasının tikilməsi üçün təmənnasız olaraq 1 ha torpaq sahəsi ayrılıb. Smeta dəyəri 25 milyon manat civarında olan binanın tikintisi 2015-ci ilin dekabr ayında başa çatıb. Bundan sonra Ə.Həsənov “Xəzər” TV-yə təkbaşına sahiblənmək qərarına gəlib. O, bu məqsədlə həmin ərəfədə televiziyanın yeni binasında toplantı keçirərək, oğlu Şamxal Həsənlini şirkətə vitse-prezident təyin edib. Bunun ardınca isə H.Dinləməzi “Xəzər” TV-dən tamamilə uzaqlaşdırmaq üçün televiziyanın fəaliyyəti dövründə “külli miqdarda yeyinti baş verdiyini” iddia edərək, şirkətdə audit yoxlaması keçirib. Bu yoxlamaların nəticəsində isə 7 milyon manat vəsaitin mənimsənildiyi bəyan olunub.

Mənbə deyir ki, ortağının bu iddiasını heç bir halda qəbul etməyən H.Dinləməz, ondan xəbərsiz olaraq, “Xəzər TV” MMC-də özəl audit yoxlaması təşkil edib. Maraqlıdır ki, bu yoxlamalar nəticəsində Ə.Həsənovun iddia etdiyi 7 milyonluq yeyinti faktı təsdiqini tapmayıb. Odur ki, bundan qəzəblənən PA rəsmisi öz qulluq mövqeyindən istifadə edərək, şirkətin möhür-ştampını Hüseyn Dinləməzdən alıb və onun səlahiyyətlərini tamamilə minimuma endirib. Bütün bunlarla yanaşı, müxtəlif zamanlarda şərikinə psixoloji basqılar edərək, onu şirkətdən kənarlaşdırmağa çalışıb.

Beləliklə, 2016-cı ildə qardaş ölkədə baş verən dövlət çevrilişinə cəhd olayı Ə.Həsənov üçün yaxşı fürsət olub. Məlumata əsasən, o, “Xəzər” TV-nin türk rəhbərliyini Türkiyə dövlətinə “nurçu” kimi təqdim edərək, onların vasitəsilə H.Dinləməz və digər əməkdaşları “arzuolunmaz şəxs” qismində Azərbaycanı tərk etməyə məcbur edib. Bu haqda informasiya verən mənbə iddia edir ki, bütün bunlardan sonra Ə.Həsənov “Xəzər” TV-nin əmlakını qeyri-qanuni yollarla oğlu Şamxal Həsənliyə məxsus “Dervish Pictures” şirkətinin balansına keçirib.

Mötəbər qaynaqdan verilən başqa bir məlumata görə, Əli Həsənov “Xəzər” TV-nin keçmiş rəhbərliyi ilə görüşlərin birində ölkədə fəaliyyət göstərən ANS, ATV və “Lider“ televiziyaları üzərində də söz sahibi olacağını bildirib. O, iddia edib ki, bu televiziyalar onun təsir dairəsinə düşməyəcəyi təqdirdə, onların fəaliyyətinə son qoyulacaq.

Mənbə bildirir ki, Əli Həsənov həmin ərəfədə vəzifə səlahiyyətlərindən istifadə edərək, ölkənin siyasi rəhbərliyini sözügedən televiziyaların fəaliyyətinin qənatəbəxş və cəmiyyətdə rəy formalaşdırmaq gücündə olmadığına inandıra bilib. Nəticədə isə, dolay yollarla öz şəxsi maraqlarını təmin etməyə müvəffəq olub. Çünki cənab Həsənovun əsas məqsədi bu televiziyaları zəiflətmək və sıradan çıxarmaqla, sahib olduğu “Xəzər” TV-ni reklam bazarında şəriksiz liderə çevirmək olub...

Sahil DƏMİRÇİ,

Suveren.az

P.S. Qeyd edək ki, yuxarıda sadalanan faktlarla bağlı redaksiyamızı bilgiləndirən mötəbər qaynaq “Xəzər” TV-nin müxtəlif illərdə əldə etdiyi gəlirlər haqda da sənəd təqdim edib. Oxucularımızı həmin sənədlərlə tanış edirik: