Koronavirus “payız qripi”nə çevriləcək – “Virusun tam yox olması imkansızdır...”
16:54 / 15.02.2022
932
"Pandemiya
sonlanacaq, lakin koronavirus payız fəslində qrip kimi yayılacaq və
ağırlaşmalar olacaq”.
Bunu Sfera.az-a
açıqlamasında infeksionist Mərdan Əliyev bildirib. İnfeksionist pandemiyanın
bitməsi və yeni ştamların yayılması ilə bağlı məsələyə də aydınlıq gətirib:
"Koronavirus böyük
genoma malik olduğu üçün daha çox mutasiyaların formalaşmasına səbəb olur. Mutasiyaların
meydana çıxması virusun sürətli yayılma qabiliyyəti ilə əlaqəlidir. Məsələn, "Omikron”
sürətlə yayılır deyə, mutasiyaların yaranması ehtimalı çoxalır. Omikronun alt variantları da sürətli
yoluxduruculuq səbəbi ilə yayıla bilir. Bu proses virusun çoxlamasının dayandığı bir vaxtda
reallaşacaq və pandemiya bitəcək. Lakin pandemiya bitəcək dedikdə, yoluxmanın
0-a düşməsi və virusun yoxa çıxması nəzərdə tutulmur".
Müsahibimiz hesab edir ki, koronavirus həyatımızda həmişəlik qalacaq: "Pandemiyanın bitməsi
o deməkdir ki, virus fəsil infeksiyasına çevriləcək və ilin hər fəslində mövcud
olmayacaq. Koronavirus həyatımızda həmişə olacaq, lakin payız fəslində qrip
kimi yayılacaq və ağırlaşmalar olacaq. Payız aylarında yoluxma sayında alovlanmalar
olarsa, o zaman mutasiyalar ortaya çıxa bilər. Lakin yoluxma sayı epidemiya,
pandemiya səviyyəsində olmayacaq”.