“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ
Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:
 
- "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anlayışdı. "Koç” sözü dilimizin normalarına belə uyğun deyil. Kimdir "yaşam koçu”?

-  Yaşam koçluğunun tarixinə nəzər salsaq, əslində əsrlər əvvələ gedib dayandığını görərik. Amma məhz peşə kimi formalaşması son illərə təsadüf edir. 4-5 il bundan öncə, xarici səhifələri izləyəndə bu sahə marağımı cəlb etdi, o zaman araşdırmağa başladım. Kimə "koçluq” haqqında danışırdımsa, hətta gülür, zarafatla "yaşam qoçu?” deyirdilər. Mənim ilk ixtisasım jurnalistika olduğuna görə psixoloqlarla çox işləmişəm, amma o sahə ürəyimə yatmırdı. Lakin yaşam koçluğunun tamamilə başqa cür olduğunu gördüm. Bəzən psixologiya ilə bunu səhv salırlar. Düşünürəm ki, insanlar imkanları olduğu halda, yaşam koçluğunun təhsilini alsa, yaxşı olar. Ən azı seansına getməlidirlər, yəni hər bir insanın bu sahə ilə tanış olma periodu olmalıdır. İngilis dilində "life coach" sözü Azərbaycan dili lüğətində hərfi tərcümə olaraq məşqçi deməkdir. Ölkəmizdə daha çox "yaşam koçu" olaraq bilinən bu sahənin adını gərək dilçilərimiz lüğətə əlavə etsinlər, çünki "həyat məşqçisi" yaxşı səslənmir, məncə.

- Ali təhsil müəssisələrində də belə bir ixtisas yoxdur. Sizcə yaşam koçunun da psixoloq ixtisası kimi tədris edilməsinə ehtiyac varmı?  Yoxsa, kurslar özünü inkişaf etdirmək üçün kifayətdir?

-  Bununla bağlı beynəlxalq səviyyədə tanınan akademiyalar var. Bunlardan biri də Türkiyədə olan Amerika universitetlərdən birinə məxsus idi. Mən ora ("School of Lidership”) müraciət edib  distant təhsil aldım. Burada NLP, "yaşam koçluğu”, professional koçluq və psixologiya üzrə yüksək nəticə göstərərək Amerika Universitetinin təsdiqlədiyi beynəlxalq dərəcəli 4 sertifikat əldə etdim. Amma işimlə bağlı araşdırmalarım sayəsində özümə nələrsə qatmışam, nəinki təhsillə. Səmimi olaraq etiraf edirəm, təhsili sırf rəsmi olaraq fəaliyyət göstərmək üçün almışam. Əslində yaşam koçu olaraq o təhsil mənə heç nə verməyib. Necə ki, bəzi jurnalistlərin yazı qabiliyyətləri olsa da, imkansızlıqdan təhsil ala bilməyiblər, amma bəzi təhsillilərin də düzgün nitqi belə yoxdur. Fikir versəniz, müasir dövrdə işində uğur qazanan çox insanın diplomunun olmadığını görərsiniz. Yenə deyirəm, diplomu sırf çalışmaq üçün əldə etmişəm, o mənə xüsusi bilik verməyib. Təcrübəni isə işləyərək qazanmışam.
 
Digər tərəfdən, düşünürəm ki, ən yaxşı yaşam koçu psixologiyaya bələd olmalıdır. Eynilə, ən yaxşı psixoloq da müasir dövrdə yaşam koçluğu ilə bağlı məlumatlı olmalı, o seansları görə bilməlidir – bu halda terapiya çox uğurlu olur. Amma ənənəvi psixologiya zənnimcə, hazırkı dövrdə bir çoxlarının o qədər də tələblərinə, gözləntilərinə cavab vermir. 
 

 
- Niyə belə düşünürsünüz? Ümumiyyətlə, sizi psixoloqlardan fərqləndirən nədir?

- Çoxları elə bilir ki, yaşam koçu psixoloqdur, məsləhət verəndir. Xeyr! Əslində professional yaşam koçu heç bir məsləhət vermir. Sadəcə sənə doğru sualları ünvanlayır və sən özünə uyğun olan ən doğru yol xəritəni çəkə bilirsən. Nəyi, necə etməli olduğunu özün müəyyənləşdirirsən. Deyə bilərsiniz ki, onda yaşam koçuna nə ehtiyac var? Yaşam koçu sənə həmin o doğru, ehtiyacın olan sualları verir. Çünki biz həyatda cavabları tapmaq üçün birinci sualları verməliyik və hər sualın özündə cavab var, əslində.
 
Fikir verirsinizsə, artıq əksər psixoloqlar həm də yaşam koçluğu sertifikatı alırlar. Demək ki,  bu peşəyə həqiqətən də ehtiyac var. Ümumiyyətlə, yaşam koçluğu ilə psixologiya arasındakı fərqləri müəyyən etmək üçün gərək hər iki sahəyə də bələd olasan. Fərqlər əslində incə detallardan ibarətdir. Yaşam koçluğunda terapiyalar olmur. Amma mən həm də psixologiya mütəxəssisi olduğum üçün məndə belə deyil. Mənim seansım həm təlim, həm də terapiya xarakterli olur. Yaşam koçluğunda dediyim kimi "danışan”a (koça müraciət edənə) suallar verilərək öz potensialının ortaya çıxmasına kömək edilir. Qısaca, yaşam koçu mənəvi inkişaf bələdçisidir. Amma psixoloq çox dərin məsələlərlə işləyir – uşaqlıqda alınan travmalar və s. Mənim seanslarımda onsuz da yenə uşaqlığa səyahət olunur, suallarla kökə enilir. Dəfələrlə psixoloq seanslarına gedib istədiyi nəticələri ala bilməyənlər var. Bu, psixoloqun güclü və ya zəif olması demək deyil. Bu, mütəxəssislə şəxsin uyğun olub-olmamasından irəli gəlir. Təəssüf ki, yaşam koçluğu Azərbaycanda "yeni şamanizm” kimi tanınır.

- Suallarımdan biri də elə bununla bağlı olacaq. Sosial şəbəkələrdə insanların zəif nöqtələrindən istifadə edib onları "yaşam koçu” adı altında aldadan şəxslər kifayət qədərdir. Tutaq ki, bir pul qabı üçün 2-3 min manata yaxın məbləğ alır, qarşılığında da həmin şəxsi varlı olacağına inandırır, ona olmazın vədlər verirlər. Aldanmamaq üçün nə etmək lazımdır?

- Mən qeyd etdiyiniz o şəxsləri yaxından tanımadığım üçün haqlarında heç bir söz deyə bilmərəm. Amma ümumi olaraq insanların doğrunu tapa bilməsi ilə bağlı fikirlərimi bölüşə bilərəm. İnsan qəlbinin səsinə qulaq asanda onsuz da doğrunu bilir, sadəcə qulaq asmaq istəmir, özünü çaşdırır. Əslində ürəyinə gələn ilk hiss nədirsə, onun arxasınca getsə, yanılmaz. Bir də "enerji tutumu” var. Məsələn, mən sizlə görüşdüm, yaxşı aura aldım. Əgər sən də bu auranı gördünsə, həmin mütəxəssislə davam etməlisən. Yox əgər, ilk dəfədən narahatlıq yaranırsa, bir şübhə olursa, artıq orada nəsə var. Pul qabı söhbətinə gəlincə, bu, insanı inandırmaqdır. Siz özünüz üçün pul qabı alıb ona xüsusi məna qatsanız, həqiqətən o, pul gətirən əşyaya çevrilə bilər. Məsələnin sirri inanmaqdadır. Amma sən müxtəlif rituallar edərək özünü bəlkə də aldatmış olursan. Müqəvvəti olaraq sənə sevinc hissi gəlir və bunu xoşbəxtliklə səhv salırsan. Buna görə də bəzi rituallarla özlərini aldadanlar var. 

 
- Bayaq yaşam koçunun insanların həqiqi potensialını dərk etməsi, üzə çıxarması üçün yol göstərdiyini vurğuladınız. Maraqlıdır, siz hansı metodlardan istifadə edirsiniz?

- Mən suallar verirəm, meditasiyalar da olur və hər kəsin probleminə görə metodlar dəyişir. Məsələn, pozitiv psixologiya, geştalt, NLP, psixodinamik, oskar, "grow”, steppa və s. kimi metodlar var. Lakin ən əsası insanın özünü mükahimə və müqayisə etməsidir. İnsan həmişə şikayət edirsə, nə qədər seanslarda iştirak etsə də, onun həyatında problemlər daim davam edəcək.
 
Bəzi insanlar elə bilirlər ki, bir seansa sehirli toxunuş olacaq, heç nə olmadığını görüb başqa mütəxəssisin yanına üz tuturlar. Özündə heç nəyi dəyişmək istəmir və düşünür ki, mütəxəssis bunu edəcək. Bir şeyi başa düşmək lazımdır – yaşam koçu və ya  psixoloq səni dəyişə bilməz! Əgər kimsə sənə "həyatını 100 faiz dəyişəcəm” deyirsə, bu, səhv söhbətdir. Məsələ odur ki, mən sənə bələdçi olacam, amma sən dəyişmək istəməlisən. Bir də seanslarda mütləq tapşırıqlar olur, onları yerinə yetirmək lazımdır. Tapşırıqlara əməl edilən müddətdə hər şey yaxşı olur. Necə ki, həkimin müalicə metoduna əməl edəndə səhhətin düzəlir, burada da eyni psinsipdir. Bəzən mənəvi əməliyyata da ehtiyac olur. Ya da elə anlar olur ki, müxtəlif metodlardan istifadə edirsən, amma danışan daima yorğundur, yaddaş problemi yaşanır və həmin anlarda fiziki müalicəyə də ehtiyac yaranır. Bəzən həkimə getmədən  yaşam koçuna müraciət edirlər. Amma problemlərə kompleks yanaşmaq lazımdır – zehin, ruh, bədən. 

- Bəs "yaşam koçu”nun özü hansı keyfiyyətlərə sahib olmalıdır?  

- İlk növbədə səbrli olmalıdır. Ümumiyyətlə, özünü dəyişmək istəyən hamı yaşam koçu ola bilər. İnsan özünü o sahədə görürsə, bu, mümkündür. Məsələn, mən bu sahə ilə tanış olandan sonra çox səbrli olmuşam. Yaşam koçunun keyfiyyətlərindən biri də empatiya hissinin olmasıdır. Yəni qarşısınndakının yerinə özünü qoymağı bacarmalı, qınamamalısan. Bir şəxs yaşam koçunun yanına niyə gəlir? Problemini dostuna, ailəsinə danışa bilmir, çünki onu qınayacaqlarını dərk edir. Amma psixoloqun, yaşam koçlarının yanında mühakimə edilməyəcəyini, danlanmayacağını bilir. 
 
- Xüsusilə, hansı istiqamətlər üzrə insanlara dəstək verirsiniz? İnsanların problemlərini, dəstək görmək istədiyi sahələri tərəziyə qoyanda hansı daha ağır gəlir?

-  Mənə müraciət edənlər arasında əsasən bu istiqamətlər olur: Ailə qurmaq və pul. Məsələn, xanımların çoxu ailə qurmaq istəyir və mən artıq bilirəm ki, həmin şəxs əslində evlənmək istəmir, amma israr edir. Seans zamanı suallardan məlum olur ki, xanım bunu həm istəyir, həm də yox. İnsan tərəflərdən ibarətdir və sənin içində bir tərəf müqavimət göstərirsə, bil ki, o arzun gecikir, bilmədən özünü gecikdirirsən. Amma yaşam koçluğuna müraciət edərək bu seanslarda iştirak etdikdən sonra həyatında bəzi şeyləri tezləşdirə bilirsən. Nəyin neçə faiz sənin nəzarətində olduğunu, nəyin səndən asılı olmadığını artıq müəyyənləşdirirsən.
 
Bəzən insanlar elə bilirlər ki, hər şey onlardan asılıdır və hər şey edə bilərlər. Halbuki bu, yanlış düşüncədir. Ya da elə zənn edirlər ki, yaşam koçunun əlində sehirli çubuq var və sən onun yanına gedəndə bütün işlərin düzələcək. Mənə bununla bağlı çox müraciətlər gəlir – məsələn, "siz kodlama edəcəksiniz, enerji göndərəcəksiniz” kimi cümlə qurub başqalarını nümunə gətirənlər var. Məndə isə hər şey sözlədir. Belə ifadə də var ki, kəlmələr kiçik mələklərdir. Bəzən gözəl bir söz ruh, dinclik verər. Ona görə hər şeyin kökü sözdür. Sən sözlərini dəyişəndə artıq düşüncələrin, nəhayət, qismətin dəyişir. Amma qismətə də arxalanmamaq lazımdır.



 
- Ailə qurmaq məsələsini vurğuladınız. Bilirsiniz, bu gün əsas sosial problemlərdən biri boşanmalardır. Siz cütlük seansları da təşkil edirsiniz. Necə düşünürsünüz, münasibətlərdə ən çox hansı yanlışlara yol verilir? 

-  Adətən cütlük seanslarında ilk 10-15 dəqiqə hər iki tərəfi birlikdə qəbul edirəm, daha sonra ayrı-ayrı onları tanımağa çalışıram. Elə  hallar olur ki, cütlüklər heç 10 dəqiqə dözüb birlikdə seanslarda iştirak etmək istəmirlər. Uzun müddət ayrı qalıb daha sonra bizə müraciət edirlər. O da öz istəkləri ilə deyil, daha çox ailə üzvlərinin məcburiyyəti ilə, sırf övladları üçün, valideynlərinin təzyiqinə görə seanslara gəlirlər. Əksər cütlüklər könüllü müraciət etmirlər. Məlum olur ki, əslində qadının ayrı, kişinin ayrı problemləri var və hər biri uşaqlıqdan, gördüyümüz tərbiyədən qaynaqlanır.
 
Səhvlərdən biri nədir? Bizdə qadına dözməyi öyrədirlər. Amma bir yerdən sonra o başa düşür ki, bunu edə bilmir. Yəni uşaqlarına görə etdiyi fədakarlığı artıq həzm edə bilmir, bacarmadığını dərk edir. Maliyyə azadlığı olan xanımlar ayrılmağı gözə ala bilirlər. Kimin ki gəliri yoxdur, "tək qalsam, nə edərəm?” düşüncəsi ilə sevmədiyi insanla ailə həyatını davam etdirməyə məcbur olur.
 
Mənim işim cütlükləri barışdırmaqdırmı? Yox. Burada əsas məsələ hər bir fərdin ayrılıqda xoşbəxt olmasıdır. Bəzən mütəxəssisi aldatmağa çalışırlar, ailədə heç bir problemin olmadığını deyirlər. Münasibətlərdə edilən səhvlərdən ən böyüyü də odur ki, sən bir psixoloq, yaşam koçu ola bilməzsən, bu işin mütəxəssisləri var. Hər kəs öz mənəvi, fərdi inkişafı ilə məşğul olsa, münasibətdə problem olmaz. Əksər cütlüklər ailəsinin təzyiqi ilə evləndiklərini, sonradan sevdiklərini deyirlər. Əslində sonradan sevdiyini zənn edir, amma uşaqlara görə dözür, boşanmaq istəmir. Yoldaşını sevmir, amma boşansa, nələr olar deyə düşünür. Ya da əksər xanımlar pul qazandığını, kişinin onu heç nəylə qane etmədiyini deyir. Əksər kişilər isə pul qazanmaq istəmirlər. Mən bunu çox görürəm.
 
 
Əsas problemlərdən biri də qadın və kişi enerjisində tarazlığın pozulmasıdır. Qadınlarda kişi enerjisinin, eləcə də əksinə kişilərdə qadın enerjisinin dominant olması münasibətdə uyğunsuzluq yarada bilir. Məsələn, qadınlar kişi kimi çox işləyən olurlar və karyera qurmağa önəm verirlər. Kişilər isə artıq tənbəlləşməyə doğru gedirlər. Bu da təbii ki, sosial problemdir, fərdi deyil. Bu artıq bir nəfərdən qaynaqlanmır, qlobal problem hesab olunur. Bunun kökü çox dərinlərdədir. Kişi və qadın enerjiləri balansdadırsa, insan özünü daha hüzurlu və məmnun hiss edər, sağlam münasibətlər qurular. Bir də anaları ilə problemləri olan əksər kişilər elə onlar kimi olan xanımlarla evlənirlər. Qadınlar da atalarına bənzər və ya əks kişilərlə ailə həyatı qurmağa üstünlük verirlər. Cütlüklər həm də bir-birilərini dinləmək istəmirlər. Hər zaman deyirəm ki, siz danışmırsınız, ya dalaşırsınız, ya da susursunuz. Danışsalar, seansa gəlmədən də problemlərini həll edə bilərlər.

- Bəs münasibətdə qadınlar və kişilərin spesifik olaraq şikayət etdiyi şeylər nələrdir?
 
- Kişilər daha çox qadınların deyingənliyindən şikayətlənirlər. Qadınlar isə kişilərin diqqətsiz, məsuliyyətsiz olmaqlarından narazıdırlar. Həm də münasibətə başlayanda yaşadıqları "şirin ayları”nın artıq davam etməməsindən şikayətlənirlər. Əslində bu, kişilərdə də belədir. Bu da münasibətlərin ciddiləşməsinə qədər qadın və kişinin rola girməsindən, özləri kimi olmamasından qaynaqlanır. "Özüm kimi olmayım, birdən məni bəyənməz” – Bax, problem buradan başlayır. Sən qarşı tərəfin səni görmək istədiyi kimi olmağa çalışırsan.
 
Deyirlər ki, həyat yoldaşım evlənəndən sonra dəyişdi. Amma o dəyişmir, özü olmağa başlayır. İki tərəf də təəccüblənir ki, bu adam necə dəyişdi? Yox. O, sadəcə səni əldə etmək, xoşuna gəlmək üçün belə edib. Özümüzü aldadırıq, çünki üzləşmək istəmirik. Biz o kədər hissini yaşamamaq üçün qaçırıq, amma onu yaşayıb qurtarsan, rahat olacaqsan. İnsan elə bilir ki, özünü daima yaxşı hiss etməlidir. Çox qəribədir, amma həyat düz xətt üzrə irəliləmir. 

- Yaşam koçu olaraq cəmiyyətdə müşahidə etdiyiniz daha hansı problem sizi narahat edir?

- Fikrimcə, insanlığın bir nömrəli problemi sevgisizlikdir. Elə maddiyyat məsələsi də gəlib bura dayanır. İnsanlar niyə varlı olmaq , söz sahibi olmaq istəyir? Sevilmək, dəyər görmək üçün. Fikirləşir ki, münasibətdə uğurlu olmasa da, pul qazansa, yaxşı mövqeyi olsa, dəyər görəcək, ona hörmət edəcəklər. Amma həqiqətən uşaq vaxtından sevgi görən insan bunlara ehtiyac duymur, həyatı özünü sübut etmək üçün yaşamır, həyatı öz axarına buraxmağı bacarır. 

Bir də insanlar əlamətlərə çox fikir vermirlər. Halbuki təbii şəkildə meydana gələn ələmatlərə diqqət etmək lazımdır. Məsələn, çox zaman münasibətlərdə bu hallar olur: evliliyə qədər o qədər ayrılıqlar keçirirsən ki, bir yerdə qarşındakı insanla uyğun olmadığını başa düşürsən, amma yenə də şans dalınca şans verirsən, bəlkə düzələr deyə.  Halbuki həyat sənə əlamətləri göstərmişdi, sən dinləmədin. 

Məni narahat edən problemlərdən biri də insanların həddən artıq şikayət etməsidir. Bəzi haqlı şikayətlərlə razıyam, başa düşürəm. Amma bununla özlərini tətmin etməyə çalışırlar. İnsanlar əslində şikayətləndikcə, bu tip məsələlər daha çox artır. Özünüz yoxlayın – bir gün daha çox minnətdar olun, bir gün də şikayətlənin. Günləri müqayisə edəndə nələrin baş verdiyini görəcəksiniz. 
 


 
- İşinizlə əlaqədar çox insanla ünsiyyətdə olursunuz, müsbət, eyni zamanda mənfi enerjilər qəbul edirsiniz.  Bu baxımdan, yaşam koçunun da həmkarının köməyinə ehtiyacı olduğu zamanlar olurmu?

- Əslində özümü çox şanslı hesab edirəm. Bu günə qədər mənə müraciət edənlərin əksəriyyəti çox istedadlı, öz üzərində çalışan, kifayət qədər uğurlara imza atmış şəxslər olublar. Buna baxmayaraq, özlərini inkişaf etdirmək üçün yenə də seanslara yazılırlar və bu məni çox xoşbəxt edir. Əslində onlar seansa gəlməyə də bilərlər, amma özlərində nəyisə dəyişmək istəyirlər. Mən özüm həmkarıma müraciət etmək istəmişəm, amma etməmişəm. Əslində deyirlər, bir psixoloqun iki psixoloqa ehtiyacı olur. Eynilə, yaşam koçlarına da aiddir bu. Xarici ölkələrdə fəaliyyət göstərən bəzi həmkarlarımla ünsiyyət qurmaq mənə də maraqlıdır. Hələ ki, belə bir fürsət yaranmayıb. Amma xüsusi olaraq kiminsə yanına gedim, seans götürüm – belə bir şey olmayıb. İnsan özündə qalanda, balansı qoruyanda inkişaf da təbii şəkildə olur. Sən mənfi enerjiləri də özündən ata bilirsən. Mən özümü inandırsam ki, qarşı tərəfin enerjisini qəbul edirəm, bu, həqiqətən də olacaq. Mənim "yaşam koçum”, rahatladan qüvvəm tanrımdı, allahımdı.
 
- Qəlibləşmiş bir fikir var ki, hansı peşəyə daha çox üz tutulursa, deməli o sahədə çoxlu pul var. Yaşam koçlarının da sayı getdikcə artır. Bu sahədə çox pul var?

 - Bu sahədə bəzi mütəxəssislər çox qazanırlar, bəziləri də ümumiyyətlə heç qazanmırlar. Stabil maaş yoxdur ki, deyəsən aylıq filan qədər gəlirim var. Məndə kitab satışı da var, özünü terapiya proqramı da. Məhz bu qiymətlər bazarda baha olduğu üçün çox minimal, simvolik məbləğə 21 günlük özünü terapiya proqramı yaratmışam. Mənim qazancım başqa yerdən gəlir. Bu sahəyə olan marağı isə belə izah etmək olar. Jurnalistikaya hər sahədən olanlar üz tuta bilir, amma jurnalist oxumadan həkim ola bilmir. Eynilə yaşam koçluğunda da sırf universitet təhsili olmadığına görə say getdikcə artır. Müraciət edən şəxs mütləq yaşam koçundan beynəlxalq sertifikat tələb etməlidir. Çünki elə olur ki, yaşam koçunun sertifikatı olsa da, beynəlxalq dərəcəsi yoxdur. Aldanmamaq üçün həmin sənədi tələb etmək lazımdır. Bəlkə kimsə pul qazanmaq üçün özünü "yaşam koçu” elan edib, sosial şəbəkədə səhifəsini də açıb. Bu, çox məsuliyyətli sahədir. Həmin şəxs elə edə bilər, sən yeni travma yaşayarsan, daha pis olarsan.
 
Amma həqiqətən bu sahədə də çox fantastik qiymətlər var. Bəzən yaşam koçları ilə "thetahealing”ləri (şüuraltı terapiya texniklası ilə məşğul olanlar) səhv salırlar. Və ya  bəzi yaşam koçları "accses bars”( başdakı xüsusi 32 nöqtəyə xəfifcə toxunaraq şüuraltını təmizləmək) təlimləri alırlar. Onların qiymətləri beynəlxalq dərəcədədir. Məsələn, mən "thetahealing” və ya "accses bars” təlimləri vermirəm. Bunu da inancla əlaqələndirirəm. Çox şikayət edirlər ki, 10 seans getmişəm, seansın biri 100, 1000 manata başa gəlir, amma nəticə yoxdur. Çünki insan gedən zaman araşdırmır, kor-koranə bunu edir. Mütəxəssislərlə uyğunluq yoxlanılmalıdır. Əgər bir-iki seansa yaxşılaşma hiss etmirsənsə, artıq sorğulamalısan.

- Dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə məşhurları yaşam koçları ilə birgə görürük. Sənət adamları yaşam koçları ilə birgə işləməlidirmi? Sizə müraciət edən tanınmış şəxslər olubmu?

- Adlarını təbii ki, deyə bilmərəm. Adətən, bizdə məşhur deyəndə müğənniləri nəzərdə tuturlar, onlarla işləməmişəm. Məsələ odur ki, əksər uğur qazanmış insanların mütləq yaşam koçları olur. Bunun vacib olduğunu deyə bilmərəm. Bilirsiniz, insanın arada kənar gözə ehtiyacı olur, uğur qazandıqca başı qarışır, həm də mental olaraq yorulur. Bunu da aradan qaldırmaq üçün psixoloq, terapist, yaşam koçu, meditasiya koçu kimi şəxslərin yanına gedə bilərlər. Təkcə tanınmışların deyil, imkanı olduğu halda, hər kəsin yaşam koçu olsa, daha yaxşıdır. Düşünün ki, sizin daima mənəvi inkişafınızla məşğul olan biri var.
 
- Sosial şəbəkələr özü ilə bərabər müəyyən yeniliklər də gətirib. Özəlliklə münasibətlər sisteminə təsirsiz ötüşməyib. Bu məsələni siz də öz paylaşımlarınızın birində qeyd etmişdiniz – "Niyə mənə gec yazır”, "Filankəsin fotosuna ürək atdı”, "Onlayndı, amma mesajlarıma baxmır” və s. kimi cümlələrlə müraciət edənlər kifayət qədərdir. Bunu sosial şəbəkələrin fəsadları adlandıra bilərikmi?

- İndi bunlar psixologiyada hətta mikroaldatmalar sayılır. Yanaşmalar fərqlidir. Amma iki tərəfdən birini nəsə narahat edirsə, qarşı tərəf düzəltsə nə olar ki? Əgər münasibətdə olduğum şəxsin kiminsə fotosunu bəyənməsi məni narahat edirsə, qarşımdakı şəxsi normal formada başa salmalıyam. Ancaq bayaq dediyim kimi, bizdə ya susurlar, ya dalaşırlar, sifət edirlər, qisas alırlar. Bu, artıq sağlam münasibət deyil, "toksik” münasibətdir. İki tərəf də ancaq bir-birini zəhərləməyə başlayır. Mikroaldatmalar daha da böyüyəcək. 

- Bəs "makroaldatmalar”la bağlı nə düşünürsünüz? Yəqin ki, sizə müraciət edənlər arasında xəyanətlərlə bağlı şikayətlənənlər olur?

- Məsələ, "mənə xəyanət edilir” deyil. "Mən xəyanət görəcəyim üçün münasibətdən qorxuram” cümləsi ilə müraciət edənlər daha çoxdur. Xanımlar ən çox bundan çəkinir. Əslində qadınlar da xəyanət edir. Artıq "ancaq kişilər xəyanət edir” qəlibinin dağıldığını düşünürəm. Sadəcə olaraq kişilər bunu özlərinə sığışdırmadıqları üçün çox zaman aldadıldıqlarını etiraf etmirlər. Cəmiyyətdə də ancaq kişilərin xəyanət etdiyi ilə bağlı fikir formalaşıb. Həm də qadın xəyanəti o qədər peşəkar və gizli olur ki, onun üstünün açılması da çətindir. Praktika və həyat təcrübəsi bunu göstərir. Əgər xəyanəti bağışlaya bilirlərsə, bağışlasınlar. Yox əgər, bağışla bilməyib, ondan ömür boyu qisas alacaqsansa, həyatını çürüdəcəksənsə, bil ki, sən özün də münasibətdə xoşbəxt olmayacaqsan. Çünki daima keçmiş gözünün qabağına gələcək, bu münasibət necə sağlam ola bilər? İnsanlar var ki, həm bağışlamaq istəmir, həm də münasibət bitməsin istəyirlər. Bu, düzgün deyil, ayrılmalısan! Ümumiyyətlə, düşüncəli insan xəyanət etmir. Münasibəti istəmirsə, bu, ona maraqsızdırsa, bitirib ondan sonra başqa münasibətə başlamalıdır.

Söhbətləşdi: Günay Rəsulqızı
Foto: Nuh Tarverdiyev

 



OXŞAR XƏBƏRLƏR