“Kəramət Böyükçöl həddini aşmışdı, ödəyəcəyi pulu...” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ

“Kəramət Böyükçöl həddini aşmışdı, ödəyəcəyi pulu...” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ
Sfera.az-ın bu dəfəki qonağı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır.

Müsahibimiz əməkdaşımızla söhbətləşərkən şiddət görən, cinayət qurbanı olan şəxslər barədə, həmçinin ailə dəyərlərindən tutmuş feminizmə qədər cəmiyyətdə tez-tez müzakirə obyektinə çevrilən məsələlərlə bağlı da öz düşüncələrini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

- Atılan uşaqlar, şiddət görən qadınlar, cinayət qurbanları, zorakılıq və s. həmişə olub, amma bu hallar son zamanlar sanki daha çox baş verir. 10 il bundan öncəki ilə indiki vəziyyəti müqayisə edəndə nələr dəyişib?

- Dəyişən davranışlardır. O zaman davranış indiki kimi deyildi, sosial şəbəkələrə çıxış yox idi. Bəzən informasiya çoxluğu da insan davranışlarına təsir edir – tərəddüddə qalır,  pərakəndə olur, konkret qərar qəbul edə bilmir və s. Gərək informasiya baxımından o qədər güclü olasan ki, nəyin doğru və ya yanlış olduğunu biləsən, təsirlərə düşməyəsən. İndi təhlükəli, riskli davranışa meyllilik var. Məsələn, 2000-ci illərdə müəyyən edilən insan alveri qurbanlarında dəyərlər sistemi fərqli idi, onlar daha çox streotiplərə görə qurban olurdular. Hansısa qeyri-qanuni münasibətdən hamilə qalıb, daha sonra aldadılaraq insan alveri qurbanına çevrilənlər olurdu. Onların fərqli dəyərlər  toplusu var idi, qohumlarına, yaxınlarına söz deyilməsin deyə ehtiyat edirdilər. Hazırda isə riskli davranışlar, psixoloji gərginliklər daha çoxdur. O vaxt ailələyə bağlılıq, geri qayıdışı istəyi var idi, indi isə müstəqil qalmaq istəyi.

- O zaman demək olarmı, hazırda müşahidə edilən qətllər, zorakılıq, şiddət faktları da daha aqressiv forma alıb?

- Əslində qətllər məsələn, 2013-cü ildə də var idi. Təxminən elə o vaxtlarda balta ilə cinayət törədilmişdi, gənc, təhsilli qız atası tərəfindən qətlə yetirilmişdi və biz səsimizi qaldırmışdıq. 2004-cü ildən bəri bu yana, dəyişikliklər hiss olunmağa başladı. Həmin ildə 15 belə hadisə (ailədə qətl) baş vermişdi. Lakin getdikcə rəqəmlər artmağa və hadisələrin forması dəyişməyə başladı. Son bir neçə ilə qədər parça-parça doğramaq və ya fərqli üsullara əl atılmırdı. Daha çox döyülməkdən, bıçaq zərbəsindən, baltalanmadan, boğularaq ölənlər var idi. Qəddar formada qətlə yetirmək isə son illərdə müşahidə olunur. 

- Bəzən mətbuatı da qınayırlar ki, cinayətin təfərrüatları yayımlanmamalıdır. Bu, istər-istəməz bəzilərində ya düşüncə formalaşdırır, mənfi nümunə olur və s. Bu barədə sizin düşüncəniz necədir?

- Mən də buna etiraz edirəm. Bilirsiniz, insan psixikası çox qəribədir, elastikdir. Biz onun təhsilini, dünya görüşünü, uşaqlıq vaxtı aldığı travmalarını, alt şüurunda nələrin olduğunu bilmirik. Cinayət faktlarının detallı araşdırması mütəxəssislər üçün yaxşıdır. Amma bunu sosial şəbəkələrdə paylaşmaq olmaz. Ələlxüsus da, məlumatda "əxlaqsız idi, davranışı belə idi” kimi mesajlar varsa... Bəlkə heç əxlaqsız deyildi, amma öldürülmə səbəbi üçün bu, əsas gətirilib. Əslində belə şeyləri mütəxəssislər müzakirə etməli, cəmiyyətdəki vəziyyəti qiymətləndirməlidirlər. Qabaq etimad, bir-birinə hörmətlə yanaşma, deyilən sözə əməl etmə var idi, indi dəyərlər sistemi pozulub. Bu baxımdan əhalinin  çox faizi psixoloji həssas vəziyyətdədir. Kiminsə şəhidi olub, kiminsə yaxını pandemiyada qəfil dünyasını dəyişib, yaxud hansısa filmlərə baxırlar, müxtəlif saytlara girirlər. Sosial şəbəkənin neqativliyi belə bəs edir. İnformasiya bir gündə ölkəni tamamilə fərqli ruha çevirə bilər. Ona görə çox ehtiyatlı olmaq lazımdır.

- Dəyərlər sistemini vurğuladınız. Müşahidələriniz nə deyir? Hazırda iddia edildiyi kimi ailə dəyərləri, ümumiyyətlə, "ailə” anlayışı ortadan qalxıbmı? 

- Bu gün ailə dəyərləri kifayət qədər aşınmaya məruz qalıb. Bayaq qeyd etdiyim şübhə məsələsi var. İnsanlar bir-birlərinə güvənmirlər. Elə insanlar var ki, qadına qarşı çox aqressivdirlər. Əvvəl konkretlik olsa da, indi alternativlər var - yəni buna olmaz, o birinə olar. İqtisadi amili əsas götürənlər çoxdur, duyğular, hisslər aşınıb. İnsanlar daha praqmatik olub, əlverişli mühit axtarırlar. Azərbaycan insanları ailəsevərdirlər, amma indi keçid dövrünü yaşayırıq. 
 


- Bu gün sevgi üzərində qurulan ailələrin də, valideynlərin müdaxiləsi və ya məcburiyyətdən sevgisizliklə qurulan ailələrin də əksər hallarda aqibəti eyni olur – boşanmaq! Nəyi səhv edirik?

- Baxın, köhnə ailə modelində necə idi? Ailə qarşı tərəflə bağlı kifayət qədər informasiya toplayırdı. İndi qarşı tərəflə bağlı informasiya əldə etmək insan haqlarına ziddir. Gənclər özünə sığışdırmırlar. Emosiyalar qüsurların görünməyinə imkan vermir. Əvvəl idarəetmə, təsirlər var idi. Hansısa problemlə bağlı toplanılırdı, ağsaqqalar yığılıb müzakirələr aparırdılar və s.  Subordinasiyada hərənin öz yeri və rolu var idi, hansı ki, tənzimlənirdi. İndi məsələn, siz razı olarsınız, qarşı tərəf axtarsın, öyrənsin? O dəqiqə etiraz edəcəksiniz, "mən tanıyıram bəsdir” deyəcəksiniz. Amma burada yaxşı rıçaq var idi, ailənin möhkəmliyi, sabitliyi saxlanılırdı.
 
İndi ağsaqqal müzakirələri də yoxdur, çünki onlar da işləməlidir, başları qarışıqdır, yaxud ağsaqqallar da bəzən öz davranışları ilə problemlər yaradırlar. Əvvəllər ağsaqqalların yalnız bir həyatı ola bilərdi, nüfuz onda olurdu ki, o, bir dəfə ailə qururdu, bir növ müqəddəsləşmə prosesi gedirdi, ona görə də dedikləri qəbul edilirdi. Ağsaqqal başqalarına görə öz istəklərindən imtina etməyi bacarırdı. Nüfuz da elə çox zaman imtina etməyi bacarmaqdır. İndi yaşlılar çox vaxt nədənsə imtina etmir, nüfuzu qoruyub saxlaya bilmir. Gənclər də baxır ki, əgər bu edə bilmirsə, mən niyə edim? Əvvəllər nəsillərarası düşmənçilik var idi, indi fərdlərarası. Məsələn, boşanan ər qisas almağa başlayır – "əmlak mənə məxsusdur” deyir. Bilirsiniz, "ailə” sözünün etimologiyasına nəzər yetirsək, görərik ki, bu, "ağanın qulları” mənasına gəlir. Hazırda "o mənim qulumdur”, "sözümdən çıxa bilməz”, "mənim sözüm qanun olmalıdır, istəsəm öldürərəm, istəsəm saxlayaram” kimi hallar müşahidə olunur. Sanki təfəkkür geri qayıdır.

- Ailədən söz düşmüşkən, adətən "kişi işləməlidir, qadın isə ev işləri ilə məşğul olmalıdır” kimi bölgünün şahidi oluruq. Necə düşünürsünüz, bu tabular yavaş-yavaş qırılırmı? 

- Artıq dəyişib. Məsələn, gənc ailələr var ki, ailədə kişi həyat yoldaşına kömək edir, uşağı saxlayır, yeri gələndə yemək bişirir, paltar yuyur.  Elə ərlər var ki, həftənin bir günü yoldaşına dincəlmək üçün sərbəstlik verir. Bu o demək deyil ki, özbaşına buraxır, yenə də qarşılıqlı hörmət var. Bir də var ki, şəxs ümumiyyətlə ailəsinə hesabat vermək istəmir – nə kişi, nə qadın. Bax bu problemdir. İşlədiyin qurumda hesabat verirsən düzdürmü? Bu, sənin birbaşa borcundur. Bəs ailədə niyə bir-birilərinə hesabat verməyi qəbahət hesab edirlər? 
 
- Konkret olaraq, nəyin hesabatını verməliyik? 

- Məsələn, qazancları ilə bağlı – birgə bölüşməlidirlər. Ya da bəzən deyirlər ki, atamın evinə getmişdim, mənimlə dalaşır. Təsəvvür edin, sizə xəbər vermədən çıxıb getmişəm, narahat olmazsınız? Məsələnin mahiyyəti budur. Bunu fərqli təqdim etməyə çalışmamaq lazımdır. Bu, narahatlıqdır, yaxşı haldır, bir-birinin qayğısına qalmaqdır. Düşünürəm ki, xəbər vermədən getmək ailə üzvlərinə hörmətsizlikdir. Mənim oğlum heç nədə mənə məhdudiyyət qoymur, amma harasa gedəndə ona mütləq məlumat verirəm, eynilə o da. Bəzi hallarda bunu zorakılıq kimi də qiymətləndirirlər. Mühit elə olmalıdır ki, insanlar bunu zorakı yolla deyil, rahat formada bir-biriləri ilə bölüşsünlər. Ola bilsin, mühit pisdir və qadın gizli formada valideynləri ilə görüşməyə gedib. Bu da var.
 
- Statistikaya əsasən, xarici vətəndaşlarla ailə quran xanımlarımız çoxalıb. Azərbaycan kişilərinə güvən azalıb?

- Düşünürlər ki, guya əcnəbilər daha yaxşı ər olur. Yaxud əcnəbilər daha çox azadlıq verir. Halbuki çox zaman bunun əksini müşahidə edirik. Xarici ölkədə yaşamağın da öz depressiyası var – qaydalara alışmaq, qanunları bilmək və s. Biz xalq olaraq istiliyə öyrəşmişik, bir-birimizin qayğısına qalmağa. Amma gedib elə bir mühitə düşürsən ki, ümumiyyətlə varlığını görmək istəmirlər. Məsələn, burda gənc, gözəl qız görəndə hətta qadınlar da çevrilib baxır, digər ölkələrdə isə bu etik deyil. Biz qəribə xalqıq, psixoloji kodumuz başqadır. Türkiyəyə gedənlər belə qardaş ölkə olmasına baxmayaraq, çətinlik çəkirlər. Xanımlarımız da adətən Avropadan çox, türk vətəndaşları ilə ailə qurmağa üstünlük verirlər. Bu da qloballaşma siyasətinin mahiyyətlərindən biridir. Bu əvvəl də olub – Rusiya vətəndaşı olan qadınlarla ailə quran kişilərimiz var idi. Problem qadınlarımızda deyil, problem qadınlarımızın özünü təqdimatındadır.
 
Baxın, Rusiya vətəndaşı ilə evlənən oğlanlar çox tez onların davranışı ilə razılaşırlar. Bəzən görürük ki, burda əlini ağdan-qaraya vurmayan oğlan Rusiyada istənilən məsələdə həyat yoldaşına yardım, dəstək olur. Biz çox zaman özümüzü olduğumuz kimi təqdim etmirik. Biz hislərimizi, düşüncələrimizi boğub saxlayırıq ki, təkcə ərə gedim. Ərə gedəndən sonra da, qaydalarını, davranışını dəyişmək mümkün deyil axı, bu da konflikt yaradır. Bu, hər iki tərəfə aiddir.  Amma digər ölkənin vətəndaşı deyir ki, mən beləyəm qəbul edirsən et, həm də məcbur etmədən. Biz isə bunu deməyə cürət etmirik, qorxuruq. Bütün insanların qüsurları var, amma biz ideallıq axtarışındayıq. Davranış modeli, ümumiyyətlə, dəyişməlidir. İnsan özünü rahat hiss edəndə o mühitdən qaçmır, zorakı yolla saxlamaq artıq mümkün deyil. İndi qaydalar da pərakəndədir, başqalarını görürlər. Evdən qaçmaq yox, evə can atmaq lazımdır. Ailə o zaman ailədir.
 
- Qaçmaq demişkən, son illərdə ailəsini, övladlarını tərk edib qaçan xanımlarımız da kifayət qədərdir.

- Bunun bir qismi məsuliyyətsizlikdən irəli gəlir. Bir qismi sadəcə olaraq hansısa filmlərin təsiri ilə, eşq havası ilə qaçanlardır. Burada təkcə qadınları qınayırlar. Qarşı tərəfə də deyən yoxdu ki, görmüşük xalqın evinə girdin, çörəyini kəsdin, salam verdin, sən onun əmanətinə xəyanət etməli deyilsən. Amma nə baş verir? Gedib evində çörəyini yeyir, sonra da arvadını yoldan çıxarmağa başlayır. Qadın da, ola bilsin ərindən xoş sözlər eşitmir, soyuqluq görür və ona elə gəlir ki, doğrudan da xoşbəxt olacaq, lakin fərqli situasiyaya düşür. Yalnız qadınları yox, qarşı tərəfi də qınamaq lazımdır. Əvvəllər bunu edənlərə "biqeyrət” deyərdilər. Amma indi qınaq obyektləri fərqlidir. Bir çox hallarda qadına yönəlik olur, o kişiyə söz demirlər. Bu, bərabər olmalıdır, hər iki tərəf qınanmalıdır. 

- Qadın qınaq obyektinə çevirənlər də əksər hallarda yenə qadınlar olur. Sizcə bu nədən qaynaqlanır?

- Burda qoruma instinkti var. Qınayan qadın "bax , mən yaxşıyam”, "mən onun kimi deyiləm” mesajını verir. Amma biz o qadının həmin situasiyada necə olacağını bilmirik. Ya da öz ailəsində problemlər var və bir növ özünü müdafiə etməyə çalışır. Bir qadın başqa qadını qınayırsa, deməli orada nəsə başqa problem var.  Qadın birliyi quranlar olur, amma təqdim edənlər yoxdur. Bu, cinslərarası konflikti həmişə gündəmdə saxlamaq istəyidir. İnsanlar başa düşməlidir ki, cinslərarası müharibə olmamalıdır. Hər ikisi cəmiyyət üçün gərəklidir. Tərəzinin bir gözü boş olsa, necə olar?  Dəyərlər sistemi möhkəm olanda, orda dostluq xüsusi əhəmiyyət kəsb edir. Məsələn, mənim 30-40 illik kişi dostlarım var. Düzdür, gündə görüşmürük, amma istənilən halda, zəng vursam, dərhal yanımdadırlar. 
 

 
- Amma bir qism şəxslər qadın və kişi dostluğunu qəbul etmir, hətta inkar edirlər.

- Yanlış fikirdir. Mənim də tanıdığım bəzi qadınların illərlə dostluq etdikləri kişilər var, bir-biriləni ailəvi tanıyırlar. Bəzi hallarda həyat yoldaşı tərəfindən bu, fərqli qarşılana bilər. Məsələn, mənim bir normam var idi – evli adamların evinə getmirdim. Qarşı tərəfə hörmət edirdim. Başa düşürdüm ki, qadında qısqanclıq hissi yarana bilər. Bu baxımdan öz normalarımı bu günə qədər saxlayıram. Rəfiqəm nə qədər mənə əziz olsa da, evli adamın evinə gedib narahatlıq yaratmaram. 

- Feminizm məsələsinə toxunmaq istəyirəm.  Mühafizəkar cəmiyyətlərdə feminizm anlayışı birmənalı qarşılanmır. Bəzi insanlar bu ideologiyanın gənc qızların əxlaqını pozduğunu düşünürlər. 

- Bu yanlışdır. Ümumiyyətlə, bir ölkənin Konstitusiyasında feminizminin elementi olan bərabərlik maddəsi varsa, ondan qorxmaq lazım deyil. Feminizm qorxulu deyil, müxtəlif qolları var. Kişi-qadın bərabərliyi Konstitusiyamızın qaydasıdır və bunu norma kimi qəbul etməliyik. Feminizmin radikal qolu da var, məxməri də, çəhrayı da, marksis və başqa qolları da. Amma biz qadın-kişi bərabərliyini rəhbər tuturuq və bundan da qorxmuruq. Ola bilsin, radikal qol siyasi məqsədlər üçündür. Türk xalqında bərabərlik həmişə olub. Ziya Göyalpın "Türkçülüyün əsasları” kitabında da qeyd olunub ki, feminizm və demokratiya türkçülüyün əsas prinsiplərindən biridir. 

- Feministlər həm də çox qınanılan qrupdur. Xüsusilə də, keçirilən aksiyalar, ordakı şüarlar və s. Bu aksiyalar sizi qane edirmi?
 
- Aksiyalara pis baxmaq lazım deyil. Məsələn,  qadınların öldürüldüyünü görürsənsə, bəli, buna bütün qadın təşkilatları qoşulmalıdır. Amma ora çıxan şüarlar fərqli olanda, sənin mübarizənə uyğun olmayanda, təbii ki, bir az çəkinirsən. Lakin qadınların döyülməsini, öldürülməsini heç kim istəməz. Mən də o qədər aksiya keçirmişəm ki.  Yəni baxır hansı formada edilir. Heç kimi qınaya bilmərəm, hərənin öz yolu var. Onlar düşmən deyillər axı, sadəcə olaraq baxışları bir az fərqlidir, kəskindir. Bəlkə kimlərsə qəsdən elə şüarlar çıxarıb. Bunu dəqiq demək olmur. Bəziləri doğrudan da aqressivdir, cəmiyyət tərəfindən linç olunur. Özləri bilərəkdən belə edirlər ki, diqqət cəlb etsinlər. Bu, düzgün yanaşma deyil.   Aqressiv  sözlərlə, cəmiyyətin əksinə gedən fikirlərlə, yaxud dəyərlər sistemini parçalayan düşüncələrlə nəsə əldə etmək çətindir. Hər halda başqalarının hislərinə hörmətlə yanaşmalıyıq. Mən qorxmaq lazım olduğunu demirəm, fikirlərini bəyan et, amma onu normal , düzgün ifadə et. 

- Səhv etmirəmsə, 20 ildən çoxdur ki, qadın hüquqlarının müdafiəsi ilə məşğulsunuz. Yəqin az da təhdid edilməmisiniz. Maraqlıdır, işiniz sizə və ya ailə üzvlərinizə problem yaradıbmı və ya zərər veribmi?

- Hədələr olur. Hazırda bir nəfər məndən bütün dövlət qurumlarına şikayət yazıb, bəlkə bir Müdafiə Nazirliyi qalıb. Həmin şəxs iddia edir ki, həyat yoldaşını zorla sığınacaqda tuturam, uşaqlarını girov saxlayıram, diləndirirəm və s. Yaxud məni izləyən də olub. Problem məndə deyil, mən kimisə zorla evindən çıxarmıram, ya da ayrılmasına vəsilə olmuram. Mən də insanam, robot deyiləm ki. Təbii ki, bütün bu hallar iş prosesinə təsir göstərə bilər, gərgin olarsan, ruhdan düşərsən. Bəzi şeylər var ki, mənə çox toxunur, qəlbimə dəyir. Ola bilər, heç kim görməsin deyə qırağa çəkilib qapanaram. Bu o demək deyil ki, məni sındırmaq olar, bu, bir az çətindir. Ümumiyyətlə, etdiyim heç nəyə görə peşman deyiləm. Çünki kiminsə evini yıxmıram, pislik etmirəm, mən çətin vəziyyətdə olan, heç kimin dinləmədiyi insanlara dəstək oluram.

- Ötən il buna oxşar problem yaşamışdınız. Yazıçı Kəramət Böyükçölün sizi təhqir etdiyini deyib onu məhkəməyə vermişdiniz. Maraqlıdır, aranızdakı buzlar əridimi?

- Xeyr. Məhkəməyə verdim və Kəramət Böyükçölə min manat cərimə kəsdilər. Sadəcə olaraq, guya apellyasiya məhkəməsinə də müraciət edəcək, onu gözləyir. O, həddini çox aşmışdı, ona görə də məhkəməyə verdim, qazandım. Sona kimi davam edəcəm. Bu məsələ ilə bağlı doğrudan heç bir prosesdə iştirakım olmamışdı. Mən onun nə yoldaşını tanıyırdım, nə evinə gedib gəlmişəm, o xanıma hansısa formada təsir edəcək adam deyiləm. O şəxs özünü ağıllı adam, ölkədə məşhur hesab edirdi, yəni araşdırma imkanları var idi. Bir centlmen kimi hərəkət edib üzr istəyərdi, mən də heç məhkəməyə verməzdim. Bunu da etmirsə və etdiyi səhvi davam etdirirsə, təbii, mən də öz adımı qorumalıyam. Onsuz da Kəramətin ödəyəcəyi pulu hansısa fonda köçürəcəyəm. Amma simvolik olaraq bu onu göstərir ki, həqiqətən də onun hərəkətlərində, əməlində cəzalanmaq üçün əsas var idi.
 


- Maraqlıdır, kişilərin hüquqlarını müdafiə etdiyiniz məqamlar olubmu?

- Bəzi adamlar elə bilirlər ki, qadın hüquqlarını müdafiə edən qadınlar kişilərə nifrət edir və ya onları əskik hesab edir. Mən əksinə, çox istəyirəm ki, kişilər nüfuzlu, güclü olsunlar. Amma bu güc yumruqla olmasın. Sevgi ilə insan hər şeyi edər, onlar bunu dərk etmirlər, bilsələr, heç gücə ehtiyac olmaz. Həyat yoldaşlarını diqqətlə özlərinə o qədər bağlayarlar ki, qadın bir saniyə ondan ayrılmaz və bütün dediklərini edər. İnsan belədir. Amma mən yenə də Azərbaycan kişisinin aşağılanmasını qəbul etmirəm. Heç vaxt hansısa kişini təhqir etməmişəm və etmərəm də. Çünki heç bir cinsi nüfuzdan salmaq olmaz. Ələxsus da Azərbaycan kişisini. Hər halda, onlar igidlik rəmzidirlər. Amma onlar da özlərini igid görməlidirlər.

- Bəs sığınacağa müraciət edən kişilər olubmu?

- Dünən qapımızı bir nəfər döymüşdü. Amma biz 12 yaşdan yuxarı oğlan qəbul etmirik. Olub ki, ər-arvadı imkansız olduqlarına görə bir gecəlik saxlamışıq. Müraciət edənlərin də adətən qalmağa yerləri olmur deyə bizə üz tuturlar. Lakin psixoloji dəstək veririk.

- Zorakılığa məruz qalan kişilərin də sayı artıbmı?

- Mən hər zaman deyirəm, bizim ənənəvi bir davranışımız var: deyinmək. Bu, psixoloji zorakılıqdır. Onu heç kim nəzərə almır və kişilər də çox hallarda başını götürüb qaçırlar. Kişiləri çox ittiham edirik, onun imkanları ilə razışlaşmırıq. Bizim gözümüzdə kişi marketdir, maqazindir, maddi şeylərdir. Amma kişi də hədsiz yüklənir və bacarmadıqlarını etiraf etməkdən qorxur. O obrazı itirmək istəmir. Halbuki insanlar bir-biriləri ilə oturub rahat söhbət edə bilərlər ki, bax, alınmır məndə. Qarşı tərəf də dəstək verə bilər. Kişi streotipləri kənara qoyub etiraf etsə ki, gücüm çatmır, çətindir, əlimdən gəlmir, həyat yoldaşı onun yanında olacaq. Ancaq əksini müşahidə edirik. İnsan ailədə də, cəmiyyətdə də rahat olmalı, fikrini ifadə etməyi bacarmalıdır. Qarşı tərəf də bundan sui-istifadə etməməlidir. Məsələn, mən heç vaxt "sən necə kişisən?” kimi ifadələrdən istifadəyə yol verməmişəm. Nnə oğluma, nə başqa birinə qarşı. Belə ifadələrin qəti əleyhinəyəm, şəxsiyyəti aşağılamaq olmaz.

Söhbətləşdi: Günay Rəsulqızı
Fotolar: Nuh Tarverdiyev



OXŞAR XƏBƏRLƏR

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

ARDNF: "Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir"

Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktorunun müşaviri Bəhruz Bəhramov "Report”a müsahibə verib: Sfera.az sözügedən müsahibəni təqdim edir: - Dün...

“Heç kəs deyə bilməz ki, Surxayın ata-anasının yasına pul vermişəm” – Hacı Surxay Məmmədli ilə MÜSAHİBƏ

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli Sfera.az-a müsahibə verib.   Müsahib Ramazan ayının başlanma və bitmə tarixi,...

“Kəramət Böyükçöl həddini aşmışdı, ödəyəcəyi pulu...” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır. Müsahibimiz əməkdaşımızla söhbətləşərkən şiddə...

“İldə bir dəfə 40 günlük çəkilişdə olsam, mənə ilyarım bəs edir” - Məşhur aktyorla VİDEOMÜSAHİBƏ

Sfera.az saytının bu dəfəki qonağı aktyor, dramaturq Kamran Ağabalayevdir. Adətən səmimi fikirləri, açıqsözlülüyü ilə seçilən müsahibimiz əməkdaşımızla sö...