İlham Əliyev və xanımı Füzuliyə getdi

İlham Əliyev və xanımı Füzuliyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuli rayonuna səfər ediblər.
 
Sfera.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
 
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verdi.
 
Bildirildi ki, Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası da quraşdırılacaq. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaq.
 
Dövlətimizin başçısı Füzuli şəhər Peşə Liseyinin təməlini qoydu.
 
Qeyd edək ki, XXI əsrin çağırışlarına və yeni trendlərinə müvafiq olaraq ölkəmizdə təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Füzuli şəhərində Peşə Liseyinin təməlinin qoyulması da bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Lisey ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq.

Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına əhəmiyyətli təsir göstərir. Prezident İlham Əliyevin 2016-cı il aprelin 20-də imzaladığı Fərmanla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ölkəmizdə peşə təhsilinin səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması baxımından mühüm addım oldu. İki il əvvəl Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktların qəbul olunması, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması da Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir.
 
***

İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələri aradan qaldırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuliyə səfərləri çərçivəsində şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkiblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev dövlətimizin başçısına və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verdi.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə, digər quruculuq işləri kimi, ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. İşğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin bərpası məqsədilə ağacəkmə tədbirləri davam etdirilir.
 
İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Füzuli rayonunu da əhatə edir. Füzulidə yeni yaradılacaq park kompleksi də şəhərdə ekoloji tarazlığın qorunması işinə mühüm töhfə verəcək.
 
***
 
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.
 
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüləcək işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
 
Bildirildi ki, bu tibb müəssisəsində əsasən üç bölmənin – inzibati, stasionar və ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulub. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada, həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaq. Ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

Prezident İlham Əliyev xəstəxananın təməlini qoydu.

Məlumat verildi ki, müalicə ocağı maqnit rezonans tomoqrafiya və digər ən müasir tibbi avadanlıqla təmin olunacaq. Xəstəxana binasının zirzəmisi zəruri hallarda sığınacaq və hərbi hospital təyinatına malik strukturda inşa ediləcək.

Qeyd edək ki, gələcəkdə Füzuli rayonunda digər səhiyyə müəssisələrinin də tikintisi nəzərdə tutulub. Belə ki, rayonda Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası (hər növbədə 4 briqada olmaqla), Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası da inşa ediləcək.
Bu ilin fevralında Ağdamda, indi isə Füzuli rayonunda ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşası işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindən biridir. İşğaldan azad edilən ərazilərdə tibbi xidmətlərin təşkili işləri sürətlə həyata keçirilir. Fizuli Rayon Mərkəzi Xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində mühüm infrastruktur layihələrindən biridir. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Son illərdə ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr respublikanın bütün bölgələrini əhatə edir. Yeni tibb müəssisələrinin ən son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunması ölkəmizin ümumi inkişafının göstəricisidir. İstər infrastruktur, istər tibbi sığorta sisteminin tətbiqi, istərsə də digər inzibati tədbirlər həm də sosial siyasətdə mühüm yer tutan səhiyyə islahatlarının uğurla və məqsədyönlü şəkildə davam etdirildiyini təsdiqləyir.
 
***
 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...